Məhkəmə qərarları › İş №2-1(105)-985/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-985/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-985/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 10 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)- 3074/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona müxtəlif müəssisələrdə işlədiyi müddətlərin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı 60 yaşdan, yəni, 10 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona 10 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1963-cü il tarixdə Azərbaycan Respublikası, Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuş, 30 sentyabr 1981-ci il tarixdən 09 noyabr 1981-ci il tarixədək Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, 15 noyabr 1981-ci il tarixdən 16 noyabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 30 noyabr 1983-cü il tarixdə Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 11 sentyabr 1984-cü il tarixdən 10 aprel 1985-ci il tarixədək yeni təşkil olunmuş Novoqolovski şəbəkə sahəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 08 may 1985-ci il tarixdən 21 noyabr 1985-ci il tarixədək “Azneftximmontaj” trestinin 1-ci Sumqayıt quraşdırıcı idarəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, 17 dekabr 1985-ci il tarixdən 05 sentyabr 1991-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun Ftorlu aliminium sexində 3-cü dərəcəli aparatçik vəzifəsində, 05 sentyabr 1991-ci il tarixdən 06 fevral 1996-cı il tarixədək Sumqayıt Superfosfat zavodunun Sulfat turşusu sexində elektrik avadanlıqların təmiri və xidməti üzrə 5-6-cı dərəcəli elektrik montyoru vəzifəsində, 06 fevral 1996-cı il tarixədən 19 mart 1997-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun avadanlıqların komplektləşdirilməsi və ambar təsərrüfatı sexində nəzarətçi vəzifəsində, 19 mart 1997-ci il tarixədən 21 may 1998-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda hərbiləşdirilmiş mühafizə dəstəsinin komandiri vəzifəsində işləmiş, 25 may 1998-ci il tarixədən 03 iyun 2002-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyası elektrik sexində 4-cü dərəcəli növbətçi elektrik montyoru vəzifəsində, 03 iyun 2002-ci il tarixdən 01 iyul 2002-ci il tarixədək elektrik sexində elektrik avadanlıqlarının xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 01 iyul 2002-ci il tarixdən 06 noyabr 2002-ci il tarixədək Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində, 06 noyabr 2002-ci il tarixədən 03 yanvar 2003-cü il tarixədək Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində, 03 yanvar 2003-cü il tarixədən 01 oktyabr 2007-ci il tarixədək Elektrik sexində texnik vəzifəsində, 01 oktyabr 2007-ci il tarixədən 12 iyun 2012-ci il tarixədək Elektrik sexində 12-ci dərəcəli növbə rəisi vəzifəsində, 12 iyun 2012-ci il tarixdən 17 dekabr 2012-ci il tarixədək Stansiyanın növbə rəisi vəzifəsində işləmişdir. 10 dekabr 2012-ci il tarixdən 18 aprel 2016cı il tarixinədək Azərbaycan Metanol Ko Məhdud Məsuliyyətli Cəmiyyətin Təmir Departamentinə mühəndis elektrik vəzifəsində, 13 iyun 2016-cı ildən 15 noyabr 2016-cı il tarixinədək MMC-nin Elektrik istismarı şöbəsinin Yarımstansiya qrupunda mühəndis elektrik vəzifəsində işləmişdir. 15 noyabr 2016-cı il tarixindən 01 mart 2018-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Elektrik energetikası şöbəsində mühəndis vəzifəsində, 01 mart 2018-ci il tarixində MMC-nin Elektrik təchizatı, Elektrik avadanlıqlarının təmiri və quraşdırılması sahəsinə energetik vəzifəsində, 12 mart 2019-cu il tarixindən 21 fevral 2020-ci il tarixinədək MMC-nin Elektrik təchizatı, Elektrik avadanlıqlarının təmiri və istismarı üzrə xidmət sahəsinə energetik vəzifəsində işləmişdir. 20 aprel 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixinədək "xxxx" MMC-nin İstehsal sahəsinə energetik vəzifəsində, 01 mart 2021-ci il tarixinədən "xxxx" MMC-nin Sürtküyağları istehsalı şöbəsinə energetika üzrə mühəndis vəzifəsinə keçirilmiş və halhazırda da həmin cəmiyyətdə işləyir. Bütün bunları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayışda xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində avadanlıqların komplektləşdirilməsi və anbar təsərrüfatı sexində nəzarətçi, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində hərbləşdirilmiş mühafizə dəstəsində nəzarətçi, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin dəstənin bölmə komandiri, "xxxx" ASC-nin ona dair 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayışında isə "xxxx" MMC-də xx.xx.1998-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik sexində növbətçi elektrik montyoru, növbə rəisi vəzifəsini öyrənən, növbətçi elektrik texniki, texnik, növbə rəisi və xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində stansiyada növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, "xxxx" ASC və "xxxx" MMC-də işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirmə aparılıb. Dəqiqləşdirmə zamanı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi sexlərin fəaliyyət sahəsi güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmadığı müəyyən olunmuşdur. Bu fakt "xxxx" ASC-nin 9 oktyabr 2020-ci il tarixli birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda, iddiaçının "xxxx" MMC-də yalnız xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik montyoru peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 24 gün (xx.xx.1985-xx.xx.1995-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2016- xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İT-İ ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı əmək fəaliyyətinə 30 sentyabr 1981-ci il tarixdən başlamış, 01 mart 2021-ci il tarixdən "xxxx" MMC-nin sürtkü yağları istehsalı şöbəsinə energetika üzrə mühəndis vəzifəsinə keçirilmişdir. H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 15 noyabr 1981-ci il tarixdən 16 noyabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-nin təqdim etdiyi 23 avqust 2023-cü il tarixli, 20 nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin təqdim etdiyi 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayışdan görünür ki, İddiaçı “Sumqayıt İEM-1”-də xx.xx.1998-ci ildən (Əmr № 92) xx.xx.2002-ci ilə qədər (Əmr № 35) Elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində - kod: 214000a – 18455; "xxxx"-də xx.xx.2002-ci ildən (Əmr № 19-kş) xx.xx.2002-ci ilə qədər Elektrik sexində elektrik montyoru vəzifəsində - kod: 2140000a – 18455; xx.xx.2002-ci ildən (Əmr № 26-kş) xx.xx.2002-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində; xx.xx.2002-ci ildən (Əmr № 294-kş) xx.xx.2003-cü ilə qədər Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində; xx.xx.2003-cü ildən (Əmr № 63) xx.xx.2007-ci ilə qədər Elektrik sexində texnik vəzifəsində; xx.xx.2007-ci ildən (Əmr № 100-kş) xx.xx.2012-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsində; xx.xx.2012-ci ildən (Əmr № 50-kş) xx.xx.2012-ci ilə qədər Stansiyanın növbə rəisi vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısının Xİİİ bəndinə uyğun olan vəzifələr yaşa görə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" ASCnin xx.xx.2002-ci il tarixli, 13 nömrəli əmrinə əsasən “Sumqayıt İEM-1” hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 43 nömrəli əmrinə əsasən yeni hüquqi şəxs "xxxx" MMC yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, 52 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırıldı. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırıldı. SOCAR Metanol zavodunun təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 14-2-19/3-9- 44/2023 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2016-cı ildən (Əmr № 045-K/Ş) xx.xx.2018-ci ilə qədər Elektrik energetikası şöbəsində mühəndis vəzifəsində (kod: 2130301b-22177); xx.xx.2018-ci ildən (Əmr № 042/18) xx.xx.2018-ci ilə qədər Elektrik təchizatı, elektrik avadanlıqlarının təmiri və quraşdırılması sahəsində energetik vəzifəsində (kod: 2110A030-17531); SOCAR-ın Metanol zavodunda xx.xx.2018-ci ildən (Əmr №246) xx.xx.2019-cu ilə qədər Elektrik təchizatı, elektrik avadanlıqlarının təmiri və quraşdırılması sahəsində energetik vəzifəsində (kod: 2110A030-17531); xx.xx.2019-cu ildən (Əmr №269) xx.xx.2020-ci ilə qədər Elektrik təchizatı, elektrik avadanlıqlarının təmiri və quraşdırılması sahəsində növbə rəisi vəzifəsində (kod: 2130301b-24043) işləyib. 1993-cü il 21 iyun tarixli 320 saylı qərara uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququna keçir. "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 13-9/106/2-59/2024 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, müəssisədə elektrik montyoru və növbətçi elektrik montyoru peşəsində çalışanlar Elektrik sexində eyni istehsalat sahəsində çalışır, elektrik avadanlıqlarının və cihazların iş rejiminə nəzarət edir, lazım gəldikdə bu avadanlıq və cihazlarda təmir işləri aparmaqla onların normal fəaliyyətini təmin edirlər. Növbətçi elektrik montyoru çox növbəli iş rejimi ilə, elektrik montyoru isə yalnız gündüz iş rejimi ilə işləyir. 5 ildən bir keçirilən iş yerlərinin attestasiyasının nəticələri əsasında iş yerlərinin zərərlilik xüsusiyyətlərinə görə növbətçi elektrik montyoru və elektrik montyoru peşəsində çalışan işçilərin əmək haqqına eyni artım əmsalı tətbiq edilir. Növbə rəisi vəzifəsini öyrənən işçi yalnız öz vəzifə öhdəliklərini icra etməklə həmin vəzifəyə hazırlaşır. Hazırlıq müddəti başa çatdıqdan sonra işçidən xüsusi imtahan komissiyası tərəfindən imtahan götürülür. Komissiya tərəfindən imtahanın nəticələri məqbul sayılarsa işçi növbə rəisi vəzifəsinə “X1 və İdarələrində Heyətlə aparılan işlərin təşkili” qaydalarının 7.3 və 8.1 bəndlərinin tələbləri əsasında sərbəst işə buraxılır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 20 nömrəli arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də zavodun Ftoraliminium sexində Sulfat turşusu sexlərində avadanlıqların təmiri ilə xidmət üzrə müxtəlif dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçının qəbul edildiyi elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Vİİİ bölməsinin 1 nömrəli bəndində göstərilmiş istehsalatlara uyğundur. (kod: 1080A010) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-3074/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektrik enerjisi istehsalatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçıya münasibətdə işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Başqa sözlə desək elektrik istehsalında işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya alımaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda növbətçi elektrik montyoru peşələrinin enerji istehsalı bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Cavabdeh təşkilat xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi sexlərin fəaliyyət sahəsi güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmadığına dair "xxxx" ASC-nin 9 oktyabr 2020-ci il tarixli birgə Aktına istinad etsə də, həmin akt məhkəməyə təqdim edilməmişdir. Həmin akt təqdim edilsə belə, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayış həmin aktın əhəmiyyətsiz olmasına dəlalət edir. Belə ki, iddiaçının 17 dekabr 1985-ci il tarixdən 06 fevral 1995-ci il tarixləri arasındakı dövrlərdə Sumqayıt Superfosfat zavodunun Ftoraliminium sexində, sulfat turşusu sexində müxtəlif dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi iş yeri və vəzifə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilən 1080A010 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni müvafiq qanuna dəyişiklik xx.xx.2022-ci ildə qanuni qüvvəyə mindiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu həmin tarixdən qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş işlədiyi dövrlərə aid qeydlər, hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə indiki halda iddiaçıya münasibətdə qanunla tələb olunan ümumi iş stajına aid olan şərtin də ödənilməsi halı müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 12 il 4 ay 24 gün güzəştli iş stajına malik olduğunu hesab edir, digər dövrləri nəzərə almır, tələb olunan 12 il 6 ay tamamlanmaması əsası ilə pensiya təyinindən imtina edir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 20 nömrəli arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də zavodun Ftoraliminium sexində Sulfat turşusu sexlərində avadanlıqların təmiri ilə xidmət üzrə müxtəlif dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçının qəbul edildiyi elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Vİİİ bölməsinin 1 nömrəli bəndində göstərilmiş istehsalatlara uyğundur. (kod: 1080A010) Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayışından görünür ki, İddiaçı “Sumqayıt İEM-1”-də xx.xx.1998-ci ildən (Əmr № 92) xx.xx.2002-ci ilə qədər (Əmr № 35) Elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində - kod: 214000a – 18455; "xxxx"-də xx.xx.2002-ci ildən (Əmr № 19-kş) xx.xx.2002-ci ilə qədər Elektrik sexində elektrik montyoru vəzifəsində - kod: 2140000a – 18455; xx.xx.2002-ci ildən (Əmr № 26-kş) xx.xx.2002-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində; xx.xx.2002-ci ildən (Əmr № 294-kş) xx.xx.2003-cü ilə qədər Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində; xx.xx.2003cü ildən (Əmr № 63) xx.xx.2007-ci ilə qədər Elektrik sexində texnik vəzifəsində; xx.xx.2007-ci ildən (Əmr № 100-kş) xx.xx.2012-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsində; xx.xx.2012-ci ildən (Əmr № 50-kş) xx.xx.2012-ci ilə qədər Stansiyanın növbə rəisi vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısının Xİİİ bəndinə uyğun olan vəzifələr yaşa görə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının 12 il 04 ay 24 gün güzəştli iş stajına malik olduğu qəbul edilmiş, inzibati orqanın yanaşmasından iddiaçının çatışmayan güzəştli iş stajı 01 ay, 06 gün olmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayışından da görünür ki, iddiaçı 1998-ci ildən 2012-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən digər dövrlər nəzərə alınmasa belə, iddiaçı 1998-ci ildən 2002-ci ilədək elektrik montyoru vəzifəsində çalışdığından həmin dövrlər nəzərə alınmalı idi. İddiaçının işlədiyi elektrik montyoru vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının Xİİİ fəslinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları (Kod: 2140000a—18455) qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 13-9/106/2-59/2024 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, müəssisədə elektrik montyoru və növbətçi elektrik montyoru peşəsində çalışanlar Elektrik sexində eyni istehsalat sahəsində çalışır, elektrik avadanlıqlarının və cihazların iş rejiminə nəzarət edir, lazım gəldikdə bu avadanlıq və cihazlarda təmir işləri aparmaqla onların normal fəaliyyətini təmin edirlər. Növbətçi elektrik montyoru çox növbəli iş rejimi ilə, elektrik montyoru isə yalnız gündüz iş rejimi ilə işləyir. Cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasında qeyd edilən dövrün güzəştli iş stajı olaraq qəbul edilməməsi ilə əlaqədar bildirilmişdir ki, həmin dövrlərdə iddiaçı növbətçi elektrik montyoru vəzifəsində çalışmış, siyahıda isə növbətçi elektrik montyoru vəzifəsi qeyd olunmamışdır. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, iddiaçının növbə rejimi ilə çalışması hazırki işin mahiyyətinə təsir etmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr 01 ay, 06 gün olmuş, iddiaçı isə 4 ilə yaxın müddətdə elektrik montyoru vəzifəsində çalışmışdır. Həmçinin "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 13-9/106/2-59/2024 nömrəli işin xarakteri haqqında arayışdan da görünür ki, sözügedən müəssisədə elektrik montyoru və növbətçi elektrik montyoru peşəsində çalışanlar Elektrik sexində eyni istehsalat sahəsində çalışırlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın pensiya təyinindən imtina əsasını və işin mübahisələndirilən halı olaraq iddiaçının 1 ay 04 gün güzəştli iş stajının çatmaması təşkil etdiyindən və iddiaçının 1998-2002-ci illər arasında elektrik montyoru işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınanda onun pensiya hüququ yarandığından, hüquqi maraq və prosessual qənaət prinsiplərinin tətbiqi baxımından digər dövrlərin xüsusi olaraq araşdırılmasına zərurət qalmır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi elektrik montyorları peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə və vəzifələrə aid olması halı məhz işəgötürən tərəfindən təqdim edilmiş arayış və işin xarakterik xüsusiyyətlərinə dair məlumat əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə cavabdehin istinad etdiyi arqumenti iş materialları əsasında təkzib olunmaqla, formal xarakter daşımış və əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş həmin peşə və vəzifə üzrə işlədiyi dövrlər nəzərə alındıqda, qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması şərti də ödənilmiş olur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-3074/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar