Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-1015/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-2869/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Cəbrayıl rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olmağını, Cəbrayıl rayonunda döyüşlərdə iştirak etməyini, döyüşlərdə ağır yaralanmağını, ikinci dərəcə Qarabağ Müharibəsi əlili olmağını nəzərə alaraq, 1988-ci ildən 1992-ci ilə kimi qeydiyyatda olduğu Cəbrayıl rayon, Kommunist küçəsində yerləşən 53 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 20 noyabr 2025-ci il tarixli, 2- 1(120)-2869/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mülkiyyətçisi barədə məlumatın təqdim edilməsi mümkün deyil. Göründüyü kimi iddiaçının pasport qeydiyyatına düşmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla yanaşı iddiaçının da həmin fərdi yaşayış evinə hər hansı subyektiv hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, pasport qeydiyyatına alınmasını istədiyi fərdi yaşayış evi qaynatası X2 məxsus olmuşdur. İşin hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyata alınmağa nail olmaq istədiyi daşınmaz əmlaka subyektiv hüququ olmamaqla yanaşı fərdi yaşayış evi də mövcud deyil və iddiaçı faktiki olaraq həmin ünvanda yaşamır. Fərdi yaşayış evi iddiaçının qaynatasına məxsus olması barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır (hüquqmüəyyənedici sənəd və razılıq ərizəsi). Belə ki, Cəbrayıl rayonu 1993-cü ildə Erməni işğalçıları tərəfindən işğal olunarkən rayon ərazisində yerləşən bütün yaşayış evləri məhv edilmişdir. Cəbrayıl rayonu 2020-ci ildə işğaldan azad olunsa da, halhazırda rayon ərazisində bərpa-tamamlama işləri başa çatdırılmamışdır. Eyni zamanda, iddiaçı hazırki iddia tələbi ilə Cəbrayıl rayon Polis Şöbəsinə deyil Daxili İşlər Nazirliyinə müraciət etmiş, Nazirlik iddiaçının müraciətini Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yönəltmiş və sonuncu tərəfindən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlarına qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqdan sonra vəsatəti təmin ediləcəkdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Cəbrayıl rayonu, Daşkəsən kəndində doğulmuşdur. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir. 10 oktyabr 1993-cü ildə ermənilərlə döyüşdə hər iki ayağından, böyrəyindən çoxsaylı qəlpə yarası almışdır. Səhhəti ilə bağlı hərbi xidmətə “Yararsız” kimi 2007-ci ilin sentyabr ayında istefaya buraxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. 1984-cü ildən 1988-ci ilədək Cəbrayıl rayonu, Daşkəsən kəndində, 1988-ci ildən 1996-cı ilə kimi Cəbrayıl rayonu, Komminist küçəsi ev 53-də qeydiyyatda olmuşdur. Ermənilər Qarabağda məlum hadisələrə başlayarkən o, ehtiyatda olan baş leytenant kimi 1988-ci ildən 1991-ci ilədək könüllü, 1992-ci ilin mart ayından Müdafiə Nazirliyinin 722 (896) saylı Cəbrayıl rayonunda yerləşən hərbi hissələrinə daxil olmuşdur. Cəbrayıl rayonunda və ona bitişik kəndlərdə aparılan müdafiə döyüşlərində yaxından iştirak etmişdir. Hərbi hissədə tutduğu vəzifə ilə əlaqədar olaraq 1996-cı ildə Cəbrayıl rayonunda qeydiyyatdan çıxıb Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində xidmət etdiyi hərbi hissənin hərbi şəhərciyində qeydiyyat durmuşdur. Hal-hazırda ünvan 2 ünvanda qeydiyyatdadır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçıya məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Cəbrayıl rayonu, Bayland kəndində doğulmuş, ünvan 3 ünvanda qeydiyyatdadır. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-24586 №-li, xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərindən işğaldan azad edilmiş şəhər və rayonlarına yaşayış yeri üzrə qeydiyyata alınması məskunlaşma bitənədək müvəqqəti məhdudlaşdırılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-45/2-5322/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3-21-3- 02/2-10715/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən (yerləşmiş) fərdi yaşayış evinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mülkiyyətçisi barədə məlumatın təqdim edilməsi mümkün deyil. İddiaçı adına respublika ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyindən məlumatlar təqdim edilmir. -Cəbrayıl Rayon İcra Hakimiyyətinin 5-40/2-545/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, rayon ərazisi xx.xx.1993-cü ildə işğal edilərkən dövlətə və əhaliyə məxsus əmlakla yanaşı əhalinin uçotunu əks etdirən bütün sənədlər işğal zonasında qalmış və işğal dövründə düşmən tərəfindən tamamilə məhv edilmişdir. İşğaldan sonra hazırlanmış əhalinin adlı siyahısında isə İddiaçı adı qeyd olunmamışdır. Əldə olunmuş məlumata görə Cəbrayıl rayonunun işğal dövrü İddiaçı hərbiçi olmuş, rayonun qeydiyyatından çıxmış və indiyədək adı Cəbrayıl rayonu üzrə vahid aylıq müavinət alanların siyahısında olmamışdır. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 3-36-3/2-4686/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X1 və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənəd verilməsi barədə qeyd aşkar edilməmişdir. Bayramov X4 rayonunda dövlət tərəfindən evlə təmin olunmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciətinə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-B-30439 №-li xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlarına qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqdan sonra vəsatəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı pasport qeydiyyatına alınmasını istədiyi fərdi yaşayış evinə dair sənədlər, o cümlədən həmin ünvanda faktiki yaşaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı Cəbrayıl rayonunda anadan olsa da, hazırda Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatdadır və məcburi köçkün statusuna malik deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məslələr “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -1-ci maddəsinin 2-ci hissəsinə əsasən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. İşin faktiki hallarına və araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yaşayır. Yuxarıda şərh olunan Qanunun tələbinə görə şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alına bilər. İddiaçı isə qeydiyyata düşmək niyyətində olduğu ünvanda faktiki olaraq yaşamır və yaşaması hazırki vəziyyətdə mümkün deyil. Eyni zamanda həmin evin hazırda faktiki mövcud olubolmaması müəyyən edilə bilmədiyindən, həmçinin iddiaçının həmin evlə hər-hansı hüquqi bağlılığını (mülkiyyət, istifadə və s) təsdiq edən sübut təqdim edilmədiyindən hazırki tələb mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-2869/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-1015/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-1015/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver