Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-105/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1731/2022 nömrəli qərarından cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1731/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamı və xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə İmişli rayon Şahverdili kəndi yaxınlığında 5 hektar yer ayrılaraq onun istifadəsinə verilmişdir. Həmin sərəncam və icarə müqaviləsi İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Cavabdeh inzibati orqan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2019-cu il tarixli, 01153 nömrəli dağ-mədən ayırması aktı ilə ona verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarını əsas göstərmişdir. O, qeyd edilən xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarı mübahisələndirərək onun ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamla qanunvericiliyin tələblərini pozmuşdur. Həmin sərəncam qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyə əsasən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməlidir. Torpaq icarəsi müqaviləsinin tərəflərin razılaşması olmadan və məhkəməyə müraciət edilmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsipinə uyğun gəlmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-ci il tarixli, 46 nömrəli sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.1-ci və 68.2.3-cü maddələrininin tələblərinə uyğun əsaslı olaraq ləğv edilmişdir. Belə ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdirlər ki, İddiaçı qumçınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmuşdur. Nəticədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 01153 nömrəli dağmədən ayırması ləğv edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən torpaqayırma sənədlərinin ləğv edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 4/3107-02-19 nömrəli müraciət daxil olmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, 40276/26477 nömrəli məktubda İmişli rayonu ərazisində Araz çayının yatağında fəaliyyət göstərən qum-çınqıl karxanalarının, o cümlədən İddiaçı qum-çınqıl materiallarının çıxarılması ilə bağlı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfolji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyəsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqayırma sənədlərinin ləğv edilməsi ilə bağlı müraciətini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinin tələblərini rəhbər tutaraq İmişli Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə xx.xx.2006-ci il tarixli, 46 nömrəli sərəncamın ləğv edilməsi barədə yeni sərəncam (inzibati akt) qəbul etmişdir. Prosessual məsələlər Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan İddiaçı tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qum-çınqıl karxanası açaraq sahibkalıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İmişli Rayon İcra Hakimiyyətindən ona Araz çayı sahilindən 5 hektar torpaq sahəsinin verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2005-ci il tarixli aktın və torpaq sahəsinin planının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı müraciətinə əsasən ona qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 hektar, sol sahil boyunca 3 hektar olmaqla cəmi 5 hektar torpaq sahəsinin ayrılması müəyyən edilmiş və həmin torpaq sahəsinin planı tərtib edilmişdir. İşdə olan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 hektar, sol sahil boyunca 3 hektar, cəmi 5 hektar torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 01153 nömrəli dağ-mədən ayırması aktının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin tərəfindən İddiaçı “İmişli” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədilə 5 hektar torpaq sahəsində 5 il müddətinə dağ-mədən ayırması verilmişdir. İşdə olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq və nəzarət şöbəsinin baş mütəxəssisi Aydın Əliyevin, Geoloji təhlil və ekspertiza şöbəsinin mütəxəssisləri Yusif Yusifovun, Əli Vəliyevin və fiziki şəxs İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 63239 nömrəli aktın surətində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2178 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin tapşırığı ilə fiziki şəxs İddiaçı fəaliyyətinə baxış keçirildi. Baxış zamanı bir qayda olaraq obyektiv reallığı müəyyən etmək məqsədilə həmin fiziki şəxsə məxsus olan sənədlərin təqdim edilməsi bildirildi. Fiziki şəxs tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamı, həmin şəxsə Araz çayı yatağından qum-çınqıl istehsalı üçün ayrılmış 5 hektar torpaq sahəsinin planı, xx.xx.2006cı il tarixli, 14 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, xx.xx.2019cu il tarixli, 01153 nömrəli dağ-mədən ayırması aktı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsi, həmin şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2019-cu il tarixli, ER-22157 nömrəli ekoloji ekspertiza rəyi, markşeyder planı təqdim olundu. Əraziyə baxış zamanı müəyyən olundu ki, ərazidə 25 ədəd mərz nişanından istismarçının bildirdiyinə görə 22-si vurulub, 3 ədədi suya düşdüyü üçün vurulmayıb və vurulmuş mərz nişanlarından 19 ədədi mövcud olsa da, 3 ədədi isə mövcud deyildir, istismarçının bildirdiyinə görə naməlum şəxslər tərəfindən götürülüb. Ərazidə faktiki mərz nişanlarının koordinatları ilə markşeyder planında göstərilən koordinatlar arasında uyğunsuzluq aşkar olundu. Bu səbəbdən markşeyder planındakı koordinatların ətraflı araşdırılmasına ehtiyac var. Ərazidə istismar işləri aparılmır. Ərazinin çaya düşən hissəsində istismar əlaməti yoxdur. İşdə olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarının surətindən görünür ki, dağ-mədən ayırması aktı ilə ayrılmış sahədən istifadə etməyən İddiaçı müvafiq bildiriş göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılmasının təmin edilməsi qərara alınmışdır. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamı ilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 5 hektar torpaq sahəsinə dair İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. İşdə olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarının surətindən görünür ki, dağ-mədən ayırması aktı ilə ayrılmış sahədən istifadə etməməsi səbəbindən xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarla İddiaçı dağ-mədən ayırması aktının Agentliyə qaytarılmasının tələb edildiyi, lakin İddiaçı tərəfindən buna əməl edilmədiyi qeyd edilərək xx.xx.2019-cu il tarixli, 01153 nömrəli dağmədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun bu qərarın imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İşdə olan İmişli rayonu ərazisində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qumçınqıl qarışığı yatağında olan karxanaların faktiki fəaliyyələrinə keçirilmiş baxışın nəticələrinə dair 09-xx.xx.2021-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, monitorinq araşdırması zamanı fiziki şəxs İddiaçı xx.xx.2019-cu il tarixli, 01153 nömrəli dağ-mədən ayırma aktı ilə 5 hektar sahə 5 il müddətinə “İmişli” yatağından qum-çınqıl mineral xammalının çıxarılması üçün ayrılmışdır. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərancamı ilə 5 hektar İddiaçı 15 il müddətinə qum-çınqıl mineral xammalının istifadəsi üçün verilmişdir. “Yerin təki haqqında” Qanunun 18-ci və 19-cu maddəsinə və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsinin 4.5.21-ci bəndinə uyğun olaraq dağ-mədən ayırması aktı ilə ayrılmış sahədə fəaliyyət göstərməməklə Agentliyin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarına əsasən fiziki şəxs İddiaçı dağ-mədən ayırması aktının Agentliyə qaytarılması təmin edilsin. Baxış zamanı istismar işlərinin aparılmadığı müşahidə olundu. Ərazidə heç bir texnika və ya avadanlıq müşahidə olunmadı. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/3107-02-19 nömrəli məktubun surətində qeyd edilmişdir ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2178 nömrəli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 1.5-ci bəndinin icrasının təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən 2020- 2021-ci illər ərzində respublika ərazisində çay hövzələrində yerləşən karxana sahələrinə monitorinq keçirilmişdir. Monitorinqin nəticəsinə əsasən İmişli rayonu “İmişli”, “Bəhrəmtəpə-l”, “Bəhrəmtəpə-İİ” yataqlarında mövcud qum-çınqıl yataqlarında ekoloji tarazlığın pozulmasını və ətraf ərazilərin hidrogeoloji şəraitinin təhlükəliliyini nəzərə alaraq qeyd olunan çay hövzələrində karxana fəaliyyətinin davam etdirilməsinə icazə verilməmişdir. Eyni zamanda, faydalı qazıntıları çıxarmaq və istismar etmək hüququ verən icazə sənədi olan dağ-mədən ayırması aktları ləğv olunmuşdur. Bununla yanaşı, çay hövzələrində fəaliyyət göstərən karxanaların yaratdığı ekoloji problemlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26477 nömrəli dərkənarı ilə ölkə ərazisində ekoloji tarazlığın qorunması məqsədilə yerin təkindən səmərəli istifadəyə və onun mühafizəsinə nəzarətin həyata keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılmışdır. Araz çayının İmişli rayonu ərazisində keçən hissəsində mövcud olan qum-çınqıl yataqlarına dair verilmiş icazə sənədlərinin ləğv edilməsini, eləcə də həmin yataqlarla bağlı verilmiş inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və faktiki hallara görə həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ictimai maraqlara ziyan vurduğunu nəzərə alaraq həmin ərazidə fəaliyyət göstərmiş yer təki istifadəçilərinə verilmiş torpaqayrıma sənədlərinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 68.2.3-cü maddəsinə uyğun olaraq ləğv edilməsi xahiş edilir. İşdə olan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı rayonun Göbəktala kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 5 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamının və xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 8/1211 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamı ilə 5 hektar torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 01153 nömrəli dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, 40276/26477 nömrəli məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyətinin sərəncamı – inzibati aktı “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli sorğuların kötüklərindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqandan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamının (inzibati aktının) qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə (müəyyən edilmiş müvafiq prosedura) əməl olunmasına dair məlumatları təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin sözügedən sərəncamın və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə göndərilməklə həmin sərəncamın iddiaçıya təqdim edilməsi vaxtı və qaydası barədə məlumat verilməsi tələb edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********223100 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınıb. Vergi ödəyicisinin fəaliyyət növləri “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” (əsas fəaliyyət növü), “çınqıl və qumun hasilatı” və “digər çoxillik bitkilərin becərilməsi” təşkil edir. Fəaliyyət ünvanı İmişli rayonu, Şahverdili kəndində yerləşən qumçınqil karxanasıdır. İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2046-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1-51.4-cü maddələrinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 36.1.2-ci maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçıları sayılırlar. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda (maddə 68.2.1); maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda (maddə 68.2.2); inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda (maddə 68.2.3); inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda (maddə 68.2.4). İşin faktiki hallarından görünür ki, İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamı ilə Araz çayının yatağından sağ sahil boyunca 2 hektar, sol sahil boyunca 3 hektar, cəmi 5 hektar torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün İddiaçı müvəqqəti istifadəsinə verilmiş və bununla bağlı həmin torpaq sahəsinin İddiaçı 15 il müddətinə icarəyə verilməsinə dair tərəflər arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. İmişli Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamla İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozduğunun və ona xx.xx.2019-cu il tarixdə verilmiş 01153 nömrəli dağ-mədən ayırmasının ləğv edildiyinin müəyyən edildiyini və bununla da onun dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğunu əsas gətirərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinə istnad etməklə İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamının və xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsini qərara almışdır. İddiaçı da sözügedən xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamın qanunsuz və əsassız olduğunu qeyd edərək cavabdeh inzibati orqana qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, ümumiyyətlə, iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edibetməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) məhkəmə mübahisəsinin predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Qanunvericiliyə əsasən cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırması zamanı bunun əksini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli sərənсamın qəbul edilməsi ilə nəticələnən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmışdır. Qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin iddiaçının inzibati iсraatda iştirakını təmin etmək üçün onu xəbərdar etməsi, hüquq və vəzifələrini izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Həmin məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdirlər ki, İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmuşdur. Nəticədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 01153 nömrəli dağ-mədən ayırması ləğv edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən torpaqayırma sənədlərinin ləğv edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 4/3107-02-19 nömrəli müraciət daxil olmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, 40276/26477 nömrəli məktubda İmişli rayonu ərazisində Araz çayının yatağında fəaliyyət göstərən qum-çınqıl karxanalarının, o cümlədən İddiaçı qum-çınqıl materiallarının çıxarılması ilə bağlı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfolji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qumçınqıl karxanaları üzrə torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyəsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqayırma sənədlərinin ləğv edilməsi ilə bağlı müraciətini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinin tələblərini rəhbər tutaraq İmişli Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə xx.xx.2006-ci il tarixli, 46 nömrəli sərəncamın ləğv edilməsi barədə yeni sərəncam (inzibati akt) qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən İddiaçı ayrılmış ərazidə istismar işlərinin aparılmadığı, ərazinin çaya düşən hissəsində istismar əlamətinin olmadığı müəyyən edilərək bu barədə xx.xx.2020-ci il tarixli, 63239 nömrəli akt tərtib edilmişdir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi dağ-mədən ayırması aktı ilə ayrılmış sahədən istifadə etməməsi səbəbindən xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarla İddiaçı dağ-mədən ayırması aktının Agentliyə qaytarılmasını tələb etmiş, lakin İddiaçı tərəfindən buna əməl edilmədiyindən xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarla xx.xx.2019-cu il tarixli, 01153 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ həmin qərarın imzalandığı gündən ləğv edilmişdir. Həmçinin İddiaçı ayrılmış ərazidə istismar işlərinin aparılmadığı, həmin ərazidə heç bir texnika və ya avadanlığın müşahidə olunmadığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən İmişli rayonu ərazisində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl qarışığı yatağında olan karxanaların faktiki fəaliyyələrinə keçirilmiş baxış zamanı da müəyyən edilərək bu barədə sözügedən baxışın nəticələrinə dair tərtib edilmiş 09-xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir. Cavabdeh inzibati orqan isə, qeyd edildiyi kimi, inzibati icraat zamanı iddiaçını, eləcə də aidiyyəti mütəxəssisləri cəlb etmədən, heç bir araşdırma aparmadan, vurulmuş ziyanın nədən ibarət olmasını müəyyən etmədən iddiaçının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğunu əsas gətirərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinə istinad etməklə mübahisəli sərəncamı qəbul etmişdir. Həmçinin cavabdeh inzibati orqan həmin sərəncamda iddiaçının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmasının nədə ifadə olunduğunu əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan məhkəməyə qum-çınqıl materiallarının çıxarılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmuş olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1731/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-105/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-105/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver