Məhkəmə qərarları › İş №2-1(106)-103/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-103/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-103/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-819/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 18 iyul 2023-cü il tarixli, 2- 1(120)-819/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən), yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi “X13” ATSC və "xxxx" ATSC-də işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X13” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də sürücü vəzifəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Həmin müəssisələrin mövcudluğu, iddiaçının müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün ATSC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, məktəbli kimi bir neçə il Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxozda işlədikdən sonra 1974-cü ilin əvvəlində həmin kolxozda kolxoz üzvlüyünə qəbul edilib xx.xx.1974-cü ilədək kombayn yedəkçisi kimi işləməyə başlamışdır. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbində oxumuşdur. Bundan sonra xx.xx.1975-ci ildən xx.xx.1977ci il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı şəhərindəki 14 nömrəli Texniki Peşə məkktəbində oxuyub avtomobil çilingəri peşəsinə yiyələnmişdir. xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı Gəmiqayırma zavodunda işləmişdir. Bundan sonra xx.xx.1978-ci ildə X13 İstehsalat Birliyinə sürücü işinə qəbul olunub xx.xx.1998-ci il tarixə kimi orada sürücü işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003- cü ilə kimi Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləmişdir. Təhsil müəssisələrində oxumağı, hərbi xidmətdə olduğu illər və kolxoz və təşkilatlarda işləməyi ona məxsus olan attestat, hərbi bilet və əmək kitabçasında qeyd edilmişdir. Buna baxmayaraq ona xx.xx.2022-ci il tarixdə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2022-ci ilin may ayında DSMF-nə müraciət etmiş, lakin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmiş və X12 ATSC ilə Kürdəmir Avtonəqliyyat ATSC-nin sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyini əsas götürmüşdür. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd olunmuş “X13” ATSC-nin və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, eyni zamanda sözügedən müəssisələr fəaliyyət göstərmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi biletin surətinə və digər sənədlərə əsasən mübahisələndirilməvən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 17 il 2 gün təşkil edir. Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla əsasən eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Kürdəmir “Kəndtəsərrüfatıkimya” Birliyinin fəaliyyətini araşdırmamış, "xxxx"ASC-nin qeydiyyatdan keçməsi tarixini dəqiqləşdirməmişdir. Həm Filial, həm də məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə "xxxx" ASC-nin xx.xx.1996-cı il tarixdən əvvəlki tarixlərdə mövcud olması təsdiq edilməmişdir. Bundan başqa iddiaçının xx.xx.1978-ci il tarixdə "xxxx" İstehsalat Birliyinə işə qəbul edilməsi ilə bağlı qeydin latın qrafikası ilə hazırlanmış möhürlə təsdiq edilməsi həmin qeydlə bağlı şübhə yaradır. Həmçinin "xxxx" ATSC-nin yaradılması haqqında sərəncam xx.xx.1998-ci il tarixdə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı isə müəssisə qeydiyyata alınmazdan 15 gün əvvəl, xx.xx.1998-ci il tarixdə işə qəbul edilmişdir ki, bu hal da əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsi qeyd olunan ziddiyətləri araşdırmadan yekun nəticəyə gəlmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirdi ki, "xxxx" ASC-də iş fəaliyyəti ilə bağlı qeydlər 1998-ci ildə işdən azad olunarkən aparılmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 1980-1999-cu illərdə "xxxx" İstehsalat Birliyində işləmişdir. Bilir ki, iddiaçı ondan əvvəl həmin müəssisədə sürücü işləməyə başlamış, müsəssisə özəlləşdirilən tarixədək iddiaçı ilə həmin müəssisədə işləmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. НЗ ******* nömrəli hərbi biletdə xx.xx.1975-ci il tarixindən xx.xx.1977ci il tarixədək hərbi xidmətdə olması qeyd edilmişdir. -iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində 1974-cü ilin əvvəlində Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxoza kolxoz üzvlüyünə qəbul edilməsi və xx.xx.1974-cü il tarixədək kombayn yedəkçisi kimi işləməsi, peşə məktəbini bitirəndən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Bakı Gəmiqayırma zavodunda, xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X13 İstehsalat Birliyində sürücü, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləməsi qeyd edilmişdir. -Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbinin 1230 nömrəli atestatından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi həmin məktəbdə təhsil almışdır. -14 nömrəli Texniki Peşə məkktəbinin 7344 nömrəli atestatından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi həmin məktəbdə təhsil almışdır. Şahid qismində dindirilmiş X1 məxsus əmək kitabçasından görünür ki, 1980-1999cu illərdə "xxxx" İstehsalat Birliyində və "xxxx" ASC-də işləməsi barədə qeydlər aparılmışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq: -Azərbaycan Respublikası 9 saylı Ərazi Vergilər İdarəsininxx.xx.2022-ci il tarixli, **********657500 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" X16 Cəmiyyəti xx.xx.1999cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və "xxxx" X16 Cəmiyyətinin bazasında xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə təkrar “X4 Səhmdar Cəmiyyəti 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılıb. "Kürdəmir Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılıb. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 dekabr 2022-ci il tarixli 01/3-4666 nömrəli məktubunda göstərilmişdir ki, “X13” ATSC və "xxxx" ATSC 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubunda göstərilmişdir ki,“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və xx.xx.1998ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X5 Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində tam başa çatdırılmışdır.Məktubunuzda qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etmək məqsədəuyğun hesab edilmişdir. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının 30 mart 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialının mütəxəssisləri və Kürdəmir rayon Dövlət Arxivinin müdiri İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X13 “ ATSC-də və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, Kürdəmir Avtonəqliyyat ATSC-də işləməsi faktını qarşılıqlı qaydada yoxlamaq üçün Kürdəmir rayon Dövlət Arxivində olmuşlar. “X13” ATSCnin və Kürdəmir Avtonəqliyyat ATSC-nin əmr və əmək haqqı sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyasının sorğularına cavab olaraq 9 saylı Ərazi Vergilər İdarəsinin 05 aprel 2024-cü il tarixli məktubunda bildirilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1999-cu il tarixdə qeydiyyatdan keçmiş və xx.xx.2004-cü il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. “Kürdəmir rayon X17” xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır və Dövlət Əmlak Komitəsinin 04 iyul 1997-ci il tarixli sərəncamına əsasən “Kürdəmir rayon X17”-nin bazasında “Kürdəmir- KəndKimya” ATSC-i yaradılmışdır. Təsisçilərin 03 may 2016-cı il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılıb. - Əmlak Məsələləri Dövlət Xidmətinin 05 aprel 2024-cü il tarixli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və xx.xx.1998ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X5 Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri xx.xx.2021 -ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. Məhkəmə kollegiyası qeyd olunan sənədlərin məcmusuna qiymət verərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "xxxx" ASC Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında yaradıldığından həmin Cəmiyyətin 1996-cı il tarixdən əvvəl də mövcud olmasını təsdiq edir. Həmçinin iddiaçının "xxxx" ATSC-nin yaradılmasından əvvəlki tarixdə işə qəbul edilməsi ilə bağlı qeyd edilir ki, həmin Cəmiyyət yeni yaradılmamış, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı mövcud olmayan müəssisəyə deyil, təşkilati-hüquqi forması dəyişmiş müəssisəyə işə qəbul edilmişdir və yeni formalaşmış müəssisənin hansı tarixdə qeydiyyatdan keçməsi həmin müəssisədə iş stajının mövcudluğuna təsir etmir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının xx.xx.1978-ci il tarixdə "xxxx" İstehsalat Birliyinə işə qəbul edilməsi ilə bağlı qeydin latın qrafikası ilə hazırlanmış möhürlə təsdiq edilməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edir ki, təcrübədə əmək kitabçasında işə qəbul və işdən azad edilmə ilə bağlı qeydlərin işçinin işdən azad edilərkən aparılması halları geniş tətbiq edildiyi təkzibolunmaz faktdır. Hazırki halda da iddiaçı "xxxx" İstehsalat Birliyinə işə qəbulla bağlı qeydin işdən azad edilərkən (xx.xx.1998-ci il) aparıldığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Göründüyü kimi latın qrafikasına keçid 1992-ci ildən başlanılmışdır. Odur ki, iddiaçının xx.xx.1998-ci il tarixdə işdən azad edilərkən həm işə qəbul, həm də işdən azad edilməsi barədə qeydlərin latın qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə pensiya hüququ yaranmışdır. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin şahid ifadəsi ilə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi hərbi biletinə və əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müəyyən dövrlərə aid əmr və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halı iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, iddiaçı ilə eyni müəssisədə əmək fəaliyyəti olmuş şəxs onun həmin müəssisədə işləməsini təsdiq etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-819/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar