Məhkəmə qərarları › İş №2-1(105)-98/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-98/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-98/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3rşı cavabdehin xx xxxx 2018-ci il tarixli, M-17139/03-24 saylı məktubunun qanunsuz hesab edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)-135/2019 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 10-xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2018-ci il tarixli, M17139/03-24 saylı məktubunun qanunsuz hesab edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməi barədə ərizə verərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi vardır. İddiaçı torpaq sahəsinin üzərində Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2008-ci il tarixli, 318 nömrəli sərəncamı ilə 1158 kv.m sahəsi olan ticarət obyekti inşa etmişdir. Tikinti işlərini yekunlaşdırdıqdan sonra xx xxxxxx 2011-ci il tarixdə binanın istismara qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt tərtib edilmiş, həmin vaxtdan tikili ticarət obyekti kimi fəaliyyətə başlayaraq vətəndaşlara xidmət göstərməkdədir. İddiaçı inşa edilmiş bina üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınması və çıxarışın verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X7 müraciət etmiş, lakin ona xx xxxx 2018-ci il tarixli məktub ilə imtina cavabı verilmişdir. Belə ki, cavabdeh torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olduğu halda üzərində qeyri-yaşayış obyektinin inşa edildiyi, binanın tikintialtısının 103.0 kv m hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyini qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən heç bir torpaq sahəsi zəbt edilməmiş və binanı icazəsiz inşa etməmişdir. Tikili mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinin üzərində yerləşməklə şəhərsalma və tikinti normaları, qaydalarına uyğun inşa edilmişdir. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair təqdim edilən sənədlərin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, müayinə zamanı torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olduğu halda, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyri-yaşayışobyektinin inşa edildiyi, qeyri-yaşayış binasının tikintialtısının 103.0 kv metr hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşdiyi aşkar edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)- 135/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində, əlavə 78.82 kv m torpaq sahəsində yerləşən hissəsi istisna olmaqla, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X4 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsinin elan olunması xx xxxxxx 2020-ci il tarixə, saat 10:25-ə təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yekun qərarını ekspert rəyləri ilə əsaslandırmış, lakin nəzərə almamışdır ki, işin faktiki hallarına əsasən sözügedən ərazidə heç bir zəbt faktı mövcud olmamışdır. Öz mülkiyyətində olan və DƏDRX tərəfindən verilmiş 0.12 ha torpaq sahəsində tikinti işləri aparmış və bu zaman heç bir qanun pozuntusuna yol verməmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, eyni cərgədə inşa edilmiş qonşu obyektlərlə mübahisəli qeyri-yaşayış sahəsi avtomobil yolundan eyni məsafədə (cizgidə) yerləşir. Çıxıntıların olması mülkiyyətinin yarımçıq qeydə alınmasına əsas verə bilməz. Bu hal gözlə görünəcək dərəcədə deyil, heç kimə maneçilik törətmir və hüquqlarını məhdudlaşdırmır. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı binanı istismara qəbul etmiş və heç bir qanun pozuntusuna yol verilmədiyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, qeyriyaşayış sahəsi uzun müddətdir ki, fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 173-cü maddəsinə görə başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair təqdim edilən sənədlərin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda müayinə zamanı torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olduğu halda, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyri-yaşayış obyektinin inşa edildiyi, qeyri-yaşayış binasının tikinti altısının 103.0 kv metr hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyi aşkar edilmişdir. Bundan başqa, 0,0120 ha torpaq sahəsinin zəbt edildiyi və torpaq sahəsinin üzərində icazəsiz tikililərin olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin şikayətinin heç bir əsası yoxdur. Qeyri-yaşayış sahəsi 12 sot torpaq sahəsində yerləşir. 103 kv.m istisna olmaqla, qalan hissəyə çıxarış verilməli idi. Cavabdeh imtina etməklə vətəndaşa qarşı süründürməçiliklə məşğul olur. Reyestr Xidməti özü torpaq sahəsini vətəndaşa təhvil vermiş, o da həmin yerdə tikili inşa etmişdir. Torpaq sahəsinin zəbt olunması ilə bağlı iddiaçının vəkili bildirdi ki, torpaq sahəsinə baxış keçirilən zaman orada iştirak etmişdir, gözlə görüləcək zəbt faktı yoxdur və o da görünür ki, həmin ərazidə hamının eyni torpaq sahəsi vardır, fotogörüntülərdə də çıxıntılar yoxdur. Mütəxəssisdən çıxıntıların hansı hissədə olmasını soruşduqda, kompyuterdə baxdıqdan sonra deyəcəyini bildirmiş, iki ay sonra isə zəbt olunma barədə rəy verilmişdir. Sonda iddiaçının vəkili iddiaçının apelyasiya şikayətinin təmin edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini, cavabdehin apelyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşdan görünür ki, Abşeron rayon Mehdiabad qəsəsbəsi ərazisində 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 735 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 4 saylı X9 tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.12 ha ölçüdə torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinə yerquruluşu planından çıxarış verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 318 saylı xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Abşeron rayon Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə əsasən Abşeron rayon Mehdiabad qəsəbəsində həyətyanı sahədə qanuna müvafiq qaydada ticarət obyektinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilmir. xx.xx.2011-ci il tarixli qeyri- dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında aktdan görünür ki, İddiaçı tərəfindən inşası başa çatmış Mehdiabad qəsəbəsində yerləşən ticarət obyekti istifadəyə qəbula təqim edilmiş və binanın tikintisi onun tərəfindən layihəyə uyğun özünü maliyyələşdirmə şəklində yerinə yetirilmiş və bina istismara qəbul edilmişdir. Cavabdeh DƏDRX-nin 4 saylı X5 iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, sözügedən qeyri-yaşayış binasının 103.0 kv m hissəsinin zəbt edilmiş torpaq sahəsində inşa edildiyi, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olduğu halda, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyri-yaşayış obyektinin tikildiyi müəyyən edildiyindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinasının dəlillərinin yoxlanılması məqsədi ilə məhkəmənin xx.xx.12018-ci il tarixli qərardadı ilə iş üzrə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmin Xidmət tərəfinədn verilmiş rəydən görünür ki, İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi kateqoriyasına aiddir. Sözügedən qeyri-yaşayış sahəsinin 255 kv.m hissəsi reyestr nömrəi **********59 çıxarış və plan və ölçü sənədinin koordinatları ilə üst-üstə düşür, 115 kv.m hissəsi isə reyestr nömrəsi **********59 çıxarış və plan-ölçü sənədindən kənarda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə yerləşir. Cavabdeh DƏDRX-nin 4 saylı X9 **********54 saylı xx.xx.2019-cu il tarixli məktubunda isə qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin 0,0034 ha hissəsi mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Yaranmış ziddiyyətin aradan qalırılması zərurəti yarandığından məhkəmə təkrar mütəxəssis rəyinin alınması üçün “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət etmişdir. İş üzrə “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növü həyətyanı olmaqla kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Qeyri-yaşayış sahəsinin 285.6 kv m (yəni 1-ci mərtəbəsi tam olaraq) hissəsi **********59 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri çərçivəsində yerləşir. Qeyri-yaşayış binasının ikinci mərtbəsindən başlayaraq obyektin ön hissəsində 46.6 kv.m təşkil edən çıxıntı, həmin çıxıntının altında yerləşən 18.46 kv m-dən ibarət zirzəmiyə girişin bir hissəsi və çıxıntının altında olmayan 32.22 kv m-dən ibarət zirzəmiyə girişin digər hissəsi bələdiyyə torpağının üzərində yerləşir. Qeyri-yaşayış binasının zəbt olunmuş torpaq sahəsi üzərində ümumi sahəsi 78.82 kv m təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən son mütəxəssis rəyinə əsalanmış və 78.82 kv m istisna olmaqla qeyri-yaşayış sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hımin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kollegiya ilk növbədə iddiaçının apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin etirazda istinad etdiyi halların aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyləri alınmış və son rəyə əsaslanmaqla məhkəmə iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh imtina məktubunda və apelyasiya şikayətində torpaq sahəsinin təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyriyaşayış obyektinin tikilməsinə istinad etmişdir. İş materiallarında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 318 saylı xx.xx.2008-ci il tarixli sərəncamı mövcuddur ki, həmin sərəncamla İddiaçı Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bundan başqa, Abşeron rayon Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə əsasən Abşeron rayon Mehdiabad qəsəbəsində həyətyanı sahədə qanuna müvafiq qaydada ticarət obyektinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilməmişdir. Binanın istismara qəbul edilməsi haqqında aktdan isə görünür ki, İddiaçı tərəfindən inşası başa çatmış Mehdiabad qəsəbəsində yerləşən ticarət obyekti istismara qəbul edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya məlum sərəncamla torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmiş və həmin sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Həmin sərəncamla ticarət obyektinin tikintisinə icazə verilmiş və iddiaçı da ona əsaslanaraq özünə məxsus torpaq sahəsində ticarət obyekti tikmişdir. Bu səbəbdən torpaq sahəsinin təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyri-yaşayış obyektinin tikilməsinə dair cavabdehin dəlili əsassızdır. Apelyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın imtinası qismən əsaslı olduğu üçün iddia qismən təmin olunmuşdur. Belə ki, cavabdeh imtinasında qeyri-yaşayış obyektinin inşa edildiyi, qeyri-yaşayış binasının tikinti altısının 103.0 kv metr hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyinin aşkar edildiyini, bundan başqa, 0,0120 ha torpaq sahəsinin zəbt edildiyini və torpaq sahəsinin üzərində icazəsiz tikililərin olduğunu qeyd etmişdir. İş üzrə alınmış mütəxəssis rəylərindən görünür ki, qeyri-yaşayış sahəsi inşa edilərkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarından kənaraçıxmalar müəyyən edilmiş və bələdiyyə torpağına müdaxilə edilmişdir. Son alınmış mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin 285.6 kv m (yəni 1-ci mərtəbəsi tam olaraq) hissəsi **********59 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri çərçivəsində yerləşir. Qeyri-yaşayış binasının ikinci mərtbəsindən başlayaraq obyektin ön hissəsində 46.6 kv.m təşkil edən çıxıntı, həmin çıxıntının altında yerləşən 18.46 kv m-dən ibarət zirzəmiyə girişin bir hissəsi və çıxıntının altında olmayan 32.22 kv m-dən ibarət zirzəmiyə girişin digər hissəsi bələdiyyə torpağının üzərində yerləşir. Qeyri-yaşayış binasının zəbt olunmuş torpaq sahəsi üzərində ümumi sahəsi 78.82 kv m təşkil edir. Məhkəmə həmin rəyə əsaslanmaqla, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, 78.82 kv m hissə istisna olmaqla göstərilən qeyri-yaşayış binasının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi əmlak üzərində iddiaçının sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Mütəxəssis rəyi ilə iddiaçı tərəfindən edilmiş kənaraçıxma, torpağa müdaxilə faktı müəyyən edildiyindən və məhkəmə qərarı ilə həmin rəyə əsaslanmaqla iddia qismən təmin olunduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat və inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Lakin iş materiallarına əlavə olunmuş cavabdeh DƏDRX-nin 4 saylı X5 **********81 saylı xx.xx.2018-ci il tarixli imtina məktubundan göründüyü kimi, orada yazılı inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)- 135/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar