Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-99/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4, X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid anası kimi onun dövlət tərəfindən mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-739/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçının oğlu 16 aprel 1971-ci il təvəllüdlü X13 25 oktyabr 1993-cü il tarixdə 1-ci Qarabağ müharibəsi zamanı Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçıya xx.xx.2001-ci il tarixdə şəhid ailəsi üzvü kimi 2296 nömrəli vəsiqə verilmişdir.
2. Zəngilan rayon İcra Hakimiyyətinin 13 mart 2023-cü il tarixli, 148 saylı məktubunda qeyd edilmişdir ki, Zəngilan şəhər sakini İddiaçı məcburi köçkündür, şəhid ailəsidir. X5 25 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı şəhid olmuşdur. Aşağıdakı ailə üzvləri vardır: 1. X8 qızı 2. X11 oğlu 3. X6 oğlu. İddiaçı Əli qızı xx.xx.2014-cü il tarixdən Dövlət Qaçqınkom tərəfindən müqavilə əsasında verilmiş, ünvan 1 ünvanda məskunlaşmışdır.
3. Zəngilan rayon İcra Hakimiyyətinin 01 avqust 2022-ci il tarixli 595 nomrıli məktubuna əsasən, İddiaçı adı Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış siyahıya daxil edilərək 2017-ci ilin 31 oktyabr tarixində 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd edilən adlı siyahıda “şəhid anası” İddiaçı 137-ci şəxsdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “şəhid anası kimi onun dövlət tərəfindən mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı 16 aprel 1971-ci il təvəllüdlü X13 25 oktyabr 1993-cü il tarixdə 1-ci Qarabağ müharibəsi zamanı Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhərmanlıqla həlak olmuşdur. Buna dair Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə ölümün səbəbi kimi başın təpə nahiyəsindən deşib keçən güllə yarası göstərilmişdir. Şəhid anası kimi iddiaçıya xx.xx.2001-ci il tarixdə şəhid ailəsi üzvü kimi 2296 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəxslərin ailələrinin mənzillə təmin olunması nəzərdə tutulsa da, bu günədək şəhid ailəsi kimi mənzillə təmin olunmamışdır. Şəhid ailəsi kimi imtiyazlardan istifadə etmək hüququna malik və mənzilə ehtiyacı olan İddiaçı məlumatları Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən bu kateqoriyadan olan şəxslərin barəsində hazırlanmış xx.xx.2017- ci il tarixli 482 nömrəli məktubla adı siyahıya daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumatları göndərilmişdir (Zəngilan rayon icra hakiniyyəti başçısının 16 iyun 2022-ci il tarixli məktubu ərizəyə əlavə olunur). Lakin, həmin tarixdən hal-hazıradək çoxsaylı mənzillərin şəhid ailələrinə verilməsinə baxmayaraq, hələ də evlə təmin olunmamışdır. İddiaçı, şəhid ailələri üçün nəzərdə tutulan, dövlət tərəfindən ayrılan mənzilin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, cavabdeh qurumdan müraciətinə bu günədək heç bir cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bundan əlavə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və 3-cü maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Habelə, “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnaməsinin 1.1-ci və 3.20-ci bəndlərinə uyğun olaraq, Komitə işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir və onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur. Həmçinin Əsasnamənin 3.13-cü bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirməsi Komitənin əsas funksiyalarından biridir. Bundan əlavə olaraq bildirirlər ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məsələsi “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci İl 24 fevral tarixli 65 nömrəli Qərarı ilə tənzimlənir. Belə ki, həmin Qərarın 1.3-cü bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(118)-739/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-739/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı şəhid anası kimi onun dövlət tərəfindən mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı adı Zəngilan rayon İcra Hakimiyyəti tərəfindın hazırlanmış siyahıya daxil edilərək 2017-ci ilin 31 oktyabr tarixində 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd edilən adlı siyahıda “şəhid anası” İddiaçı 137-ci şəxsdir.(Zəngilan rayon İcra Hakimiyyətinin 01 avqust 2022-ci il tarixli 595 nomrəli məktubu) Zəngilan rayon İcra Hakimiyyətinin 13 mart 2023-cü il tarixli, 148 saylı məktubunda qeyd edilmişdir ki, Zəngilan şəhər sakini İddiaçı məcburi köçkündür, şəhid ailəsidir. X5 25 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı şəhid olmuşdur. İddiaçının şəhid anası olması, məcburi köçkün statusuna malik olması, İddiaçı adının Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış siyahıya daxil edilərək 2017-ci ilin 31 oktyabr tarixində 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmiş olması işin mübahisə olunmayan hallarıdır və bu hallar tərəflər arasında mübahisə olunmur. Qanunvericilik normalarının tələbinə əsasən iddiaçı şəhid ailəsi kimi mənzilə ehtiyacı olan şəxs kimi uçota alındığından onun mənzillə təmin olunmaq hüququ vardır. İddiaçının mənzillə təmin olunması qanunvericiliklə müəyyən edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, bu halda cavabdeh orqan iddiaçını Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış, 2017-ci ilin 31 oktyabr tarixində 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmiş siyahıya uyğun olaraq mənzillə təmin etməlidir.
10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri: a) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bundan əlavə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və 3-cü maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Habelə, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1 -ci və 3.20-ci bəndlərinə uyğun olaraq, Komitə işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir və onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, İddiaçı şəhid ailə üzvü olmaqla bərabər, həmçinin, qaçqın və məcburi köçkün statusuna malikdir. AR Ali Məhkəməsinin hazırkı mübahisələrlə bağlı formalaşmış mövqeyi vardır. Belə ki, mübahisəli məqam vətəndaşın Zəngilan rayonunun Ağalı kəndində, yoxsa Sumqayıt şəhərində mənzillə təmin olunması ilə bağlıdır. İddiaçı bir dəfə məcburi köçkün kimi mənzillə təmin olunmuşdur. Ali Məhkəmənin yanaşmasına görə, şəxs qaçqın və məcburi köçkün kimi ev alsa belə, şəhid ailəsi üzvü kimi yenidən ev ala bilər. İddiaçıya Zəngilan şəhərciyində verilmiş mənzil müvəqqətidir. Mənzil müddətsiz olaraq əvəzsiz istifadəyə verilir, cavabdeh tərəfindən verilmiş mənzillər vərəsəlik qaydasında keçmir, şəxsin mənzillə bağlı sərəncam vermək hüququ olmur, mənzilə çıxarış ala bilmir. İddiaçı şəhid anası kimi onun dövlət tərəfindən mənzillə təmin olunması üçün mənzil növbəsinə durması barədə müvafiq sərəncam olmadığına görə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmamışdır. İş materialında olan siyahı sadəcə iddiaçının şəhid ailəsi üzvü olduğuna görə alındığı siyahıdır. Müvafiq sərəncam olsaydı, iddiaçının tələbinin təmin edilmə ehtimalı var idi. Ən azından sərəncam mübahisələndirilə bilərdi, lakin müvafiq sərəncam ümumiyyətlə yoxdur. Əgər iddiaçı “şəhid ailəsi” kimi mənzillə təmin edilməklə bağlı müraciət edib, imtina cavabı alsa, həmin qərardan şikayət edə bilər. AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 01 yanvar 2023-cü il tarixə qədər Yerli İcra Hakimiyyəti tərəfindən uçota alınmış şəxslər qeyd edilir. AR Prezidentinin adıçəkilən sərəncamında hər hansı arayış və ya siyahı qeyd edilməmişdir. Yerli İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncamın tərtib edilməməsində cavabdeh inzibati orqanın heç bir təqsiri yoxdur. ç) Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını və iddiaçının həqiqətən də şəhid X10 anası olmasını sübut edən sənədlər-doğum haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, şəhid ailəsi statusu olması barədə vəsiqə iş materiallarına əlavə edilmişdir. Eyni zamanda iş materiallarında 2017-ci ilə aid iddiaçının mənzillə təmin olunması üşün şəhid ailəsi kimi uçota alınması barədə Zəngilan Rayon İcra hakimiyyətinin müvafiq məktubu da vardır. AR Prezidentinin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının təmin olunması məqsədi ilə imzaladığı bir çox sərəncamlar vardır. Bu sərəncamlardan biri 20 iyun 2014-cü il tarixli 569 nömrəli, digəri 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlardır. Hər iki sərəncamda cənab Prezident DSMFə, cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixə qədər uçota alınmış şəhid ailələrinin mənzillə təmin olunması barədə tapşırıqlar vermişdir. İddiaçı adı çəkilən müvafiq sərəncamları əsas götürərək cavabdeh inzibati orqana müraciət etmiş, iddia qaldrmışdır. Lakin cavabdeh inzibati orqan əsassız olaraq iddiaçının müraciətinə imtina cavabı vermişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi qanunvericilik normalarının hazırkı işə aidiyyatı yoxdur. İddiaçıya məcburi köçkün kimi Zəngilan şəhərciyində ev verilmişdir. Həmin mənzildə oğlu ailəsi ilə yaşayır. Hal-hazırda qızının evində yaşayır. İddiaçının mənzil növbəsinə durması barədə sərəncamın olmadığını qəbul etmirlər. Hesab edirlər ki, müvafiq sərəncam olmasaydı, iddiaçının adı siyahıya əlavə edilməzdi. Bildirirlər ki, sərancamda vətəndaşın mənzillə təmin edilməsi deyil, uçota götürülməsi öz əksini tapır. İddiaçı “şəhid ailəsi” kimi qeydiyyata alınmış, adı mənzilə ehtiyacı olan şəxslərin siyahısına əlavə edilmişdir. İcra hakimiyyəti tərəfindən müvafiq sərəncamın tərtib edilib-edilməməsi vətəndaşın məsuliyyəti deyildir. Müvafiq sərəncam tərtib edilməyibsə və ya təqdim edilmirsə, İcra Hakimiyyətinin səhvidir. Mühüm əhəmiyyət kəsb edən hal odur ki, iddiaçı müraciət etmiş, siyahıya alınmış, adı ƏƏSMN-nə göndərilmişdir. Sərəncamın olmaması sübuta yetirilmir, sadəcə sərəncamla bağlı sorğulara cavab verilmir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
14. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı ... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar ... Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir; Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. ...3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: ...3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;
17. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. ... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ...51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir.
24. Belə ki, hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya şəhid ailəsi kimi yaşayış sahəsinin verilməsi ilə bağlıdır.
25. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni iddiaçının şəhid ailəsi kimi mənzilə ehtiyacı olan şəxs kimi uçota alındığından onun mənzillə təmin olunmaq hüququnun olması, iddiaçının mənzillə təmin olunmasının qanunvericiliklə müəyyən edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə aid edilməsi, cavabdeh orqanın iddiaçını Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış, 2017-ci il 31 oktyabr tarixli 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmiş siyahıya uyğun olaraq mənzillə təmin etməli olması ilə əsaslandırmışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkibinə şəhid ailəsinin mənzillə təmin edilməsi və ya mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də daxildir.
27. İşin mübahisəsiz hallarına əsasən iddiaçı məcburi köçkündür və şəhid ailəsidir. Məcburi köçkün kimi mənzillə təmin olunmuş, hazırda isə şəhid ailəsi kimi daha bir mənzillə təmin olunmaq istəyir.
28. İndiki halda, iş materiallarından görünür ki, iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi onun sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal, başqa sözlə çətin həyat şəraitində olması halı müəyyən olunmamışdır. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, Dövlətqaçqınkomla bağlanmış müvafiq kirayə müqaviləsi əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyi, bina 1-də 33 nömrəli mənzil iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir.
29. Belə ki, Zəngilan rayon İcra Hakimiyyətinin 13 mart 2023-cü il tarixli, 148 saylı məktubunun məzmunu ilə müəyyən olunur ki, Zəngilan şəhər sakini İddiaçı məcburi köçkündür, şəhid ailəsidir. X5 25 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı şəhid olmuşdur. İddiaçı Əli qızı xx.xx.2014-cü il tarixdən Dövlət Qaçqınkom tərəfindən müqavilə əsasında verilmiş, ünvan 1 ünvanda məskunlaşmışdır.
30. Bununla bağlı iş materiallarında xx.xx.2014-cü il tarixli, 1-33 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi mövcuddur.
31. İddiaçı iddianın əsası kimi şəhid ailəsinin üzvü olmasına, Zəngilan rayon İcra Hakimiyyətinin 16 iyun 2022-ci il tarixli 482 nömrəli məktubuna istinad edir. Həmin məktubda qeyd edilmişdir ki, İddiaçı adı Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış siyahıya daxil edilərək 2017-ci ilin 31 oktyabr tarixində 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilmişdir.
32. Zəngilan rayon İcra Hakimiyyətinin 01 avqust 2022-ci il tarixli 595 nomrəli eyni məzmunlu digər məktubunda əlavə olaraq qeyd edilmişdir ki, qeyd edilən adlı siyahıda “şəhid anası” İddiaçı 137-ci şəxsdir.
33. Müvafiq qanunvericilik normalarında şəxsin mənzilə ehtiyacı olan şəxs kimi mənzillə təmin edilməsinin prosedur qaydaları müəyyən edilmişdir. Həmin normaların təhlilindən görünür ki, şəxsin mənzillə təmin edilməsi üçün ilk növbədə qanunvericiliklə müəyyən edilmiş hər hansı əsasla uçota alınmalı, daha sonra həmin əsaslarla növbəli və ya növbədənkənar qaydada mənzillə təmin edilməsi hüququ yaranmaqla, bu hüququn icrasına yönələn tədbirlər müvafiq səlahiyyətli orqan tərəfindən həyata keçirilir.
34. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən, Zəngilan rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 5-83/2-873/2023 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, İddiaçı mənzil qanunvericiliyinə uyğun olaraq imtiyazlı şəxs qismində növbəyə alınması üçün ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etməmişdir.
35. Kollegiya qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda, iddiaçı ona cavabdeh tərəfindən şəhid ailəsi üzvü kimi mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
37. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-739/2023 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-739/2023 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid anası kimi onun dövlət tərəfindən mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.