Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-1017/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia növünün düzgün müəyyən edilməməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 2-1(120)-5150/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Rusiya Federasiyası “Yessentuki İdarəetmə, Biznes və Hüquq İnstitutu” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12/0222 qeydiyyat nömrəli bakalavr diplomundan görünür ki, İddiaçı 38.03.01 “İqtisadiyyat” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə bakalavr dərəcəsi verilmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli NA00019075 nömrəli qərardan görünür ki, iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İddiaçı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” ilə bağlı xx.xx.2025-ci ildə yenidən cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2025-ci il tarixdə iddiaçıya məsələ üzrə imtina qərarı verildiyini bildirmiş, iddiaçı bundan sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə uyğun təhsil almış və diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsas yoxdur. Cavabdehin etirazları: Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2023cü il tarixli NA00019075 nömrəli qərardan qanunla nəzərdə tutulmuş 30 gün müddətində iddia qaldırmamışdır və bu səbəbdən iddia mümkün sayılmamalıdır. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 2-1(120)-5150/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə iş üzrə faktiki halları tam şəkildə araşdırmadan mübahisələndirilən qərardadı qəbul etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili nə nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 2-1(120)-5150/2025 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 2-1(120)-5150/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayəti ilə bağlı qəbul etdiyi məhkəmə aktı üzrə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd). Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Odur ki, hazırki iddia zahirən məcburetməyə dair iddia olsa da, tələb şəxsin həyatı boyu onu müşayiət edən hüququn təmin edilməsi ilə bağlı olduğundan (şəxs hər hansı hüququn ona verilməsini deyil, artıq alıb bitirdiyi təhsilin hüquqi baxımından tanınmasını istəyir.) öhdəliyin icrasına dair iddiadır və bü iddia növü üçün isə xüsusi mümkünlük şərti kimi iddia müddəti nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 2-1(120)-5150/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-1017/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-1017/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver