Məhkəmə qərarları › İş №2-1(106)-100/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-100/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-100/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(120)-1079/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, 1982-ci il tarixdən hal-hazıradək müxtəlif vəzifələrdə əmək fəaliyyətində olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən onun 12 il 6 aydan az (8 ay 22 gün - xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr) güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1961-ci il tarixdə Əli Bayramlı rayonu, Şıxsalahlı kəndində anadan olmuş, 1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Qeyd edilən inzibati orqanın ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiyaya çıxma stajı 12 il 6 aydan azdır. Bildirirlər ki, 1982-ci il tarixindən əmək fəaliyyəti ilə məşğuldur və əmək stajının 16 ildən çoxu “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş staja aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Belə ki, əmək kitabçasına əsasən o, 25 ildən artıq ümumi iş stajını, 12 il 6 aydan çox güzəştli iş stajını toplamışdır. İşlədiyi peşələr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmışdır. Bundan başqa o, keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu ilə razı deyil, ona verilən imtina qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, 20 il sığorta malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «b» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandıqı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmağı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. Bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş dörd şərt ödənilməlidir: 1) Müəyyən olunmuş 60 yaş həddinə çatması; 2) ümumi iş stajının 25 il olması; 3) güzəştli iş stajının 12 il 6 ay olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, filiala təqdim edilən “X6” Şirkətinin xx.xx.2021ci il tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə İddiaçı işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda iddiaçının xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyi qeyd edilib. Göründüvü kimi, işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi, nasos qurğularının maşinisti və böyük masinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmis “Güzəstli sərtlərlə yasa görə əmək pensivası hüququ verən istehsalatların, pesələrin, vəzifələrin və qöstəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı qüzəştli is stajı 12 il 6 aydan az (8 ay 22 gün (xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təskil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1079/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi qərarda qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin üzərinə qoyulması” barədə İddiaçı iddia tələbi təmin olunmamalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(120)-1079/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-cı il tarixli, 2-1(120)-1079/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, arayış, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan redaksiya) . Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatdığını, tələb olunan pensiya kapitalını topladığını və azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçı müxtəlif tarixlərdə işlədiyi “suvurma üzrə maşinist/operator”, “nasos qurğularının maşinisti və böyük maşinisti” vəzifələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Filiala təqdim edilən “X6” Şirkətinin xx.xx.2021- ci il tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə İddiaçı işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda iddiaçının xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi, nasos qurğularının maşinisti və böyük masinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmis “Güzəstli sərtlərlə yasa görə əmək pensivası hüququ verən istehsalatların, pesələrin, vəzifələrin və g östəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı güzəştli is stajı 12 il 6 aydan az (xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təskil edir”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.2005-xx.xx.2009-cu illərdə işlədiyi suvurma üzrə işlədiyi maşinist/operator vəzifəsi, xx.xx.2009-xx.xx.2020-ci illərdə işlədiyi nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələri mübahisələndirilir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının ümumi və güzəştli iş stajını təsdiq edən zəruri sənədlər iş materiallarında mövcuddur. Belə ki, iş materiallarında olan 05 dekabr 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixli, 2 saylı əmrlə həmin tarixdən Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda hesabdar vəzifəsinə qəbul olunmuş, xx.xx.1988-ci il tarixli, 3 saylı əmrlə öz əizəsinə əsasən işdən azad edilmiş (02 il 02 ay), xx.xx.1988-ci il tarixli, 54 nömrəli əmrlə həmin tatixdən keçmiş SSRİ X8 rayon şöbəsində nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü il tarxili, 33 nömrəli əmrlə ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (06 il 22 gün), xx.xx.1994-cü il tarixli, 23 saylı əmrlə həmin tarixdən Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda hesabdar, xx.xx.1995-ci il tarixli 01 saylı əmrlə mühasib-xəzinədar vəzifələrinə qəbul olunmuş, xx.xx.1998-ci il tarixli 05 saylı əmrlə öz əizəsinə əsasən işdən azad edilmiş (03 il 28 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Karasu Əməliyyat Şirkəti”ndə “suvurma üzrə maşinist/operator”, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək həmin şirkətin Lay təzyiqinin saxlanması sexində “nasos qurğusunun maşinisti”, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin sexdə “nasos qurğusunun böyük maşinisti”, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şirkətin Neftin kompleks hazırlanması və vurulması sexində “texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifələrində (16 il 03 ay 08 gün) işləmiş və hal-hazırda həmin vəzifədə işləyir. « İş materiallarında olan “X6” şirkətinin xx.xx.2023-cü il tarixli, 04-2/133 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı Kayman Adalarının “X6” şirkətinin filialında “Neftin kompleks hazırlanması və vurulması sexi”ndə texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifəsində işləyir. İddiaçı xx.xx.2009-xx.xx.2020-ci illərdə nasos qurğusu maşinisti və baş maşinist (texnoloji nasos maşinisti vəzifəsi ilə eynidir) kimi işləyərkən vəzifələri müxtəlif sistemli nasos və boru-nasoslarla təchiz edilmiş nasos stansiyalarının (yarımstansiyaların, qurğuların) xidməti, mühərrik və nasosların işə salınması, iş rejiminin tənzimlənməsi və işinin dayandırılması, çöl şəraitində və tikinti meydançalarında nasosların və nasos aqreqatlarının xidməti, xidmət göstərilən sahənin şəbəkəsində mayenin verilən təzyiqinin saxlanmasına nəzarət, daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında transformator yarımstansiyalarının xidmət, nasos avadanlıqlarının, həmçinin texnoloji avadanlqıların, elektrik mühərriklərinin və elektrik sxemlərinin işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, orta mürəkkəb elektrotexniki işlərin yerinə yetirilməsi, sahənin (yarımstansiyaların) elektroavadanlığının yüklənməsinin tənzimlənməsi, təmirə ehtiyacı olan qüsurlu avadanlıqların siyahısının tərtibi, xidmət göstərilən sahənin ötürücü mühərriklərin, nasosların, armaturların və boru kəmərlərinin fasiləsiz işinə, həmçinin şəbəkədə suyun təzyiqinə nəzarət, xüsusi mürəkkəb nasos avadanlıqlarının, su qurğularının, nəzarət cihazlarının, avtomatika və qoruyucu qurğuların tənzimlənməsi və yoxlanması, nasos qurğularında mürəkkəb qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlığın gərginlik şəraitində yoxlanması və sınağı, nəzarətölçü cihazlarının dəyişdirilməsi, müxtəlif sistemli nasoslarla təchiz edilmiş su pulpa və digər qatı olmayan mayelər ötürən nasos qurğularına xidməti, mühərrik və nasosların işə salınması, sahə şəraitində tikinti və sənaye meydançalarında hər biri saatda 1000-dən 3000 kubmetrə qədər su ötürən nasos və hər biri saatda 600 kubmetrdən artıq nasoslu aqreqatlara və vakumlu nasos və iynə filtirli qurğulara xidmət, istehsal gücü 18000 kubmetrdən yuxarı metanlı hava qarışığı olan kömür şaxtaların deqazlaşması üzrə vakumnasos qurğularına xidmət, xidmət edilən sahə şəbəkəsində verilən su və pulpun lazımi təzyiqlə təmin edilməsi, nasos qurğuları avadanlığının işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması, elektrik mühərriklərinin işə buraxılması və saxlanılması, yastıqlarda yağın olmasının yoxlanılması, yastıqların açılması, yuyulması və sürtülməsi, qoruyucuların dəyişdirilməsi, vurulan məhsulların sızmasının ləğv edilməsi, elektrik avadanlığının təmiri üzrə çilingər işinin görülməsi, avadanlığın iş rejiminə nəzarət edilməsi olmuşdur.”. İddiaçı xx.xx.2009-xx.xx.2020-ci illərdə nasos qurğusu maşinisti və baş maşinist vəzifələri “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndində qeyd edilən “texnoloji nasosların maşinistləri” vəzifəsinə uyğundur Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.2009-xx.xx.2020-ci illərdə işlədiyi “nasos qurğusunun maşinisti və böyük maşinisti” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) bölməsində öz əksini tapan “texnoloji nasosların maşinistləri” peşəsinə uyğundur. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən halhazıradək işlədiyi “texnoloji nasosların 5-ci dərəcə maşinisti” vəzifəsinin güzəştli iş stajına daxil olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək işlədiyi nasos qurğusunun maşinisti və böyük maşinisti (xx.xx.2009-xx.xx.2020-ci illər), eyni zamanda texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifələri güzəştli iş stajı kimi nəzərə alındıqda, onun tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranır. Odur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(120)- 1079/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar