Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-997/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin ondan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-450/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin ondan tutularaq Xırdalan Bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə 126,22 manat borc məbləğinin ondan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi qərara alınmışdır. Qərar aşağıdakılarla əsaslandırılmışdır: 1) Vergi ödəyicisi olan fiziki şəxsin, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə, torpaq vergisinin ödənilməsi üçün ən son tarixli tədiyyə bildirişi ünvana göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən 110,00 kv.m əmlak, 120 kv.m torpaq sahəsinə görə cari il üçün 24 manat əmlak, 0,6 manat torpaq sahəsinə görə, o cümlədən 2020-ci ildən başlayaraq ötən dövrlər üzrə 12,42 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilkdə 126,22 manat ümumi borcu ödəməmişdir. Xırdalan bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, borc silinməlidir. Əvvəla qeyd edilir ki, iddiaçı həmin torpaq sahəsini 2005-ci ildə əldə edərək, həmin dövrdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsi və ev qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməmişdir. Xırdalan bələdiyyəsinin mülkiyyətinə isə 2010-cu ildə torpaq sahəsi verilmişdir. Yəni bələdiyyə mülkiyyətinə torpaq verilənə qədər torpağı və fərdi yaşayış evini əldə etmişdir. Xırdalan bələdiyyəsi həmin torpaq sahəsinə onun ilə icarə müqaviləsi bağlamamışdır. Öhdəlik yaranmadığı halda bələdiyyə ondan vergi və ya digər ödəmələr tələb edə bilməz. Onun istifadəsində olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyil. İcarə müqaviləsi bağlandığı halda əmlak vergisi ödəmək öhdəliyi yaranır. Bələdiyyənin göstərdiyi kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyicisidir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Göründüyü kimi bələdiyyə tərəfindən qərarda tətbiq edilən normalar ona şamil edilə bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsini 2005-ci ildə əldə etdiyini və orada fərdi yaşayış evi tikdiyini, həmin torpaq sahəsinin isə 2010-cu ildə Abşeron rayonunun Xırdalan bələdiyyəsinin mülkiyyətinə verildiyini bildirmişdir. Onun sözlərinə görə bələdiyyə mülkiyyətinə torpaq verilənədək sözügedən torpaq sahəsini və fərdi yaşayış evini əldə etmişdir. O, qeyd etmişdir ki, Abşeron rayonunun Xırdalan bələdiyyəsi onunla həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamış, bununla da bələdiyyə ilə arasında öhdəlik yaranmadığı üçün ondan vergi və digər ödəmələr tələb edilə bilməz. Bələdiyyə əməkdaşları tərəfindən ərazi inventarlaşdırılan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən, iddiaçıya məxsus torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi iddiaçı tərəfindən xüsusi mülkiyyət kimi təqdim edildiyi üçün sözügədən torpaq sahəsi və fərdi yaşayış evi X1 Sistemində mülkiyyət olaraq qeyd edilmiş, ona əmlak və torpaq vergisi hesablanmışdır. İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin sənədsiz olması ilə bağlı iddiası tərəflərindən əsassız hesab edilir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-450/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. İşdən görünür ki, mübahisəli qərar 22 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar Bələdiyyənin Vergi Xidməti Orqanının təqdimatı əsasında icra olunması üçün 23 fevral 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yəni, mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli qərarın mövcudluğu iddiaçıya məlum olmasına baxmayaraq, o, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qərarın iddiaçıya şəxsən təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir, “elan olunma” “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Yəni, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş, mübahisələndirilən qərar iddiaçıya təqdim edilməsə də iddiaçı həmin qərardan xəbərdar olmuş və qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd etdiyi kimi mübahisələndirilən qərar ona elan olunmamış, yalnız Gədəbəy rayon İcra şöbəsinə dəvət edərkən icra məmurunun qəbulunda olmuş və bir ay müddətində məhkəmədə iddia qaldırmışdır. Qərarın “elan olunma”sı dedikdə məhkəmənin göstərdiyi kimi təkzibolumnaz şəkildə məlumatı aldıqdan dərhal sonra, yəni bir ay müddətində iddia qaldırdığı səbəbindən müddəti ötürməmişdir. “İnzibati məhkəmə icraatında mümkünlüyə dair Azərbaycan Respubliksı Ali Məhkəməsi Plenumunun 10 aprel 2005-ci il tarixli, 5 nömrəli Qərarının tələblərinə əməl edilməmiş, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, ona hüquqi vardım göstərməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. Maddə 48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi əmlak və torpaq sahəsinə görə vergi borcunun ödənilməsi barədə Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçı barəsində mübahisə predmeti olan qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Həmin qərarın cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada göndərilməsi və iddiaçı tərəfindən təhvil alınması halının iş materiallarında olan sənədlər əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh tərəfindən həmin qərar icraya yönəldilmiş, müvafiq icra şöbəsi tərəfindən həmin qərar əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın göndərilməsi barədə və icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş xx.xx.2023-cü il tarixdə elektron imza vasitəsilə imzalanmışdır. Həmin qərar və bildirişin iddiaçı tərəfindən hansı tarixdə təhvil alması halının da iş materialları əsasında müəyyən edilməsi mümkün olmamışdır. İndiki halda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərar barəsində məhz icra məmuru tərəfindən ona bildirişin göndərilməsi, bu barədə məlumat verildikdən sonra məlumatlı olması və həmin vaxtda da iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halına istinad etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi indiki halda iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, mübahisə predmeti olan qərarın iddiaçıya rəsmi qaydada təhvil verilməsi iə bağlı hissədə sübutüetmə yükü cavabdehə aid olsa da, cavabdeh tərəfindən həmin hala dair hər hansı sübut təqdim edilməmiş, həmin hissədə də hər hansı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən iddia üzrə qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz inzibati aktın təqdim olunduğu (elan olunduğu) hesablanır. İndiki halda birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan qərarın iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən təhvil alınması müəyyən edilmədiyi halda, habelə iddiaçının həmin qərar barədə hansı tarixdən məlumatlı olması halını müəyyən edilmədən iddiaçıya münasibətdə qeyd edilən prosessual müddətin axımı məhz qərarın qəbul edildiyi vaxtdan hesablanmış, bu hal isə qanunvericiliyin tələbinə və işin hallarına uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, müvafiq inzibati aktın iddiaçıya təqdim edilməməsi halı, habelə iddiaçının həmin qərar barədə hansı tarixdən məlumatlı olması halına nəzər yetirilməmiş, iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş prosessual müddətin axımının hansı vaxtdan başlanmasının işin halları baxımından araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkünlük şərtlərinin yoxlanılması mərhələsində zəruri olan bütün halları araşdırmamış, iddianın mümkünlük şərtlərinə təsir edən hallar diqqətdən kənarda qalmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin məzmununda işə mahiyyəti üzrə baxılmasına dair tələbi də qeyd etmişdir. İndiki halda iddianın mümkünlük şərtləri məhkəmə icraatının bütün mərhələlərində yoxlanılmalı olduğundan, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-450/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin ondan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-997/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-997/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver