Məhkəmə qərarları › İş №2-1(105)-996/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-996/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-996/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş hissəsinə görə hesablanmış məbləğin cavabdehdən tutulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-742/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 2004-cü il tarixli, 51 nömrəli qərarı ilə İddiaçı4, İddiaçı5, İskəndərova (Nəsibova) Natəvan Elxan qızı, İddiaçı2 və İskəndərova (Alıyeva) Turan Elxan qızına ayrılmış 0,69 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 27 dekabr 2004-cü il tarixli, JN- 0230 KOD 30800086 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Adıçəkilən şəxslərə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin 730,27 kv.m. hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə 55.000 (əlli beş min) manat pulun kompensasiya şəklində cavabdehdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2-1(085)-77/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçılara məxsus 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə onlara 66.000 manat (55.000 əmlaka görə + 11000 manat 20 faiz əlavə) məbləğində kompensasiya verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 77/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2-1(102)-1498/2020 nömrəli qərarı ilə isə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-13/2020 nömrəli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 2-1(085)-77/2019 nömrəli qərarının 11000 manat (20 faiz əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, onlara müvafiq kompensasiya ödənilməmiş, onların torpaqdan istifadə imkanı itirilmiş və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “X5” MMC-nin 17 fevral 2020-ci il tarixli, CEG-20\018 saylı mütəxəssis rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Bilgəh–Sumqayıt avtomobil yolunun tikintisi layihəsi” çərçivəsində yolun tikintisi altına düşmüş 730,27 kvadrat metr torpaq sahəsinin bazar dəyəri 2018-ci ilin oktyabr ayına 55000 manat, 2020-ci ilin fevral ayına 56500 manat təşkil etmişdir. Həm birinci instansiya və həm də apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə istinad edib, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olmasına dair qənaətə gəlmələri yanlış olmuşdur, belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə müvafiq olaraq məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçıların iddia ərizəsində sözügedən iddia tələbi irəli sürülməmişdir. Daha sonra iddiaçılar İddiaçı5 və onun ailə üzvləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət edərək, onlara məxsus 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m. hissəsinə görə hesablanmış 55.000 manat bazar qiymətinin 20 faiz əlavəsi olan 11.000 manat pulun ödənilməsini xahiş etmişdirlər. İnzibati orqan 27 aprel 2023-cü il tarixli, 11-1/2-31xx-xx/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək, torpağın satınalma qiymətinə əlavə 20 faiz miqdarında təzminatın ödənilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsini tövsiyə etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı5 və onun ailə üzvləri cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-0230 KOD 30800086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m. hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20 faiz əlavəsi olan 11.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh arasında olmuş məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş onlara məxsus 730.27 kv.m. torpaq sahəsinə görə 55.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçılar 11000 manat (20% əlavənin) ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətləri müsbət həll edilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-742/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçılara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m. hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20 faiz əlavəsi olan 11.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz əlavəsi də nəzərə alınmalıdır. Bu halda məhkəmə qərarları əsasında iddiaçılara məxsus torpaq sahəsinin bazar qiymətinin 55.000 manat olduğunu nəzərə alsaq, onun 20 faiz əlavəsi də 11.000 manat təşkil edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, 11.000 (on bir min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçılara məxsus 0,69 ha torpaq sahəsinin 730.27 kv.m. hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş, bununla bağlı iddiaçılar dəymiş ziyana görə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarı ilə və Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları əsasında onlara əmlaka görə 55.000 manat məbləğində kompensasiya verilməsi qərara alınmışdır. Halbuki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı5 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, yolun tikintisi altına düşmüş olara məxsus 730.27 kv.m. torpaq sahəsinə görə onlara 55.000 manat məbləğində kompensasiya ödənilmiş, həmin məbləğə 20 faiz əlavə olan 11000 manat isə ödənilməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. ... Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. ... Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin yuxarıda sadalanmış hallarından müəyyən olunur ki, tərəflər arasında olmuş əvvəlki mübahisəyə dair artıq qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin maddənin tələbindən müəyyən edildiyi kimi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Qeyd olunan mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarından göründüyü kimi torpaq sahəsi məhz dövlət ehtiyacları üçün cavabdeh tərəfindən həyata keçirilən layihə çərçivəsində yolun tikintisi altına düşmüş (bu hazırkı işin preyudisial əhəmiyyət kəsb edən halıdır), bununla əlaqədar onlara 55000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İşin həmin halları hazırda tərəflər arasında mübahisələndirilmir. Həmçinin, hazırkı məhkəmə icraatının gedişində qeyd olunan məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək, yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə iddiaçılara 55.000 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda iddiaçılar əvvəlki məhkəmə mübahisəsində irəli sürmədikləri tələb üzrə – onların dövlət ehtiyacları üçün geri alınan torpaq sahəsinə görə sahənin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinə dair iddia qaldırmışlar. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə, nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün geri alınan daşınmaz əmlaka görə bu əmlakın mülkiyyətçisinə əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi inzibati orqanın normativ-hüquqi aktdan irəli gələn öhdəliyidir. Həmçinin, tərəflər arasında olmuş yuxarıda qeyd olunan mübahisə üzrə birinci və apellyasiya instansiya məhkəmələri həmin əlavə haqqın da iddiaçıya ödənilməsi qənaətinə gəlmiş, kassasiya məhkəməsi isə iddiaçılar məhz sözügedən iddia tələbini irəli sürmədiklərindən həmin hissədə apellyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Hazırda iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-742/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar