Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-10/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-671/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 07 iyul 2022-ci il tarixli, 2-1(120)-671/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək dövlət texniki peşə məktəbində “üçüncü dərəcəli traktorçu maşinist” ixtisası üzrə təhsil almış, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sabirabad rayonunda SMU-17 İdarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həmin idarənin ATP-7 hissəsinin trestində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Saatlı-Sərnişin” ATSC-də əmək fəaliyyəti olmuşdur. Onun xx.xx.1981-ci il tarixdən işə qəbul olunmağına dair əmri vardır, lakin müəssiəsinin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1988-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən Sabirabad və Saatlı rayonlarında ümümilikdə 27 ilə yaxın əmək fəaliyyəti barədə əmək kitabçasında qeydlər aparılsa da cavabdeh inzibati orqan əmək fəaliyyəti illərini faktiki olaraq qəbul etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bütün sadaladıqlarını təsdiq edən peşə təhsili barədə attestatı, həqiqi hərbi xidmət barədə hərbi bileti, əmək kitabçası və arxiv arayışı vardır. İşlədiyi idarənin sənədlərinin arxivə təhvil verilməməsi və ya arxivdə saxlanılmaması onun təqsiri deyildir, buna görə də məhkəmə bunları nəzərə almalıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix xx.xx.2021-ci ildir, yəni 65 yaşdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdiyi sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyildir. İddiaçının mübahisəsiz iş stajı dövrü xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək dövlət texniki peşə məktəbində təhsil müddəti, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olduğu müddət və xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Sabirabad avtobazasında SMU-17-də və ATP-7 trestlərində işlədiyi dövrlərdir. İddiaçının əmək kitabaçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Saatlı-Sərnişin” ATSC-dəki iş stajının doğruluğu Saatlı rayon Dövlət Arxivində araşdırılmışdır. Araşdırma zamanı iddiaçının xx.xx.1981-ci il tarixdə işə qəbul olunma əmrinin doğruluğu təsdiq olunmuşdur. Lakin müəssisənin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, “Saatlı-Sərnişin” ATSC-nin çevrilməsi ilə əlaqədar həmin müəssisəyə məxsus bir ədəd dairəvi möhür məhv edilmişdir. İddiaçının əmək kitabçasındakı müvafiq qeyd isə xx.xx.2005-ci il tarixdə “Saatlı-Sərnişin” ATSC-nin möhürü ilə, yəni ləğv edilmiş müəssisənin möhürü ilə təsdiq edilmişdir. Bu da, iddiaçının əmək kitabçasındakı müvafiq qeydin qanunsuz və əsassız olduğunu göstərir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, yadında qalan odur ki, o, 1990cı illərin sonlarına qədər (ya 1997-ci il, ya 1998-ci il, ya da 1999-cu il idi, tam yadında deyil) “Saatlı-Sərnişin” ATSC-də işə gedib-gəlirdi və əmək haqqı alırdı. Lakin sonralar müəssisənin elə bir fəaliyyəti olmamışdır. Onun sonuncu rəhbəri Nazim Cabbarov olub və o, artıq vəfat etmişdir. Tam ili yadında deyil, “Saatlı-Sərnişin” ATSC fəaliyyətini tam dayandırdıqdan sonra əmək kitabçasını ona həmin müəssisənin işçisi olmuş Feyzulla Mamedov təqdim etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Saatlı rayonu, Məzrəli kəndində doğulmuş, Saatlı rayonu, Naharlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1974-cü il tarixli, 6051 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Saatlı şəhər texniki peşə məktəbində təhsil almışdır. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində və notarial tərcüməsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Sabirabad avtobazası 17 nömrəli Tikinti Quraşdırma İdarəsində (sonradan “Azmeliorasiyasutikinti” trestinin Sabirabad 7 nömrəli Avtonəqliyyat müəssisəsi adlandırılmışdır) işləmiş, həmçinin xx.xx.1981-ci il tarixdə Saatlı rayon Avtomobil müəssisəsinə (Saatlı avtokolonuna) sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən sürücü vəzifəsindən azad edilmişdir (həmin qeyd “Saatlı-Sərnişin” ATSC-nin sədri Cabbarov tərəfindən imzalanıb “Saatlı-Sərnişin” ATSC-nin möhürü ilə təsdiq edilmişdir). İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin baş mütəxəssisləri İlqar İbişovun, Əfşar Əsgərovun və Saatlı rayon Dövlət Arxivinin müdiri Gülağa Abışovun iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, İddiaçı “Saatlı-Sərnişin” ATSC (Saatlı avtokolonu) 1981-2005ci illər üzrə əmək fəaliyyəti Saatlı rayon Dövlət Arxivində araşdırıldı. Araşdırma zamanı aşağıdakı qeydlər müəyyən edildi: İddiaçı xx.xx.1981-ci il tarixdə 29 l/s nömrəli əmrə əsasən “Saatlı-Sərnişin” ATSC-də (Saatlı avtokolonu) 32-30 nömrəli “PAZ-672” markalı avtobusa sürücü vəzifəsinə təyin olunmuşdur. “Saatlı-Sərnişin” ATSC (Saatlı avtokolonu) üzrə 1992-2005-ci illərin əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı əmr kitabları saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı əmək fəaliyyətini və əmək haqqını yoxlamaq mümkün olmadı. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-xx.xx.2005-ci illərdə “Saatlı-Sərnişin” ATSC-də əmək fəaliyyətində olmuşdur. Filialın əməkdaşları tərəfindən həmin dövrlərə aid iş stajının doğruluğu Saatlı rayon Dövlət Arxivində araşdırılmışdır. Araşdırma zamanı xx.xx.1981-ci il tarixdə işə qəbul olunma əmrinin doğruluğu təsdiq olunmuşdur. Lakin müəssisənin 1992- 1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən onun iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 77 nömrəli arayışdan görünür ki, Saatlı rayon Avtomobil müəssisəsi üzrə xx.xx.1981-ci il tarixli, 29 l/s nömrəli əmrlə İbrəhimov X8 müəssisəsinə 2-ci dərəcəli sürücü qəbul edilmişdir. 1998-ci ildən sonra Avtomobil müəssisəsi arxivə sənəd təhvil vermədiyi üçün İddiaçı işdən azad edilməsini araşdırmaq mümkün olmadı. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının Saatlı rayon qəbul şöbəsinin baş mütəxəssisləri İlqar İbişovun, Əfşar Əsgərovun və Saatlı rayon Dövlət Arxivinin müdiri Gülağa Abışovun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 29 l/s nömrəli əmrlə Saatlı avtokolonunda “PAZ-672” markalı, 32-30 nömrəli avtobusa 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir. “Saatlı-Sərnişin” ATSC-nin (Saatlı avtokolonunun) 2005-ci il üzrə əmr kitablarının, əmək haqqı cədvəlləri və kitablarının mühafizə olunmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən İddiaçı 1981-2005-ci illər üzrə əmək haqqının doğruluğunu müəssisənin 2005-ci il üçün əmr kitablarına, həmçinin 1981-2005-ci illər üçün əmək haqqı cədvəllərinə əsasən yoxlamaq mümkün olmamışdır. Yoxlama zamanı müəssisənin 1981-ci il üzrə əmr kitabında heç bir qaralama, düzəliş və uyğunsuzluq aşkar edilmədi. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Saatlı avtokolonunda, “Saatlı- Sərnişin” ATSC-də, "xxxx" MMC-də işləməsi barədə sosial sığorta stajının doğruluğunun həmin müəssisələrin nümayəndələrinin iştirakı ilə yoxlanılması hal-hazırda müəssisələrin fəaliyyətlərinin və hüquqi ünvanlarının məlum olmaması səbəbindən mümkün olmamışdır. Saatlı avtokolonunun, “Saatlı-Sərnişin” ATSC-nin əmək haqqı kitabları və xx.xx.1999-cu il tarixdən sonrakı dövr üçün əmr kitabları, "xxxx" MMC-nin isə əmr və əmək haqqı kitabları da daxil olmaqla heç bir arxiv sənədi Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyi səbəbindən həmin dövrlər üzrə İddiaçı sosial sığorta stajının doğruluğunun arxiv nümayəndələrinin iştirakı ilə əmr və əmək haqqı kitablarına əsasən yoxlanılması mümkün olmamışdır. Saatlı avtokolonunun 1981-ci ilə aid Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabında İddiaçı xx.xx.1981-ci il tarixli, 29 nömrəli əmrlə işə qəbul olunması müəyyən olundu. İşdə olan Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışda qeyd edilmişdir ki, Saatlı avtokolonunun və “Saatlı-Sərnişin” ATSC-nin əmək haqqı kitabları və xx.xx.1999-cu il tarixdən sonrakı dövr üçün əmr kitabları, "xxxx" MMC-nin isə heç bir arxiv sənəd materialları (əmr və əmək haqqı kitabları daxil olmaqla) saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Saatlı avtokolonunun və “Saatlı-Sərnişin” ATSC-nin xx.xx.1999-cu il tarixədək əmr kitabları hal-hazırda Saatlı rayon Dövlət Arxivində saxlanılır. İşdə olan Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********849500 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Əsas fəaliyyət növü “Mərkəzi ofislərin fəaliyyəti” kimi uçot məlumatlarında qeyd olunmuşdur. Dövlət reyestrində "xxxx" MMC-nin hüquqi ünvanı Saatlı şəhəri, Heydər Əliyev prospekti, ev 23, rəhbəri Şahid2 olaraq qeyd olunmuşdur. "xxxx" MMC Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2633 nömrə ilə dövlət qeydiyyatına alınmış “Saatlı-Sərnişin” ATSC-nin hüquq varisidir. "xxxx" MMC xx.xx.2018-ci il tarixdə təqdim etdiyi ərizəyə əsasən fəaliyyətini xx.xx.2018-ci il tarixdən bərpa etmişdir. xx.xx.2019-cu il tarixdə təqdim etdiyi ərizəyə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024cü il tarixədək sahibkarlıq və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə təqdim etdiyi ərizəyə əsasən fəaliyyətini xx.xx.2019-cu il tarixdən bərpa etmişdir. Hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Həmin məktuba əlavə edilmiş “Saatlı-Sərnişin” ATSC-nin nizamnaməsinin surətindən görünür ki, “Saatlı-Sərnişin” ATSC xx.xx.1998-ci il tarixdə D-2633 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə 0605-13-428 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC “Saatlı-Sərnişin” ATSC-nin hüquq varisidir. İşdə olan Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********226200 nömrəli məktubda qeyd edilmişdir ki, “Saatlı-Sərnişin” ATSC “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”-na və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərəncamı əsasında xx.xx.1998-ci il tarixdə D-2633 nömrə ilə “Avtonəqliyyat” Dövlət Konserninin Saatlı şəhəri, Azərbaycan prospekti 23 ünvanında yerləşən Saatlı Sərnişin Nəqliyyat Müəssisəsinin balansında dövlət qeydiyyatına alınmışdır. “Saatlı-Sərnişin” ATSC-nin xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən hüquqi şəxs adını və təşkilati-hüquqi formasını dəyişərək yenidən təşkil olunmuş və xx.xx.2005-ci il tarixdə hüquq varisi olan "xxxx" MMC (VÖEN: **********) kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı tarixdən dövlət reyestrində "xxxx" MMC-nin hüquqi ünvanı Saatlı şəhəri, Heydər Əliyev prospekti, ev 23, təsisçisi Şahid1, rəhbəri Şahid2 olaraq qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi Şahid1 xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, “Saatlı-Sərnişin” ATSC-nin səhm paketinin ********* manat məbləğdə olan 100 faizinin Şahid1 oğluna keçməsi barədə imzalanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, “Saatlı-Sərnişin” ATSC-nin bundan sonra məhdud məsuliyətli cəmiyyət formasında fəaliyyəti məqsədəuyğun hesab olunduğuna görə “Saatlı- Sərnişin” ATSC-nin bazasında "xxxx" MMC-nin təsis edilməsi, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, cəmiyyətin baş direktoru vəzifəsinin icrasının Şahid2 tapşırılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, bu akt Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2633 nömrə ilə qeydiyyata alınmış “Saatlı-Sərnişin” ATSC-nin "xxxx" MMC-yə çevrilməsi ilə əlaqəldar təsisçinin qərarına əsasən tərtib edilmişdir. Çevrilmə formasında yenidən təşkil edilmiş “Saatlı-Sərnişin” ATSC-nin mühasibat balansı üzrə bütün aktivləri və passivləri "xxxx" MMC-yə təhvil verilir. Çevrilmə faktı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan “Saatlı- Sərnişin” ATSC-nin üçüncü şəxslər, o cümlədən bütün kreditorlar və borclular qarşısında öhdəlikləri, o cümlədən tərəflərin mübahisəli öhdəlikləri "xxxx" MMC-yə keçməklə "xxxx" MMC “Saatlı-Sərnişin” ATSC-nin hüquq varisi olur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsinin surətində Şahid1 qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən təsis edilmiş, Ədliyyə Nazirliyində xx.xx.1998-ci ildə D-2633 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınan, “Saatlı-Sərnişin” ATSCnin bütün səhmlərinə malikdir və onun bazasında hüquq varisi kimi "xxxx" MMC təşkil etmişdir. Həmin cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edir. Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdardır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinin baş məsləhətçisi X1, aparıcı məsləhətçi X10 və məsləhətçi X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2005-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, “Saatlı-Sərnişin” ATSC-nin çevrilməsi ilə əlaqədar cəmiyyətə məxsus bir ədəd dairəvi möhür məhv edildi. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3/2-292-2023 nömrəli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”-na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin Saatlı Sərnişin Nəqliyyat Müəssisəsinin bazasında “Saatlı-Sərnişin” ATSC yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizəsində Şahid1 qeyd etmişdir ki, o, xx.xx.2005-ci ildə qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisidir. ünvan 7 ünvanında yaşayan Şahid2 isə həmin cəmiyyətin direktorudur. "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən hüquq varisliyini qəbul etdiyi “Saatlı-Sərnişin” ATSC-nin həmin vaxtda heç bir fəaliyyəti olmamışdır. O cümlədən "xxxx" MMC də fəaliyyət göstərməmiş və təbii ki, İddiaçı adlı işçisi də ola bilməzdi. "xxxx" MMC “Saatlı-Sərnişin” ATSC-nin hüquq varisliyini qəbul edərək onun vergiyə, DSMF-yə olan bütün borc və öhdəliklərini ödəyərək bağlamışdır. "xxxx" MMC-nin təsisçisi olaraq onun fəaliyyəti ilə bağlı göstərdiklərindən artıq hər hansı məlumata malik deyildir və qanunla məlumatlı olmaq öhdəliyi də yoxdur. Bu səbəbdən də inzibati iş üzrə məhkəmədə şahid qismində iştirak etməsi lüzumsuzdur və verəcəyi ifadənin də heç bir sübut əhəmiyyəti olacağını düşünmür. Ona görə də yuxarda göstərilənlərin, pensiyaçı olduğunun və Bakı şəhərində yaşadığının nəzərə alınmasını, məhkəmə prosesinə gələ bilməyəcəyinin üzrlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (10 ay 27 gün) Saatlı şəhər texniki peşə məktəbində təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 27 gün) hərbi xidmətdə olduğu və əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (3 il 2 ay 28 gün) Sabirabad avtobazası 17 nömrəli Tikinti Quraşdırma İdarəsində (sonradan “Azmeliorasiyasutikinti” trestinin Sabirabad 7 nömrəli Avtonəqliyyat müəssisəsi adlandırılmışdır) işlədiyi müddətlərin (ümumilikdə 6 il 2 ay 21 gün) onun sosial sığorta stajına daxil edilməsinə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (24 il 8 ay 1 gün) “Saatlı-Sərnişin” ATSC-də işlədiyini iddia etdiyi müddətin sosial sığorta stajı kimi qəbulunun mümkünlüyü ilə bağlı meydana çıxmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Saatlı-Sərnişin” ATSC-də iş stajının doğruluğu tərəflərindən araşdırılarkən onun xx.xx.1981-ci il tarixdə işə qəbul olunma əmrinin doğruluğu təsdiq olunmuş, lakin sözügedən müəssisənin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitabları arxivdə saxlanılmadığından iddiaçının iş stajının həmin dövrlər üzrə yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Saatlı-Sərnişin” ATSC-də işləmiş olması işin faktiki halları ilə sübuta yetmir. Eyni zamanda, iddiaçı tərəfindən də məhkəməyə sözügedən müəssisədə xx.xx.2005-ci il tarixədək işlədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.1981-ci il tarixdə sözügedən müəssissəyə daxil olduğu müəyyən edilsə də, sözügedən müəssisənin əmək haqqı kitabları və xx.xx.1999-cu il tarixdən sonrakı dövr üçün əmr kitabları dövlət arxivinə təhvil verilmədiyindən iddiaçının xx.xx.2005-ci il tarixədək həmin müəssisədə işləmiş olması arxiv məlumatları ilə öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus əmək kitabçasındakı onun xx.xx.2005-ci il tarixdə işdən azad edilməsi barədə “Saatlı-Sərnişin” ATSC-nin sədri Cabbarov tərəfindən imzalanıb “Saatlı- Sərnişin” ATSC-nin möhürü ilə təsdiq edilmiş qeydə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı “Saatlı-Sərnişin” ATSC-nin səhm paketinin 100 faizini alqı-satqı müqaviləsi ilə əldə edən təsisçi Şahid1 oğlunun xx.xx.2005-ci il tarixli qərarı ilə “Saatlı-Sərnişin” ATSC-nin çevrilmə formasında yenidən təşkil edilərək onun bazasında "xxxx" MMC-nin təsis edildiyi və xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Saatlı-Sərnişin” ATSC-nin çevrilməsi ilə əlaqədar sözügedən müəssisəyə məxsus bir ədəd dairəvi möhür xx.xx.2005ci il tarixdə müvafiq dövlət orqanı tərəfindən akt tərtib edilərək məhv edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı xx.xx.2005-ci il tarixli sözügedən qeyd həmin tarixdə artıq mövcud olmayan “Saatlı-Sərnişin” ATSC-nin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda, iddiaçının əmək kitabçasındakı xx.xx.2005-ci il tarixli sözügedən qeyd mötəbər hesab edilə bilməz. Həmçinin işə apellyasiya qaydasında baxılarkən iddiaçı da verdiyi izahatında “Saatlı-Sərnişin” ATSC-də xx.xx.2005-ci il tarixədək deyil, dəqiq tarix deyə bilməsə də 1990-cı illərin sonuna qədər işlədiyini bildirmişdir. İşdən görünür ki, xx.xx.1999-cu il tarixədək sözügedən müəssisə ilə bağlı əmək haqqı kitabları dövlət arxivinə təhvil verilməmişdir və həmin tarixədək sözügedən müəssisə ilə bağlı dövlət arxivində yalnız əmr kitabları mövcuddur. Həmin əmr kitablarından da sadəcə iddiaçının xx.xx.1981-ci il tarixdə sözügedən müəssisəyə işə daxil olması müəyyən edilir. xx.xx.1999-cu il tarixədək (17 il 8 ay 3 gün) “Saatlı-Sərnişin” ATSC-də işləmiş ola biləcəyi nəzərə alınsa belə iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır. Həmçinin məhkəmə araşdırması nəticəsində qeyd edilənlərlə əlaqədar əlavə sübutların əldə edilməsi mümkün olmamış, iddiaçı da bununla bağlı məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Belə olan halda da, fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmayan iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən az sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Eyni zamanda, əlavə sosial sığorta stajının olması ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-671/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdehə qarşı onun dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(120)-671/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdehə qarşı onun dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-10/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-10/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver