Məhkəmə qərarları › İş №2-1(105)-979/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-979/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-979/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3045/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. B№ ********* nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1982-1983-cü illərdə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984cü il tarixdə Azərbaycan Boruyayma zavodunun Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə həmin sexdə qatar tərtibçisi peşəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə həmin sexdə lokomotiv maşinistinin köməkçisi peşəsinə keçirilmiş və xx.xx.2003-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası, T2 kartı və əmək haqqı barədə şəxsi hesab vərəqəsi. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nm 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000-18726) və “teplovozlarda maşinist köməkçiləri” - (23001000-16878) peşələri ilə uyğundur Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının nəqliyyat bölməsinin (XXVİİİ) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (********) 23001000-18726 kodu üzrə qatar tərtibçiləri, 23001000— 16878 kodu üzrə teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən "xxxx" ASC-nin 28 avqust 2023-cü il tarixli arayışından iddiaçının xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, qatar tərtibçisi və lokomotiv maşinistinin köməkçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi dəmiryol nəqliyyatı sahəsinə aid deyildir. Eyni zamanda sözügedən arayışda sizin xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğunuz qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğunuz ümumilikdə 5 il 9 ay 2 gün müddətini iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlüdür. Hal-hazırda “X3” QSCdə işləyir. xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-Ə-298080/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi sahənin, yəni "Azərboru ”ASC-nin Dəmiryolu (Nəqliyyat) sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Dəmiryol nəqliyyatı sahəsinə aid olmaması göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, əmək kitabçasından (HT-İ № 1231336) da göründüyü kimi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş (hərbi bilet H3 № 4255460); (2 il 1 ay 11 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 2 saylı orta texniki peşə məktəbində təhsil almış (diplom B № 673191); (10 ay 11 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi (10 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Boruyayma zavodunun Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həmin sexdə qatar tərtibçisi, xx.xx.1985ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin sexdə lokomotiv maşinistinin köməkçisi (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuş) (cəmi güzəştli stajl 13 il 16 gün təşkil edir), xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı (1 ay 8 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də maşinist, usta, növbə ustası vəzifələrində işləmiş (7 il 10 ay 1 gün), xx.xx.2014-cü il tarixdən hal-hazıradək “X3” QSC-də oksigen operatoru işləyir. Azərbaycan Boruyayma zavodunda (halhazırda "xxxx" ASC) işlədiyi peşələr "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AZB 01/206 saylı arayışına əsasən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000-18726) və “teplovozlarda maşinist köməkçiləri” - (23001000-16878) peşələrinə uyğun olmaqla ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Onun işlədiyi sahə, yəni Metallurgiya istehsalı (qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda həmin sahənin Dəmiryol sexindəki fəaliyyət dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, zavodun Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə illərdir ki, müəssisənin Dəmir yolu sexində iddiaçı ilə eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənilir Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1961-ci il tarixdə anadan olduğunu və 32 il 7 ay 8 gün ümumi, 13 il 16 gün isə güzəştli iş stajının olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə xx.xx.2023-cü iltarixdə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-298080/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının olmaması göstərilmişdir. Bundan narazı qalan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının nəqliyyat bölməsinin (XXVİİİ) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (********) 23001000—18726 kodu üzrə qatar tərtibçiləri, 23001000—16878 kodu üzrə teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən "xxxx" ASCnin 28 avqust 2023-cü il tarixli arayışından iddiaçının xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, qatar tərtibçisi və lokomotiv maşinistinin köməkçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi dəmiryol nəqliyyatı sahəsinə aid deyildir. Hazırki işlə bağlı "xxxx" ASC fəaliyyət sahəsinə aid olmayan iş barəsində İddiaçı güzəştli arayış vermiş, həmçinin iddiaçı tərəfindən cavabdehə ilkin müraciət zamanı əmək funksiyasını təsdiqləyəcək vəzifə təlimatları və s. təqdim edilməmişdir. Göstərilən səbəblərə əsasən İddiaçı güzəştli is stajı yoxdur. Eyni zamanda sözügedən arayışda onun xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu da qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3045/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Bununla yanaşı 13 may 2022-ci il tarixli, 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və həmin dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984xx.xx.2003-cü il tarixlərdə "xxxx" ASC-də Dəmiryol sexində Qatar tərtibatçısının köməkçisi, Qatar tərtibatçısı və lokomotiv maşinistinin köməkçisi vəzifələrində işləmişdir, həmin müəssisənin fəaliyyət sahəsi dəmiryol nəqliyyatı sahəsinə aid deyil, habelə xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuş, bu səbəbdən ümumilikdə 5 il 9 ay 2 gün ümumi iş stajına daxil etmək mümkün deyil, güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) pensiya yaş həddinin tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, xx.xx.2021-ci tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə mübahisələndirdiyi hal yalnız qanunla tələb olunan güzəştli iş stajına malik olmaması ilə bağlı hal olmuş, əsas kimi isə müəssisənin fəaliyyət sahəsinin güzəştli pensiya hüququ verən müvafiq Siyahı üzrə müəyyən edilmiş Dəmiryolu nəqliyyatı sahəsinə aid olmaması halına istinad edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı qanunla tələb olunan azı 25 il ümumi stajına malik olmuşdur, bu hal iş materiallarında olan əmək kitabçası, hərbi bilet, diplom və digər sənədlər əsasında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrdə (xx.xx.1984-xx.xx.2003-cü il tarixlərdə) işlədiyi peşələr qatar tərtibatçısı, lokomotiv maşinistinin köməkçisi peşəsindən ibarət olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı barəsində işəgötürən tərəfindən güzəştli iş stajına dair arayış verilmiş, arayışın məzmununda iddiaçının işlədiyi həmin peşələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” – (23001000-18726) və “teplovozlarda maşinist köməkçiləri”-(23001000- 16878) peşələri ilə uyğun olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının qanunla tələb olunan həddə güzəştli iş stajına malik olması halı (ödənizşsiz məzuniyyətdə olduğu dövr daxil edilmədikdə belə) iş materialları əsasında öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin müəssisənin fəaliyyət sahəsinə dair istinad etdiyi dəlillərlə bağlı qeyd edir ki, həmin hissədə işin halları birinci instansiya məhkəməsi tərəfindən həm qanunvericilik normasının tələbi baxımından, həm də formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq ətraflı dəyərləndirilmiş, düzgün hüquqi qiymət verilmişdir. İndiki halda cavabdehin apellyasiya şikayətinin dəlilləri imtina və etirazın dəlilləri ilə eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası həmin dəyərləndirməni kifayət hesab edərək, təkrar olaraq, həmin halların qeyd edilməsini zəruri hesab etmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina, etiraz və şikayətin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının iddia tələbi məhz 29 iyun 2022-ci il tarixdən pensiya təyin edilməsi ilə bağlı olduğundan və həmin dövrdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyinin tələbinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti nəzərdə tutulmadığından, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3045/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar