Məhkəmə qərarları › İş №2-1(105)-998/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-998/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-998/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2inin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onlara qaçqın statusunun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-4778/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 Pakistan İslam Respublikasının vətəndaşıdır. İddiaçı1 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, ona və ailə üzvləri - İddiaçı2 (arvadı), övladları Rumaisa Khan və Abdullah Bangasha qaçqın statusunun verilməsini xahiş etmişdir. İnzibati orqan “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” 28 iyul 2023-cü il tarixli, İQ-52/4 nömrəli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “... ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, ərizəçinin və arvadının qeyd etdikləri kimi bir neçə dəfə telefon zəngləri vasitəsilə hədələndiklərinə, arvadına fiziki xəsarət yetirilməsinə baxmayaraq, onlar polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışlar. Bundan əlavə, ərizəçi özünə qarşı naməlum şəxslər tərəfindən təhdidin olması səbəbindən 2022-ci ilin noyabr ayında Hanqu şəhərindən Abbotabad şəhərinə dostunun yanına getmiş, özünün də bildirdiyi kimi bu şəhərdə ona qarşı heç bir təhdid olmamasına baxmayaraq, oranı tərk edib Lahora, sonra da Buneyr və İslamabad şəhərlərinə getmiş və sonra Hanqu şəhərinə qayıtmış, 10 aprel 2023-cü il tarixdən Bakıya gələnədək orada qalmış və heç bir təhdidlə üzləşməmişdir. Özünün Hanqu şəhərindən Pakistanın digər şəhərlərinə gedib yaşamasına baxmayaraq, arvadı və uşaqları Hanquda qalmış, arvadı öz işi ilə məşğul olmuş, uşaqlar isə məktəbə getmişlər. Buradan belə məlum olur ki, onlara qaldıqları yerdə heç bir ciddi təhdid olmamışdır. Getdiyi şəhərlərdə təhdidlə üzləşməməsinə baxmayaraq, bir şəhərdən digərinə getməsinin səbəbini isə ərizəçi bir yerdə çox qalmaq istəməməsi ilə izah etmişdir. Bundan əlavə, müsahibəsi zamanı verdiyi məlumatlardan məlum olmuşdur ki, ərizəçi 2010-2012-ci illərdə ilk dəfə Azərbaycanda olmuş, burada dil kurslarında təhsil almış, bu ölkə onun xoşuna gəldiyi üçün növbəti dəfə ailə üzvlərini də Azərbaycana gətirmişdir. Özünün və arvadının müsahibələri zamanı dediklərindən müəyyən edilmişdir ki, Azərbaycana gəlməkdə məqsədləri təhlükəsiz olduğu üçün müvəqqəti olaraq burada qalmaqdır. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İş materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar”. Həmin qərarla razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onlara qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşı kimi onlara qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdilər. Müraciətləri ilə əlaqədar onlar və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı1 qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizə-anketinin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının xayber-Paxtunxva vilayətinin Hanqu rayonunun Sarozay kəndində anadan olduğunu, milliyətçə puştun (banqaş tayfası), dini etiqadına görə müsəlman (sünni) olduğunu, 2000-ci ildə Hanqu şəhərindən “Public Hing school” adlı məktəbdə orta təhsil, 2002-ci ildə Peşəvər şəhərində “X2” adlı məktəbdə tam orta təhsil, 2004-2008-ci illərdə Çinin Dalyan şəhərində tibb üzrə təhsil, 2010-2012-ci illərdə Azərbaycanda dil kursunda iştirak etmiş və 2015-2016-cı illərdə Peşəvər şəhərində Peşəvər Universitetində ictimai elmlər üzrə bakalavr təhsilini aldığını bildirmişdir. Əmək fəaliyyəti barədə isə məlumat verərkən 2008-2010-cu illərdə Hanquda orta məktəbdə ingilis dili və biologiyadan dərslər keçdiyini, 2014-2016-cı illərdə “Shid” və “Sabaun” adlı QHT-lərdə sosial işçi, 2016-2022-ci illərdə hanquda “Rehman medicaf store” adlı şəxsi aptek işlətdiyini və 2020-2022-ci illərdə əmlakçı kimi işlədiyini qeyd elmişdir. Ailə vəziyyəti barədə isə bildirmişdir ki, evlidir, atası vəfat etmiş, anası, 2 qardaş və 4 bacısı Pakistandadır, arvadı və 2 övladı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və hazırda onunla birlikdə burada yaşayırlar. Belə ki, qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən əlavə olaraq bildirmişdir ki, o, “X5” adlı partiyanın üzvü olmuş və 2018-ci ildən isə İmran Xanın “PTİ” (pakistan Tehrik-e-İnsaf) adlı partiyasına qoşulmuş və yaşadığı Hanqu rayonunda həmin partiyanın baş müşaviri kimi fəaliyyət göstərmiş, lakin, onun partiyaya üzv olmağı barədə heç bir sənədi məhkəməyə təqdim edə bilmir. O və ailəsi Pakistan Respublikasında yaşayan zaman təhdid olunur və ölümlə hədələnirdilər. Təhdid olunmalarının səbəbi siyasi fəaliyyəti ilə bağlı olmamışdır. Bunun səbəbi ondan ibarətdir ki, onlar Pakistanda QHT-lərdə sosial fəaliyyətlə məşğul olmuşlar, həyat tərzi və arvadının geyim tərzi puştun adət və ənənələrinə uyğun olmamışdır. Bununla bağlı onlar naməlum şəxslər tərəfindən bilərəkdən şiddətə məruz qalmışdır. Naməlum şəxslər tərəfindən arvadına hədə-qorxu ilə zənglər gəlib, hətta küçə ortasında arvadı naməlum bir şəxs - motokislet sürücüsü tərəfindən bilərkədən vurulmuşdur. Yaşadığı ərazinin Əfqanıstan sərhəddi ilə yaxın olması və onların həyatının ciddi şəkildə təhlükə altında olduğunu nəzərinə çatdırır. Bütün bu yuxarıda qeyd etdikləri ilə bağlı cavabdehə müraciət etdiyi zaman qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı1 (pasport nömrəsi: AC6443383) ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-52/4 nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Hüquq- mühafizə orqanlarına şikayət ünvanlanmamış; 3. 2014-cü ildə ailə qurmalarına baxmayaraq təhdidə 2022-ci ildə məruz qalmaları inandırıcı deyil; 4. Əvvəlcə təhdid və təqibin sosial-məişət zəminində olduğunu bildirsə də, sonradan bunu siyasi təqibə istiqamətləndirmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən, 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-4778/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçılar “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş əsaslarda və “Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası” nın 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Həmçinin, bununla bağlı hər hansı etibarlı dəlil məhkəməyə təqdim etməmişdir. Maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Belə olan halda iddia tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə iddiaçı tərəfindən onun və ailə üzvlərinin şiddətə və təhdidə məruz qalması ilə bağlı sübutlar tədim edilsə də, birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası:

1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin, onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçılara qaçqın statusu verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi cavabdehin imtina qərarını əsaslı sayaraq iddiaçıların “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş əsaslarda və “Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası” nın 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunduqlarının müəyyən edilmədiyi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan hüquq normalarının tələbləri baxımından nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan, məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. İşin hüquqi halları ilə bağlı qeyd edilməlidir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan, qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıların öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacaqları və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçılar hazırkı tələblərini İddiaçı1 Pakistan Respublikasında QHT-lərdə sosial fəaliyyətlə məşğul olduğundan həyat tərzinin və onun arvadı olan digər İddiaçı2inin geyim tərzinin puştun adət və ənənələrinə uyğun olmadığı, bu baxımdan həmin ölkədə təqib və təhdidə məruz qaldıqları ilə əsaslandırmışdır. İddiaçılar qeyd edilən səbəblərdən təqibə məruz qaldıqlarını, hətta İddiaçı2inin naməlum şəxs tərəfindən döyülərək şiddətə məruz qaldığını iddia etsələr də, işdən görünür ki, onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, müraciət ediklərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Bundan əlavə, iddia ərizəsinin dəlillərində iddiaçılar özləri İddiaçı1 siyasi fəaliyyətlə məşğul olsa da, təqibə məruz qalma səbəblərinin onun siyasi fəaliyyəti ilə əlaqədar olmadığını qeyd etmişdirlər. Həmçinin, onların irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçıların Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçılar tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçılar həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. Sadəcə olaraq təqibə məruz qalacaqları və ya təqib riskinin mövcudluğunu iddia etmələri yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Göründüyü kimi iddiaçıların qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın" a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji mübahisələr üzrə 2-1(102)-3182/2019, 2-1(102)-2143/2020, 2-1(102)-366/2021 və 2- 1(102)-535/2021 nömrəli qərarlarında kassasiya instansiya məhkəməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçıların vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-4778/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar