Məhkəmə qərarları › İş №2-1(105)-98/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-98/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-98/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “onun təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-987/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək onun təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh 01 noyabr 2021-ci il tarixli, 7/505 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayından X6 tərəfindən (COVİD-19 xəstəliyi) dünyada pandemiya elan edilmişdir. İclasların (pandemiya səbəbindən Şura iclasları keçirilmədiyi üçün) keçirilməsi ilə bağlı icazə olarsa, ayrı təsərrüfat olmaqla bağlı müraciətinə müvafiq qaydada baxılacaqdır. Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi vəzifəsinin Cavabdeh başçısının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 fevral 1996-cı il tarixdə X8 ilə rəsmi nikahı daxil olmuş, onların birgə rəsmi nikahlarından X3, X9, X4 və X10 anadan olmuşlar. Yasamal Rayon Məhkəməsinin 31 mart 2008-ci il tarixli 2(004)-1065/08 nömrəli qətnaməsi ilə X8 ilə rəsmi nikahları ləğv olunmuşdur. P.H.Məmmədov ilə rəsmi nikaha daxil olduğu müddətdən iddiaçının atası X11 ilə ayrı təsərrüfat aparmışlar, hal-hazırda təsərrüfatları ayrıdır. Cavabdehnə rəsmi qaydada müraciət edərək onun təsərrüfatının atası B.H.Salahovun təsərrüfatından ayrılmasına dair sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən Cavabdeh fəaliyyətinin dayandırılmasına, vətəndaşların müraciətlərinə baxılmasına qadağa qoyulmasına dair heç bir sərəncam, fərman və ya qərar mövcud deyildir. Qeyd edir ki, vətəndaşların müraciətlərinə baxılması vəzifəsi şəhər və rayon icra hakimiyyəti başçısı yanında Şuranın vəzifə və səlahiyyətlərinə aid deyildir, vətəndaşların müraciətlərinə İHB yanında Şuranın iclaslarında baxılmır, belə müraciətlərə şəhər və rayon icra hakimiyyəti başçılarının aparatları tərəfindən “Vətəndaşların müraciətləri haqqında” AR Qanununa əsasən baxılır. Hesab edir ki, cavabdehin imtinası vəzifəli şəxsin vətəndaşın qanuni müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasının təmin edilməməsi ilə təzahür edən vəzifə hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Bundan başqa, onun X8 ilə nikahlarının ləğv olunmasına dair Yasamal rayon məhkəməsinin 31 mart 2008-ci il tarixli 2(004)-1065/08 nömrəli qətnaməsi və məhkəməyə təqdim olunan digər sənədlərlə, o cümlədən nikahın bağlanmasına dair şəhadətnamə, övladlarının doğum haqqında şəhadətnamələri, nikahın pozulmasına dair şəhadətnamə, 19 saylı Mənzil-istismar sahəsinin arayışı və s. ilə sübuta yetirilir ki, həqiqətən onun təsərrüfatı X8 ilə rəsmi nikaha daxil olduğu 23 fevral 1996-cı il tarixdən etibarən atası X2 təsərrüfatından ayrılmışdır və atası ilə iddiaçının ailəsi ayrı-ayrı təsərrüfatlar aparmış və hal-hazırda da ayrı-ayrı təsərrüfatlar aparırlar. Qeyd edir ki, onun Pənah Məmmədovla rəsmi nikaha daxil olmasına dair faktın özü atası Bəhram Salahovun təsərrüfatından ayrılmasını sübuta yetirən təkzibedilməz dəlildir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı təsərrüfatın ayrılması üçün sərəncam verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin 2020-ci ilin mart ayından X6 tərəfindən Covid-19 xəstəliyi ilə əlaqədar olaraq dünyada pandemiya elan edilmişdir. İclas və toplantıları bu səbəbdən keçirmək mümkün olmamışdır. Ayrı təsərrüfat olmaqla bağlı vətəndaşın müraciətinə bu səbəbdən baxmaq və araşdırmaq mümkün olmamışdır. Hal-hazırda Cavabdeh inzibati binası əsaslı təmir olunduğundan iclasların keçirilməsi və bu qəbildən işlərə baxılması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-12516/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim G.Sevdimalıyeva). Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-987/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2022-ci ilin yanvar ayından birinci instansiya məhkəməsinin icraatında olan iddia ərizəsinin ərizə icraata qəbul edildikdən 10 ay sonra 2022-ci ilin oktyabrın 17-də mümkün sayılmaması barədə qərardad qəbul edilməsi inzibati işə obyektiv və hərtərəfli baxılmadığı açıq-aşkar sübuta yetirən hal kimi qiymətləndirilməlidir. Bundan başqa, Cavabdeh başçısının ona verdiyi imtina məktubunda və məhkəməyə təqdim etdiyi etirazda məhkəmənin gəldiyi qənaətə uyğun deyil, müraciətinin müsbət həll edilməməsinin səbəbini tamamilə fərqli olan bir səbəblə əlaqələndirmişdir. Belə ki, Cavabdeh başçısının imtina məktubunda və etirazda müraciətinin müsbət həll olunmamasının səbəbi pandemiya və İH-nin inzibati binasının təmir olunması ilə izah edilmişdir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin rəsmi sorğusuna müvəqqəti məskunlaşdığı ünvanın xidməti ərazisinə daxil olduğu ünvan 2in inzibati işin içərisində olan 26 avqust 2022-ci il tarixli 152 nömrəli və 29 avqust 2022-ci il tarixli 153 nömrəli arayışları ilə iddiaçının ailə təsərrüfatının atası X5 təsərrüfatından ayrı olması barədə rəsmi məlumatlar təqdim olunmuşdur. Həmçinin, Şuşa rayon İHB-nin 31 oktyabr 2022-ci il tarixli 22/357 nömrəli və 31 oktyabr 2022-ci il tarixli, 22/358 nömrəli arayışları ilə onun ailə təsərrüfatının atasının təsərrüfatından ayrı olması faktı sübuta yetirilmişdir. Bundan başqa cavabdeh etirazında Sumqayıt İnzibati Məhkəməsindən onun iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onun təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi vəzifəsinin Cavabdeh başçısının üzərinə qoyulmasından ibarətdir. Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü bəndi ilə tənzimlənmişdir. Həmin normada yerli icra hakimiyyəti orqanlarının şəxslərin ayrı təsərrüfat idarə etmələri ilə bağlı sərəncam verməsi kimi bir səlahiyyətləri nəzərdə tutulmamışdır. Beləliklə hazırki işdə cavabdeh inzibati orqanın hazırki iddiaya cavab verməli orqan olması, onun müvafiq iddia ilə bağlı səlahiyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı mübahisə iddiaçının təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasının rəsmiləşdirilməsi barədədir. Başqa sözlə, iddiaçı hazırki iddianı qaldırmaqda öz təsərrüfatının atasının təsərrüfatından ayrıldığının cavabdeh tərəfindən təsdiqlənməsinə, yəni sonuncunun bu məzmunda sərəncam verməsinə nail olmaq istəyir. Cavabdehin belə bir səlahiyyətinin olub-olmaması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişdə qeyd edilir ki, ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Şəxsi hesab – ev təsərrüfatlarına dair ilkin məlumatları özündə ehtiva edən və Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində fərdi uçot nömrəsi ilə qeydə alınan göstəricilər məcmusudur. Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin: - İ hissəsinin 6-cı bəndinə əsasən ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. - İ hissənin 8-ci bəndinə əsasən şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyətləri və rayon (şəhər) statistika idarələri ev təsərrüfatlarının uçotu kitablarına və müvəqqəti yaşayan şəxslərin siyahılarına daxil edilən məlumatların dolğunluğunu yoxlayır, aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında məsul şəxsə kömək edirlər. - İİ hissənin 6-cı bəndinə əsasən təsərrüfat bölündükdə mövcud təsərrüfatın tərkibindən ayrılan şəxslər şəxsi hesabdan çıxarılır və şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin onlara aid sütununda çarpaz xətt çəkilir. Yeni yaranmış təsərrüfat üçün isə yerləşdiyi ərazi üzrə müvafiq ev təsərrüfatlarının uçotu kitabında yeni şəxsi hesab açılır. “Əlavə məlumatlar” adlı bölmədə isə həmin təsərrüfatlar üzrə müvafiq olaraq aşağıdakı qeydlər aparılır: “____ nömrəli təsərrüfat bölünmüşdür”, “____ nömrəli təsərrüfatdan ayrılmışdır” və təsərrüfatın bölünməsini rəsmiləşdirən sənədin adı və tarixi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9 və 3.9.2-ci bəndlərinə əsasən şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində yerli icra hakimiyyəti başçısının vəzifələrinə müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etmək, 4.9, 4.9.3-cü bəndlərinə əsasən şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, .................. qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunması, o cümlədən, təsərrüfatın bölünməsi məsələləri yerli icra hakimiyyəti başçısının vəzifə və səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, cavabdeh orqan iddiaçının müraciətinə tələbin onun səlahiyyətlərinə aid olmaması əsası ilə deyil, pandemiya səbəbindən Şuranın iclasları keçirilmədiyindən imtina cavabı vermiş, eləcə də iddia ərizəsinə etirazında da bu əsasla deyil, İcra Hakimiyyətinin inzibati binasının təmiri ilə əlaqədar müraciətə baxılmasının mümkün olmadığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan orqan olması sübuta yetirilir. Bundan əlavə, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndinə müvafiq olaraq məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibatı orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın məzmunundan göründüyü kimi öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olması, cavabdehin həmin iddiaya cavab verməli olması, xüsusi mümkünlük şərti isə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İş materiallarında olan sənədlərlə (Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 29 avqust 2022-ci il tarixli 153 nömrəli, AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 1108 saylı, Şuşa rayon İHB-nin 31 oktyabr 2022-ci il tarixli, 22/358 saylı arayışları və s.) iddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ olması, Cavabdeh hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da, iddiaçı tərəfindən iddia üzrə ümumi və xüsusi mümkünlük şərtləri ödənildiyi müəyyən edilir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddianı mümkün saymayarkən haqlı olmamışdır. Odur ki, kollegiya hesab edir ki, şikayət təmin edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-987/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “onun təsərrüfatının atası X2 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar