Məhkəmə qərarları › İş №2-1(105)-986/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-986/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-986/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Qobustan rayon Poladlı Bələdiyyəsinə qarşı "borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)- 4067/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********8 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Qobustan rayon Poladlı Bələdiyyəsinə məxsus əmlakın siyahıya alınması qərara alınmış və bu barədə xx.xx.2024-cü il tarixli Protokol tərtib edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Poladlı Bələdiyyəsinə məxsus 1.308,00 (min üç yüz səkkiz) manat dəyərində 12 sot torpaq sahəsi siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün Poladlı Bələdiyyəsinə təhvil verilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Qobustan rayon Poladlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 223,35 manat, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 286,99 manat və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 739,30 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1308 manat məbləğində siyahıya alınmış əmlakın (0,12 ha torpaq sahəsinin) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Qobustan Rayonu Poladlı Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İşsizlikdən Sığorta Fonduna, dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə, müvafiq fondlara ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərarlar çıxarmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2024 tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna 286.99 manat, dövlət büdcəsinə 223.35 manat və İcbari Tibbi Sığorta Fonduna isə 739.30 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-4067/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə məxsus 1308 manat məbləğində siyahıya alınmış əmlakının (torpaq sahəsinin) satılması ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmuş, vergi orqanı tərəfindən siyahıya alınmış əmlak isə cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin qiymətləndirilməsi, satılması qaydaları xüsusi normativ hüquqi aktlara əsasən həyata keçirilməli və həmin torpaq sahəsinin qiymətinin ağlabatan qiymətə satışı həyata keçirilməlidir. Hazırkı iddia tələbində mübahisəli topaq sahəsinin qiymətinin hansı normativ akta əsasən qiymətləndirilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı vergi orqanı vergi qanunvericiliyində göstərilən müvafiq səlahiyyətlərindən istifadə etməklə, cavabdehin digər əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Belə olan halda, hazırkı iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin müvafiq Qaydalarına əsasən torpaq sahəsinin dəyəri rəsmi elan saytlarında, KİV-də olan qiymətlərlə müəyyən oluna bilər. Cavabdehə məxsus torpaq sahəsi qiymətləndirilərkən qeyd olunan mənbələrdən istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi qiymətləndirmənin nəyin əsasında keçirilməsi ilə bağlı iddiaçı vergi orqanından hər hansı sənəd tələb etməmiş, siyahıya alınmış əmlakın cavabdeh tərəfindən özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu verməmişdir. Məhkəmənin əmlakın özgəninkiləşdirilməsi nəticəsinə gəlməsi subyektiv mülahizəsidir, heç bir faktla təsdiq olunmur. Həmin daşınmaz əmlak siyahıya alınarkən xx.xx.2024-cü il tarixli protokollar tərtib olunmuş, həmin vaxt siyahıya alınmış torpaq sahəsi cavabdehin mülkiyyətində olmuşdur. Torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəmə, ümumiyyətlə, siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müvafiq sorğu verməmiş, torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmamasını araşdırmamış, siyahıya alınmış əmlakla bağlı cavabdehin bağladığı əqdlərin etibarsız olmasını nəzərə almamışdır. Məhkəməsinin qərardadında iddiaçı vergi orqanı tərəfindən cavabdehə məxsus başqa əmlakın siyahıya alınması ilə bağlı qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətində müvafiq fondlara olan borcların ödənilməsinə kifayət edəcək başqa əmlak olmadığından Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq cavabdehin dövlət büdcəsinə ödənilməmiş 223,35 manat, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 286,99 manat və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 739,30 manat borclarına uyğun əmlakı olmadığından, iddiaçı vergi orqanı tərəfindən cavabdehin 1308 manat məbləğində torpaq sahəsi siyahıya alınmış və xx.xx.2024-cü il tarixli protokollar tərtib edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın özgəninkiləşdirildiyi, bununla da hazırkı iddianın iddiaçının hüquqi marağına uyğun olmadığı əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ düzgün qiymətləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.19-cu bəndinə görə daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Vahid məhkəmə təcrübəsindən də məlumdur ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin mülkiyyətində olan əmlaka münasibətdə həyata keçirilə bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən, Qobustan rayonu Poladlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşə baxan məhkəmə həmin daşınmaz əmlakın özgəninkiləşdirildiyini qeyd edərək bu əsasla da iddiaçının hazırkı iddia üzrə hüquqi marağının olmadığı qənaətinə gəlsə də, əmlakın özgəninkiləşdirildiyinə dair hər hansı sübuta istinad etməmiş, yalnız mülahizə əsasında belə nəticəyə gəlmişdir. İş materiallarında da iddiaçı vergi orqanı tərəfindən siyahıya alınmış həmin daşınmaz əmlakın özgəninkiləşdirildiyinə dair hər hansı sübut mövcud deyildir. Əksinə, “Elektron məhkəmə” informasiya sisteminin cavabdehə dair “gəlir məlumatları” bölməsindən müəyyən edilir ki, **********49 reyestr nömrəli 0,12 ha torpaq sahəsi hazırda da cavabdehin mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi orqanı tərəfindən cavabdehin mülkiyyətində olan əmlak (torpaq sahəsi) siyahıya alınmış və hazırda da həmin əmlak onun mülkiyyətindədir. İşin qeyd olunan hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağının olduğu aşkar görünür. Beləliklə, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-4067/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Qobustan rayon Poladlı Bələdiyyəsinə qarşı "borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar