Məhkəmə qərarları › İş №2-1(105)-994/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-994/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-994/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri yaşayış sahəsinə texniki pasportun verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il qərarı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5, mənzil 8-də onun yaşadığı ərazidə şəxsi avtomobilinin saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 kv.m torpaq sahəsində yerləşən tikiliyə-fərdi qaraja Texniki Pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3880/2024 nömrəli qərarından tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər Bələdiyyə Şurasının 13 oktyabr 2004-cü il tarixli, 136 nömrəli qərarının surətindən görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının xx.xx.2004-cü il tarixli 35 saylı protokoluna əsasən İddiaçı yaşadığı ərazidə şəxsi avtomobilinin saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 kv.m torpaq sahəsi onun adına ayrılmışdır. Cavabdehin 04 mart 2024-cü il tarixli imtina məktubundan görünür ki, “müraciətə əlavə olunmuş Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında xx.xx.2004-cü il tarixli 136 nömrəli qərar qəbul edilsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müqavilə bağlanmamışdır.Bundan əlavə qeyd edək ki, sözügedən qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar əlavə olunmamış, həmçinin idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında qeyri-yaşayış binası (qaraj) barəsində heç bir məlumat aşkar edilməmişdir”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il qərarı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5, mənzil 8-də onun yaşadığı ərazidə şəxsi avtomobilinin saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 kv.m torpaq sahəsində yerləşən tikiliyə-fərdi qaraja texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 136 saylı qərarı əsasında inşa etdiyi 24 kv.m olan qarajına texniki pasport almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 04 mart 2024-cü il tarixli 3-21-3- 31/2-M-0017-8/2024 nömrəli imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən qeyriyaşayış binasına (qaraj) dair texniki pasportun verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-M-0017-8/2024 nömrəsi ilə qeydiyyata alınmışdır.Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, “müraciətə əlavə olunmuş Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında xx.xx.2004cü il tarixli 136 nömrəli qərar qəbul edilsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müqavilə bağlanmamışdır.Bundan əlavə qeyd edək ki, sözügedən qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar əlavə olunmamış, həmçinin idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında qeyri-yaşayış binası (qaraj) barəsində heç bir məlumat aşkar edilməmişdir”.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3880/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il qərarı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5, mənzil 8-də İddiaçı yaşadığı ərazidə şəxsi avtomobilinin saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 m2 torpaq sahəsində yerləşən tikiliyə-fərdi qaraja Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alqı-satqı aktının mövcud olmaması iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məhdudiyyət qoya bilməz. Belə ki, Sumqayıt bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən nzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq İddiaçı tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən müvafiq qarajın tikinti altı sahəsinin 39 kv.m, ümumi sahəsinin isə 34 kv.m olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il əmri ilə təsdiq edilmiş Texniki Təlimata əsaslanmışdır. Belə ki, bu təlimatın 5.6-cı bəndinə əsasən özbaşına inşa edilmiş tikiliyə texniki pasport tərtib edilir, ancaq həmin texniki pasportda tikintinin özbaşına inşa edilməsi barədə qeyd yazılır və ştamp vurulur. Bu tikililərin ərazi idarələri tərəfindən uçotu aparılır. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il əmri ilə təsdiq edilmiş Texniki Təlimat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli - 03 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair yeni Texniki Təlimatı ilə dəyişdirilərək qüvvədən düşmüşdür. Yuxarıda qeyd edilən təlimatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə daxil edilməməmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi üçün istad etdiyi əsaslar qanunun tələblərinə ziddir və heçbir hüquqi əsası yoxdur. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmamasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır da. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ....139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər..... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq ünvanda yerləşən 24 kv.m torpaq sahəsində yerləşən tikiliyə-qaraja texniki pasportun verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsininrəsmiləşdirilməsinə dair qərar qəbul edilsə də, qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə bağlanılmamış, qeyri-yaşayış sahəsi (qaraj) barəsində arxiv məlumatlarında heç bir məlumat aşkar edilməmiş, müqavilə təqdim edildikdən sonra qanunamüvafq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyənin qərarı ilə iddiaçının yaşadığı ərazidə şəxsi vtomobilini saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən həmin tikili müayinə edilərək, onun texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, qeyd edilən tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0024 ha olsa da, faktiki 0,0039 ha olduğu, tikilinin ümumi sahəsinin 34,0 kv.m olduğu, qarajın mişar daşından inşa edildiyi qeyd edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı müqavilə təqdim edilməməsi, habelə tikiliyə aid heç bir sənədin olmaması halını qeyd edir. İddiaçı isə qeyd edilən tikiliyə-qaraja dair texniki pasportun tərtib edilməsini istəyir və iddia tələbinin əsası kimi isə yalnız 24 kv.m. torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarının mövcud olması halına istinad edir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, sözügedən tikili-qarajın yerləşdiyi torpaq sahəsinin ölçüsü 24 kv.m. deyil, məhz 39 kv.m. ölçüdə oluğu müəyyən edilmişdir.İddiaçının istinad etdiyi bələdiyyə qərarında isə torpaq sahəsinin ölçüsünün 24 kv.m olduğu qeyd edilmiş, 39 kv.m torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd mövcud olmamışdır. Nəticə etibarilə iddiaçının məhz tikilinin yerləşdiyi 39 kv.m. torpaq sahəsi ilə bağlı hüququnun mövcudluğunun və bu hüququn dövlət qeydiyyatına alınması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı qeyd edilən tikili ilə bağlı hər hansı sənədin (tikinti layihəsi, tikintiyə icazə və s.) olduğu aşkar olunmamışdır. İddiaçı özü də belə bir sənədlərin mövcud olmadığını bildirmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırda qüvvədə olan daşınmaz əmlakın kadastrı və texniki invertarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimatda (4.2-ci bəndi) özbaşına tikilinin ayrıca daşınmaz əmlak kimi invertarlaşdırılmasının yol verilmədiyi, yalnız üzərində hüquqları dövlət qeydiyyatına alındığı daşınmaz əmlakın ayrılmaz tərkib hissəsi olduğu təqdirdə inverarlaşıdırlmasına yol verildiyi, bu zamanda tərtib edilən texniki pasportda özbaşına tikilinin qırmızı xətlərlə göstərilərək, ştrixlənməsi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda iddiaçıya münasibətdə həmin təlimatda qeyd edilən halın olması aşkar edilməmiş, habelə tikilinin yerləşdiyi ölçüdə olan torpaq sahəsinin iddiaçının adına ayrılması və ya torpaq sahəsi üzərində də iddiaçının hüquqularının dövlət qeydiyyatına alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər; 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.; 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi indiki halda qeyd edilən tikili və tikilinin yerəşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi sənəd 24 kv.m torpaq sahəsi ilə bağlı olmuşdur. İddia tələbi də məhz 24 kv.m torpaq sahəsində inşa edilmiş qaraja bağlı olsa da, məhkəmə araşdırması zamanı həmin tikilinin ümumi sahəsinin 34 kv.m olduğu, yerləşdiyi torpaq sahəsinin isə ölçüsünü 39 kv.m olduğu müəyyən edilmiş, həmin 24 kv.mdən artıq olan hissə ilə bağlı isə heç bir sənəd təqdim edilməmiş, habelə tikili ilə bağlı sənədlər mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına əhəmiyyət verilməmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olub-olmaması halı, habelə tikiliyə dair sənədlər tam aydınlaşıdırılmamış, işin halları qüvvədə olan qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələblərinə uyğun olmamamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3880/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il qərarı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5, mənzil 8-də onun yaşadığı ərazidə şəxsi avtomobilinin saxlamaq üçün istifadə etdiyi qarajın yerləşdiyi 24 kv.m torpaq sahəsində yerləşən tikiliyə-fərdi qaraja Texniki Pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar