Məhkəmə qərarları › İş №2-1(105)-987/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-987/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-987/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X4 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(118)-4980/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ““Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. xx.xx.1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissədə xidmət etmişdir. N saylı hərbi hissə Azərbaycan Ordusunun ilk yaradılan hərbi hissəsi olub. Əvvəllər Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşirdi. Bir ay xidmət etdikdən sonra bölməni Ağdam rayonu, Uzundərə kəndinə göndərdilər. N saylı hərbi hissə isə Güzdək qəsəbəsinə köçürülmüşdür. Ağdamda yerləşən bölmədə Naxçıvan uğrunda döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi əməliyyatlarda birbaşa erməni işğalçılarına qarşı döyüşmüşdür. Xəstələnmiş, xəstəliyi isə bruselyoz olub. X8, daha sonra Sumqayıt Hospitalında müalicə almışdır. X9 göndərilmiş, nəhayət Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 4 avqust 1992-ci il tarixli 97 nömrəli xəstəlik şəhadətləndirilməsinə əsasən, hərbi xidmətə yararsız hesab olunmuşdur. Daha sonra, xəstəliyinə görə ehtiyata buraxılmışdır. Bu günədək müharibə veteranı adı və vəsiqəsi verilməyib. Dəfələrlə həm yazılı, həm də şifahi olaraq Müdafiə Nazirliyi Aparatı Nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına müraciət etmiş, lakin müharibə veteranı adı verməkdən imtina etmişlər. Odur ki, iddiaçı konstitutsion hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı'’ adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd edir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasinə daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-29/2- 690/2025 nömrəli arxiv sənədinə əsasən, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 7 nömrəli əmri ilə bütün növ təminatlarla təmin olunmaqla şəxsi heyətin siyahısına salınmışdır, lakin N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitabında və hərbi hissənin yaralıların qeydiyyatı kitabında iddiaçının hərbi xidmətinə dair məlumat aşkar olunmamışdır, yəni iddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınsa da, onun xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və xidmət müddətinin sona çatması, qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli 7 №-li və xx.xx.1992-ci il tarixli 21 №-li (atasının adı yazılmamışdır) əmrlərindən Arxiv Çıxarışları məhkəməyə təqdim edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında X5 barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitabında (əsas: sıra- 95, məlumatda soyadı “Mehrəliyev”, atasının adı “Əj.” yazılmışdır, çağırıldığı tarix qeyd olunmamışdır) Qobustan RHK-dan çağırılmış, xx.xx.1972-ci il təvəllüdlü X15. oğlunun adı yazılmış, lakin adının qarşısı xidməti barədə müvafiq qeydlər aparılmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(118)-4980/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi ona təqdim etdiyi xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd etmişdir ki, Şamaxı RHK-dan çağırılmış, sıravi X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 7 nömrəli əmrilə (əsas: paraqraf 1, sıra 10, səhifə 5, əmrdə soyadı Mehralıyev və adı Namik yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissənin komandirinin N aprel 1992-ci il tarixli 21 nömrəli əmrində İddiaçı (əsas: paraqraf 3, sıra 56, səhifə 22, əmrdə soyadı Mehralıyev və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə əlavə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci hal üzrə o qeyd edilir ki, qanunvericiliyin tələbinə görə hamıya bəlli olan halları məhkəməyə sübut etmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hamıya bəllidir ki, o, dövrdə Birinci Qarabağ döyüşləri gedib və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr və orada xidmət edən şəxsi heyətin üzvləri də həmin döyüşlərdə iştirak ediblər. Burada ona hər hansı güzəşt edilə bilməzdi. Hamı kimi o da həmin döyüşlərdə iştirak etmişdir, indi bununla bağlı əmrləri və ya əmrləri özündə əks etdirən kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verməyiblər, bu onun günahı deyil, həm də o, dövrdə döyüşlər gedirdi, hərc-mərclik idi, o, vəziyyətdə hər hansı əmrlərin yazılmaması, natamam yazılması, imzalanmaması və ya onların Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsini o, adi hal kimi hesab edir. İkinci hal üzrə də onu qeyd edir ki, əgər o, həmin dövrdə hərbi xidmətdən və ya döyüş əməliyyatlarından yayınsaydı, barəsində cinayət işi açılardı və onu məsuliyyətə cəlb edərdilər. Bunu məhkəmə özü də qeyd edir ki, belə bir hal olmayıbdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıvə onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında əsasında müharibə veteranı adı verilir. Sözügedən Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, eləcə də qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış və digər təsdiqləyici sənədlər mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdən də göründüyü kimi iddiaçı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. (İPM 14.3-cü maddə) Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 7 №-li və xx.xx.1992-ci il tarixli 21 №-li (atasının adı yazılmamışdır) əmrlərindən Arxiv Çıxarışları məhkəməyə təqdim edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1992-ci il, yanvar-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında X7 barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitabında (əsas: sıra-95, məlumatda soyadı “Mehraliyev”, atasının adı “Əj.” yazılmışdır, çağırıldığı tarix qeyd olunmamışdır) Qobustan RHK-dan çağırılmış, xx.xx.1972-ci il təvəllüdlü X15. oğlunun adı yazılmış, lakin adının qarşısı xidməti barədə müvafiq qeydlər aparılmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Aparılan araşdırmanın nəticəsi olaraq görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, eləcə də, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Nəzərə almaq lazımdır ki, həmin norma anlamında şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının döyüş əməliyyatlarında iştirakı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Həmin normalar baxımından cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün, iddiaçı, hər bir halda, həmin şərtlərə cavab verməlidir. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, bu zaman həm də qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(118)-4980/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar