Məhkəmə qərarları › İş №2-1(105)-981/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-981/2025

30.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-981/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********184046 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, 634.267,15 manat əlavə vergi məbləği və 317.133,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

2. İddiaçı MMC cavabdeh DVX Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********184046 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(118)-3670/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).

4. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə mübahisə predmeti aradan qalxdığından tələblərindən imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.

7. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə müvafiq olaraq iddiaçı iddiadan imtina etdikdə .............. məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin ................. bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

9. Kollegiya hesab edir ki, iddiaçı tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar