Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-101/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1223/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-1223/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı pensiya təyinatı baxımından lazım olan yaş həddindədir və onun güzəştli iş stajı tələb olunan həcmdədir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunla tələb olunan həcmdə sosial sığorta stajının, o cümlədən güzəştli iş stajının olmasına baxmayaraq, cavabdeh orqan ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 5 iyun 2023-cü il tarixli 13-1/2-T-2240/1-42/2023 nömrəli iddiaçıya dair arayışında Salyan yol distansiyasında xx.xx.1990-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində AQMU kran drezin maşinisti, İnfrastruktur departamentinin 12 nömrəli Salyan yol sahəsində xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində AQM kran drezin maşinisti, xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində drezin maşinisti, xx.xx.2021-ci il tarixindən bugünədək isə İnfrastruktur departamentinin işarəvermə və rabitə xidmətinin 6 nömrəli Salyan işarəvermə və rabitə sahəsində drezin maşinisti vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi drezin maşinisti, AQMU kran drezin maşinisti, AQM kran drezin maşinisti vəzifələri sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm “Nəqliyyat” bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçiləri bəndində (21.4) nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 13 gün (xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasında “magistral dəmir yollarının yol montyorları” peşəsi, 21.4-cü bəndinin 4-cü abzasında isə “avtomotoristlərin maşinistləri” peşəsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1983-cü iltarixli, ИТ-İ 273277 nömrəli əmək kitabçasının surətində xx.xx.1981-xx.xx.1983-ci il hərbi xidmətdə olması, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə əmək faəliyyətinin olması və hal-hazırda 6 nömrəli Salyan işarəvermə və rabitə sahəsinin emalatxanasında dresin sürücüsü vəzifəsində işləməsi qeyd edilmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-T-2240/1- 42/2023 nömrəli arayışında bildirilir ki, İddiaçı işlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 31 il 9 ay 5 gün təşkil edir. Drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından hesab edilməklə işlədiyi drezin (AQMU, AQM) maşinisti peşəsinin əsas xüsusiyyətləri drezinaların, kran qurğularının və digər xüsusi drezin mexanizmlərinin idarə edilməsindən, həmçinin fəhlələrin, materialların, avadanlıqların və qurğuların iş yerinə daşınmasından, yol montyoru peşəsinin əsas xüsusiyyətləri isə yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 4 və 22-ci abzaslarına uyğundur. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-7955/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, yol montyoru, AQMU kran drezin maşinisti, AQM kran drezin maşinisti və drezin maşinisti peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1 müvafiq olaraq yol montyoru (təmirçisi), avtomotorist maşinisti və drezin sürücüsü peşə adları altında təsbit edilmişdir. Salyan yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Həmçinin drezinalar (o cümlədən AQMU və AQM) özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından hesab edilir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-1095/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin Salyan yol distansiyasında və 12 nömrəli Salyan yol sahəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən yol montyoru peşəsində xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək 3 ay 12 gün, AQMU kran drezin maşinisti peşəsində xx.xx.1990-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 25 il 11 ay 19 gün, AQM kran drezin maşinisti peşəsində xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 2 il 5 ay 10 gün, drezin maşinisti peşəsində xx.xx.2018-ci il tarixindən 07.01,2020-ci il tarixinədək 1 il 4 ay 30 gün, 6 nömrəli Salyan işarəvermə və rabitə sahəsində drezin maşinisti peşəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 il 10 ay 15 gün, Texnoloji nəqliyyat xidmətində xx.xx.2023-cü il tarixindən bu günə qədər 5 ay 10 gün olmaq üzrə ümumilikdə güzəştli iş stajı 32 il 5 ay 4 gün təşkil edir. İddiaçı hal-hazırda ADY-nin İnfrastruktur departamentinin Texnoloji nəqliyyat xidmətinin Dəmiryolu texnikası sahəsində drezin maşinisti olaraq əmək fəaliyyətini davam etdirir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-4424/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı magistral dəmiryolları üzrə xidmət göstərmiş ADY-nin Salyan yol distansiyasında çalışdığı yol montyoru peşəsi üzrə işin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 22-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 1-ci hissəsinin 19-cu abzasında (kod: 23001000 - 19825) nəzərdə tutulmuş “magistral dəmir yollarının yol montyorları” peşəsi, həmin distansiyada, 12 nömrəli Salyan yol sahəsində, 6 nömrəli Salyan işarəvermə və rabitə sahəsində və Texnoloji nəqliyyat xidmətində çalışdığı AQMU maşinisti, AQM drezin maşinisti, drezin maşinist köməkçisi peşələrinə münasibətdə isə həmin Siyahıda 28-ci bölmənin 1-ci hissəsinin 4-cü abzasında (kod:23001000—13529) və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 4-cü abzasında nəzərdə tutulmuş “avtomotorislərin maşinistləri” peşəsi ilə uyğunluq (eynilik) təşkil edir. Qeyd edirik ki, “AQMU” və “AQM” hərf birləşməsi kiril əlifbası ilə müvafiq olaraq “АГМУ” və “АГМ” akronimlərini nəzərdə tutmaqla abreviaturada “Автомотриса грузовая монтажная управляемая” və “Автомотриса грузовая монтажная” mənalarını ifadə edir. Eyni zamanda həmin dəmiryol nəqliyyat vasitələri özügedən xüsusi təyinatlı tərkiblər qrupuna aid olan avtomotorislərin tiplərindən hesab edilir. Həmçinin sözügedən peşələr üzrə fəaliyyətin icra olunduğu iş yerlərində aparılmış attestasiyanın nəticələrinə əsasən təhlükəli və zərərli istehsal amillərinə görə həmin peşələrdə çalışan işçilərin əməkhaqlarına zərərli əmək şəraitinə görə müvafiq olaraq 8-12% əlavələr müəyyən edilmişdir. -"xxxx" QSC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktubda qeyd olunmuşdur ki, İddiaçı ADY-nin magistral dəmir yolları üzrə xidmət göstərmiş Salyan yol distansiyasında xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasında göstərilmiş “magistral dəmir yollarının yol montyorları” peşəsinə, Salyan yol distansiya və sahəsində və İnfrastruktur departamentinin Texnoloji nəqliyyat xidmətinin Dəmir yolu texnikası sahəsində xx.xx.1990-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən hal-hazıradək çalışdığı drezin maşinisti peşəsi isə bu qərarın 21.4-cü bəndinin 4-cü abzasında göstərilmiş “avtomotoristlərin maşinistləri” peşəsinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 33 il 8 ay 15 gün təşkil edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1223/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-101/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-101/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver