Məhkəmə qərarları › İş №2-1(105)-98/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-98/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-98/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X7 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 190 №-li qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına 0,12 ha torpaq sahəsini və bundan əlavə 0,12 ha torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 190 №-li qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına 0,12 ha torpaq sahəsini və bundan əlavə 0,12 ha torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-184/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-333/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-184/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 Azərbaycan SSR Nazirlər Sovetinin xx xxx 1988-ci il tarixli 190 №-li qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0,12 ha torpaq sahəsi ölçülüb təhkim edilmişdir. Ondan əlavə, iddiaçıya da 0,12 ha torpaq sahəsi ayrılmışdır. Buna dair Sündü kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərüftbaşına kitabın 129-cu səhifəsində qeydiyyat aparılmışdır. İddiaçı bildirmişdir ki, 2017-ci ilin aprel ayına qədər həmin torpaq sahəsində əkin sahəsi kimi istifadə edərək noxud əkmişdir. Hətta əkin sahəsinə dəmir tordan çəpər çəkmişdir. Çəpərin kənarlarında iyirmidən çox meyvə ağacları əkmişdir. 8x4-ə bir otaqlı tikili də var idi. Lakin, 2017-ci ilin iyun ayında Sündü kənd bələdiyyəsinin sədri X8, X4 və X9 qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsindəki çəpəri sökmüşdürlər. Həmin sahəni Sündü kənd bələdiyyəsinin sədri X8 qanunsuz olaraq başqa şəxsə satmışdır. İddiaçı qeyd etmişdir ki, özü 30 ildən çoxdur ki, dövlətə xidmət edir. Ailəlidir və dörd övladı var. Bir oğlu hazırda hərbi xidmətdədir. Belə ki, xx.xx.2018-ci il tarixində Qobustan rayonu Sündü kənd Bələdiyyəsinə müraciət etməsinə baxmayaraq indiyə qədər müraciətinə cavab verilməmişdir. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə şifahi vəsatət qaldırmışdır ki, mübahisələndirilən torpaqların koordinatlarını müəyyən etmək üçün xüsusi biliyə malik ekspertlər və üçüncü şəxs qismində X5 işə cəlb olunsun. Azərbaycan SSR Nazirlər Sovetinin xx xxx 1988-ci il tarixli 190 nömrəli qərarına əsasən ona və atasına verilən torpaq sahələrinə dair arxiv sənədləri mövcuddur və məhkəməyə təqdim etmişdir. Qərar maddi və prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci bəndinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin qanunun 11-ci maddəsinə əsasən, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Qanunun 25-ci maddəsində müəyyən edilmiş keçid müddəalarına əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Qobustan rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli 22 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.14 ha torpaq sahəsi ayrılıb, JN: 00xx xxx 30700038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Aqrar islahat zamanı vətəndaşların qanuni istifadələrində olan torpaq sahələrinin müvafiq aqrar islahat komissiyasının qərarına əsasən dövlət qeydiyyatı aparılsa da iddiaçının yuxarıda qeyd olunan hüquqdan başqa hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmamışdır. Mübahisə edilən torpaq sahəsindən isə 0.1 ha xx xxxxxx 2017-ci ildə Qobustan rayon Sündü Bələdiyyəsi tərəfindən X1, həmin şəxsin dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırkı halda, iddiaçı mübahisəli torpaq sahəsinin ona təhvil verilməsinin Qobustan rayonu Sündü kənd Bələdiyyəsinə həvalə edilməsini xahiş edir ki, həmin torpaq sahəsinin 0.1 ha hissəsi X2 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, bələdiyyələr onların mülkiyyətində olan torpaq sahələrinin qanunvericilikdə göstərilməyən əsaslarla digər şəxsin istifadəsinə verməsi qanunsuzdur və bu da iddianın təmin edilməsini istisna edir. İddiaçının 1997-ci ildə aqrar islahat aparılan zaman onun hüquqlarının düzgün qeydə alınmasını tələb etmək imkanı olmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, atası X6 Azərbaycan SSR Nazirlər Sovetinin xx xxx 1988-ci il tarixli 190 №-li qərarına əsasən Sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0,12 ha torpaq sahəsi ölçülüb təhkim edilmişdir. Ondan əlavə iddiaçıya da 0,12 ha torpaq sahəsi ayrılmışdır. Lakin bu halı təsdiq edən arxiv sənədləri mövcud deyil. İddiaçıya və onun atasına torpaq sahəsinin ayrılması və aqrar islahat aparılan zaman həmin sahələrin nəzərə alınmamasını iddiaçı sübut etdiyi halda isə, həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edilə bilər. Aqrar islahat zamanı özəlləşdirilməyən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi satılması bu hüquq müdafiə vasitəsini də istisna edir. Bu halda iddiaçı bələdiyyənin satdığı torpaq sahəsinin aqrar islahat aparılan zaman onun qanuni istifadəsində olduğunu və aqrar islahat aparılan zaman onun hüquqlarının pozulduğunu sübut edərək, həmin torpaqla bağlı aparılmış bələdiyyə qərarlarını mübahisələndirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına istinad edərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin mübahisələndirilən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi və Ş.Mikayılovanın üçüncü şəxs qismində işə cəlb edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinə konkret hansı şəxs və ya şəxslər tərəfindən müdaxilə edildiyini müəyyən edərək həmin şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə, torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi barədə hüquqmüəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirə bilər. Hazırkı iddia tələbi bələdiyyəyə qarşı torpaq sahəsinin təhvil verilməsi barədədir ki, həmin torpaq sahəsi başqa şəxsin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar