Məhkəmə qərarları › İş №2-1(105)-982/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-982/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-982/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2460/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu X4 05 saylı, 04 sentyabr 2007-ci il tarixli qərarından çıxarışdan görünür ki, iddiaçıya bələdiyyə torpaqlarının baş planına əsasən 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 04 sentyabr 2007-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Abşeron rayonu Güzdək bələdiyyəsinin hesabına 268 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Abşeron rayonu Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdehin məktubundan görünür ki, aparılan araşdırma zamanı X7 tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 04 sentyabr 2007-ci il tarixdə, 10 nömrəli qərarı ilə ayrıldığı halda, alqısatqı aktının 23 yanvar 2007-ci il tarixində verildiyi, həmçinin alqı-satqı aktının qanunamüvafıq qaydada təsdiq (hüquq sahibinin imzası ilə) olunmadığı aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X4 yerqurluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinini möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Əlavə olaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə sözügedən torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, X7n 04 sentyabr 2007-ci il tarixdə, 10 nömrəli qararında torpaq sahəsinin ölçüsü 0.08 ha göstərildiyi halda, Alqı-satqı aktında 0,05 ha, əlavə olunmuş iki yerquruluşu planından çıxarışın birində 0.0636 ha, digər yerqurluşu planından çıxarışda isə 0.0507 ha qeyd olunduğu, həmçinin faktiki olaraq torpaq sahəsinin 0.0507 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsinin hazırkı ərizənizə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə olunmuş bəzi sənədlərdə İddiaçı soyadına edilmiş düzəliş təsdiq olunduğu halda, digər sənədlərdə edilən soyad düzəlişi təsdiq edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, X4 04 sentyabr 2007-ci il tarixdə, 10 nömrəli qərarı ilə Abşeron rayonu X7 ərazisində onun sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Abşeron rayonu X4 xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə X7 tərəfindən verilmiş 0.0507 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon X7ndə 4 sentyabr 2007-ci il tarixində 10 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinin ona satılması qərarı alınmışdır. Bundan sonra dəyəri tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0,08 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. O, hər il torpaq vergisini Abşeron rayonu, X7nə ödəmişdir və bələdiyyəyə torpaq vergisinə görə borcu yoxdur. O, nümayəndə vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh özünün 21 noyabr 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunan səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı X7 tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 04 sentyabr 2007-ci il tarixində, 10 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 yanvar 2015-ci il tarixində verilməklə qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiqlənmədiyi; Müraciət ərizəsinə əlavə edilmiş Abşeron Rayon X4 yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK- nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; İdarəyə təqdim edilmiş bəzi sənədlərdə İddiaçı soyadına münasibətdə aparılmış düzəlişin təsdiqlənməsinə baxmayaraq, digər sənədlərdə edilmiş soyad düzəlişinin isə təsdiqlənmədiyi; Torpaq sahəsinin müəyyən bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KVT) mühafizə zolağında yerləşdiyi; Sözügedən torpağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.08 ha olduğu halda, faktiki vəziyyətdə isə 0.0507 ha hissəsinin iddiaçının istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin İdarəyə təqdim edilmədiyi; Müraciət üzrə əlavə edilmiş sənədlərdə adıçəkilən daşınmaz əmlakın ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, X4 müvafiq qərarında torpaq sahəsinin ölçüsü 0.08 ha göstərilsə də, alqı-satqı aktında 0.05 ha, əlavə olunmuş iki fərqli yerquruluşu planından çıxarışın birində 0.0636 ha, digərində isə 0.0507 ha qeyd olunduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2460/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu X4 xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə X7 ərazisində 0.0507 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 04 sentyabr 2007-ci il ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 268 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 268 manat məbləğində pul vəsaiti ödənilmişdir. Abşeron rayon X4 04 sentyabr 2007-ci il il il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqısatqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının qeyd olunan qərardan sonra qəbul edilməsi isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının sonradan tərtib edilməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə Abşeron rayonu X4 yeruquruluşu planından çıxarışın qanunavümafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş yerquruluşu planından çıxarış X4 sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Çıxarışın ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə cavabdeh orqanın bəzi sənədlərdə İddiaçı soyadına münasibətdə aparılmış düzəlişin təsdiqlənməsinə baxmayaraq, digər sənədlərdə edilmiş soyad düzəlişinin isə təsdiqlənmədiyi dəlilinə münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon X4 04 sentyabr 2007-ci il il il tarixli, 10 saylı qərarında iddiaçının soyadı “Cəfərov” kimi qeyd edilmiş, daha sonra düzəliş edilərək “Səfərov” kimi oxunması qeyd edilmişdir. Bələdiyyənin qeyd olunan qərarı əsasında verilmiş digər sənədlərdə də texniki yanlışlığa yol verilərək, iddiaçının soyadı “Cəfərov” kimi qeyd edilmişdir. Bələdiyyə və digər dövlət orqanları tərəfindən əlaqəli sənədlərdə iddiaçının soyadının yanlış qeyd edilməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna bilməz. Cavabdeh orqan imtinasının digər bir əsası kimi isə torpaq sahəsinin müəyyən bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KVT) mühafizə zolağında yerləşdiyini qeyd etmişdir. Məhkəmə qeyd olunan dəlilin araşdırılması üçün aidiyyatı üzrə orqanlara məhkəmə sorğuları ünvanlamışdır. "xxxx" ASC-nin 14 mart 2024-cü il tarixli və 04 iyun 2024-cü il tarixli məhkəmə sorğularına cavab məktublarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 1982-ci ildən istismar edilən "xxxx" ASC-yə məxsus 110 kV-luq “5-ci Xırdalan” hava xəttinin mühafizə zonasına düşür. "xxxx" ASC-nin 1 may 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 110 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndlərinə görə, torpaq sahəsinin müəyyən hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Başqa sözlə, cavabdeh həmin hala istinad etməklə qeydiyyatdan imtina olunmasında haqlı sayıla bilməz. Belə ki, istinad olunan qaydalara görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə cavabdeh orqanın son iki dəlili araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 0.0507 ha-dır. İddiaçı da halhazırda onun 0.0507 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Hazırki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 0.0507 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərraı ilə alqı-satqı aktının tarixi fərqli olmuş, alqı-satqı aktı və yeruquqruluşu planından çıxarış qanunamüvafiq qaydada təsdiq edilməmişsənəd üzrə ölçüsü 0,08 ha olduğu halda, alqı-satqı aktında 0,05 ha, yeruquruluşu planından çıxarışda 0,0636 ha, digər yerquruluşu planından çıxarışda 0,0507 ha, faktiki 0,0507 ha olduğu, azalma ilə bağlı ərizə verilməmiş, soyad düzəlişini təsdiq edən sənəd verilməmiş, sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçıya 0,08 ha torpaq sahəsinin satılması qərar alınmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq shaəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur. Həmçinin, torpaq sahəsinin təhvil verilməsinə dair akt tərtib edilmiş, həmin aktın məzmununda 0,08 ha torpaq shaəsinin yerləşmə vəziyyəti əks olunmuşdur. Həmçinin, müvafiq bələdiyyə təərfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçının adına ayrılmasının qanunamüvafiq barədə rəy tərtib edilmişdir. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən bələdiyyənin perpsektiv inkişaf fondundan fərdi yaşayış evinin tikintisi üçün sözügedən torpaq sahəsinin ayrılmasına etirazının olmaması barədə rəy verilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri torpaqlarına aiddir. Həmçinin, həmin torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölüçsü 0,0507 ha, faktiki 0,0507 ha olduğu, yol ilə sərhəd olması, şimalından dəyişən məsafədə 220 kvt yüksək gərginlikli elektrik xətti keçməsi,bir tərəfdən metal tor ilə sərhəd olması, şimalından 0,0145 ha hissəsi elektrik xəttinin mühafizəsi zonasına düşdüyü qeyd edilmişdir. İş materiallarından göürünür ki, sözügeədn torpaq sahəsi 1982-ci ildə istismara verilmiş müvafiq hava xəttinin mühafizə zonasına düşür. İş materiallarında olan müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, sözügedən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış, dəyəri onun tərəfindən ödənilmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin 0,0507 ha hissəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilməməsi və yerquruluşu planından çıxarışın qanuna uyğun təsdiq edilməməsi dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İndiki halda müvafiq bələdiyyə qərarı qüvvədə olmaqla, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqini tapır. Torpaq sahəsi ayrıldığı vaxtdan indiyədək iddiaçının faktiki istifadəsindədir. Torpaq sahəsinə dair alqı-satqı aktının tərtib edilməsi, habelə yerquruluşu planından çıxarışın qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi və təsdiq edilməsi halı məhz müvafiq qurumun səlahiyyətlərinə aid olmuşdur. Qeyd edilən hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Başqa sözlə desək, qeyd edilən hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, məqsədinə və prinspilərinə (mütənasiblik) ziddir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdhein imtina və şikayətin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kolegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının adına 0,08 ha torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərraı və müvafiq səlahiyyətli qurumun tərtib etdiyi rəy qüvvədə olmuş, habelə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,0507 ha olmuş, iddiaçının iddia tələbi də məhz həmin ölçüdə olan torpaq sahəsi ilə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin torpaq sahəsinin ölçüsünün müvafiq qərarda 0,08 ha, digər sənədlərdə və faktiki istifadəsində fərqli ölçüdə olması ilə bağlı istinad etdiyi hallar formal xarakter daşımaqla, əsassız olmuş, habelə həmin hal yuxarıda istinad edilən qnaunvericilik normalarının tələbi baxımından əmlak üzərində mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin istinad etidyi digər hallarla bağlı onu qeyd edir ki, iddiaçının soyadı “Səfərov” olduğu halda, torpaq sahəsinin ayrılmasına dair müvafiq hüquqmüəyyənedici sənəddə “Cəfərov” kimi qeyd edilmiş, cavabdhe inzibati orqan həmin halı da mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin hala aydınlıq gətirmək imkanına malik olsa da, bununla bağlı heç bir tədbir görməmiş, formal olaraq həmin əsasa istinad etmişdir. Həmçinin, müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsi məhz İddiaçı adına satılmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası imtina və şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunduğundan, imtina və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2460/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar