Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-104/2024 12.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğılundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(120)-1529/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X4, X5, X14 və X6 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-3288/2022 nömrəli qərardadı ilə X1, X4, X5, X14 və X12 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 23 fevral 2023-cü il tarixli, 2- 1(120)-1529/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X1, X4, X5, X14 və X6 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxslər X1, X5, X14 və X12 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Onların pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus evlə onların qeydiyyatda olduqları evin arasında xeyli məsafə olmasına baxmayaraq, hər iki evə eyni ünvan verilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi onlara məlumat vermədən yaşadıqları evdən onların qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-3288/2022 nömrəli qərardadı X6 cəlb edilməsi hissəsində ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-8-1/2-108/2013 nömrəli məktubunda bildirilir ki, ünvan 1 ünvanında X1, X4, X5, X14, X12 adlı şəxslər yaşamır. -Üçüncü şəxslər tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, M.Mirzəyev küçəsi, ev 20 ünvanda yerləşən evin texniki göstəriciləri X2 adına işlənmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, X14 tərəfindən təqdim edilmiş həyətyanı torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin yarımçıq tikilisi M.Mirzəyev küçəsi, ev 20 ünvanda yerləşir. Ünvan Reyestri İnformasiya Sistemi məlumatlarına əsasən həmin torpaq sahəsinin yeni qaydalarla ünvanı Şirvan şəhəri, Əhmədiyyə Cəbrayılov küçəsi, giriş 57-dir. İddiaçı məxsus bağ evi M.Mirzəyev küçəsi, ev 20 ünvanda yerləşir. Ünvan Reyestri İnformasiya Sistemi məlumatlarına əsasən bağ evinin yeni qaydalarla ünvanı Azad Mirzəcanzadə küçəsi, giriş 104-dür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas kimi təkcə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya kirayə müqaviləsini deyil, həm də vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini nəzərdə tutur. Hazırkı işin halları üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X9 “yaşayış sahəsi verən şəxs” olmasa da, onun yaşayış sahəsindən çıxarılması barədə qərarın olmaması və mübahisəli evə istifadə hüququnun olduğu müəyyən edilməsi, elə yaşayış sahəsi verən şəxsin ərizəsi ilə eyni mahiyyətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üçüncü şəxslərin pasport qeydiyyatında olduqları ünvan əvvəllər eyni olsa da sonradan yeni qaydalara əsasən hər iki ünvan yeni ünvana dəyişdirilmişdir. Üçüncü şəxslərin apellyasiya şikayətinin əsas dəlili özlərinə məxsus evdən qeydiyyatdan çıxarılmaları ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə üçüncü şəxslərin faktiki yaşadıqları hər iki evə səlahiyyətli orqanın səhvi nəticəsində eyni ünvan verilsə də M.Mirzəyev küçəsi 20 ünvanda yerləşən evə dair iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxslərin qeydiyyatda olduqları ünvana dair isə yalnız texniki pasport işlənmiş və həmin texniki göstəricilər başqa şəxsin adına işlənmişdir. Bu baxımdan iddiaçının mülkiyyət hüquqlarının qorunmasına üstünlik verilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda hər iki ünvana yeni qaydalarla yeni ünvan verildiyindən M.Mirzəyev küçəsi, ev 20 ünvandan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları onların hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Hər iki tərəf yeni şəxsiyyət vəsiqələri ilə təmin ediləcəyi təqdirdə yeni ünvanların qeyd edilməsi labüddür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2021-ci il təvəllüdlü X12 azyaşlı olduğundan inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək hüququ olmadığından, həmçinin hazırki halda valideynlərinin həmin evdə qeydiyyatda qalmağa hüququ olmadığından onun da qeydiyyatdan çıxması məqsədə müvafiq hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X1, X5 və X10 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(120)-1529/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-104/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-104/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver