Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-105/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1058/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 08 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-1058/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən, yəni 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Füzuli rayon 41 saylı tam orta məktəbdə təsərrüfat müdiri işlədiyi müəyyən edilmişdir. İddiaçı məktəbdə təsərrüfat müdiri kimi fəaliyyət göstərməsi barədə əmr kitablarında adı öz əksini tapmışdır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasını şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Füzuli rayon 41 saylı tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixində Beyləqan rayon Aşıqlı kəndinə anadan olmuş, xx.xx.1977-xx.xx.1979-cu il tarix aralığında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər “Bakı Tikiş Fabrikində” işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon Proflaqktik Dezinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Füzuli rayon 41 saylı tam orta məktəbində təsərrüfat müdiri kimi çalışmış və bu illər ərzində hər ay əmək haqqı almışdır. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletinin surətinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 15 il 11 ay 22 gün, xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 il 10 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun sığorta stajı 18 il 9 ay 22 gün olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Fondun X5 xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının adına əməkhaqqı cədvəllərində rast gəlinmədiyindən xx.xx.1994-xx.xx.2002-ci illəri sosial stajına daxil etmək mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 Füzuli rayon qəbul şöbəsində baş mütəxəssis vəzifəsində işləyir, 17 mart 2023-cü il tarixdə füzuli rayon Təhsil şöbəsində İddiaçı pensiya təyinatı ilə bağlı qarşılıqlı yoxlamanın keçirilməsində iştirak etmişdir, yoxlama zamanı əmək haqqı cədvəllərinə baxış keçirdiklərini xatırlamır, lakin şəxsi hesab kitablarına baxış zamanı iddiaçının adına rast gəlməmişdir. X1 bildirmişdir ki, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə Maliyyəiqtisadiyyat sektorunun aparıcı mühasibi vəzifəsində işləyir, onun iştirakı ilə tərtib edilmiş 17 mart 2023-cü il tarixli qarşılıqlı yoxlama aktında səhvə yol verilmişdir. Belə ki, iddiaçının əmək fəaliyyəti üzrə 1994-2002-ci illərə aid sənədlər mövcud olmamışdır və baxış keçirilməmişdir. Digər illər üzrə sənədlərə baxış keçirilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər hərbi xidmətdə olması, xx.xx.1979xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətində olması, o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Füzuli rayon 41 saylı tam orta məktəbdə təsərrüfat müdiri işləməsi barədə qeydlər aparılmışdır. -Füzuli rayonu 41 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayonu 41 nömrəli tam orta məktəbin sabiq təsərrüfat müdiri hesab olunan İddiaçı haqqında məktəbin əmr kitabının (№1 xx.xx.1995) 7-ci səhifəsində öz əksini tapmış, xx.xx.1995-ci il tarixli, 06 nömrəli əmrinə əsasən onun adı məktəbin təsərrüfat müdiri kimi göstərilmiş, 28-ci səhifədə əmr № 31a xx.xx.1999-cu il tarixli əmrində texniki işçilər üzərində yarıtmaz iş apardığı, 53-cü səhifədə isə 36 nömrəli xx.xx.2002-ci il tarixli əmrlə ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. İddiaçının işə qəbul olunması, əmək haqqı cədvəlləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma haqqında heç bir əmr yoxdur. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-38/2-389/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon 41 nömrəli tam orta məktəbin sabiq direktoru tərəfindən vəzifə səlahiyətlərinin düzgün icra olunmaması səbəbilə 1994-cü ilə dair əmr kitabı aşkar olunmamışdır. Odur ki, İddiaçı adıçəkilən təhsil müəssisəsində işə təyin olunması ilə bağlı müvafiq sənədlərin təqdim olunması imkan xaricindədir. Qeyd edirik ki, müəssisənin sonrakı illər üzrə əmr kitablarına baxış keçirilən zaman 10 sentyabr 1995-ci il tarixli, 06 nömrəli əmr ilə İddiaçı əmək məzuniyyətindən geri qayıtdığı, eyni zamanda 02 sentyabr 2002-ci il tarixili, 36 nömrəli əmr ilə təsərrüfat müdiri vəzifəsində çalışması və əmək müqaviləsinə xitam verilməsi məlum olmuşdur. Əmrdən çıxarışlar və digər sənədlər məktubun əlavəsində təqdim olunur. Əlavə olaraq qeyd edilir ki, 1994- 2002-ci illərə dair mühasibatlıq sənədləri fəaliyyətinə xitam verilmiş Füzuli Rayon Təhsil Şöbəsində (hazırda Füzuli-Xocavənd rayonları üzrə təhsil sektoru) saxlanmadığı üçün İddiaçı ilə bağlı əmək haqqı cədvəllərinin təqdim olunması imkan xaricindədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsi Füzuli rayon 41 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 187 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məktəbdə təsərrüfat müdiri kimi fəaliyyət göstərməsi barədə əmr kitabının (№1. xx.xx.1995) 7-ci səhifəsində öz əksini tapmış xx.xx.1995 tarixli 06 №-li əmri, iddiaçının işdən azad edilməsi barədə 28-ci səhifədə əmr № 31a xx.xx.1999-cu il tarixli əmrində texniki işçilər üzərində yarıtmaz iş apardığı, 153-cü səhifədə isə 36 №-li xx.xx.2002-ci il tarixli əmr haqqında Şirvan İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə məlumat göndərilmişdir. Məhkəmənin tələbi nəzərə alınaraq həmin əmrlərdən çıxarışların təsdiq olunmuş surətləri əlavə olaraq göndərilir. İddiaçı Füzuli rayon 41 №li tam orta məktəbində fəaliyyət göstərdiyi dövr ərzində onun işə qəbul olunması haqqında əmr yoxdur, həmçinin də əmək haqqı cədvəlləri Füzuli rayon 41 № li tam orta məktəbində müəyyən olunmamışdır. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Regional Təhsil İdaresinin xx.xx.2025-ci il tarixli, 3-29-38/2-923/2025 nömrəli məktubunda bildirilir ki, Dövlat Sosial Müdafia Fondu publik huquqi şəxsinin X5 Füzuli rayon qəbul şöbəsinin baş mütəxəssisi X6, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayon üzrə təhsil sektorunun məsləhətçisi Camal Əli oğlunun və Qarabağ Regional Təhsil İdaresinin Maliyyəiqtisadiyyat sektorunun Füzuli rayonu üzrə aparıcı mühasibi X3 iştirakları ilə 17 mart 2023cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda Füzuli rayon üzrə tahsil sektorununun arxivində saxlanılan Füzuli rayonu 41 nömrəli orta məktəbinin 1994-2002-ci illərə aid əmək haqqı cədvəllərində və şəxsi hesab kitablarında İddiaçı adına rast gəlinmədiyi qeyd edimişdir. Azərbaycan Respublikast Elm və Tahsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 05 mart 2024-cü il tarixli, 3-29-38/2-389/2024 nömrəli məktubunda isə 1994- 2002-ci illərə aid mühasibatlıq sənədlərinin saxlanılmadığı üçün verilməsi mümkün olmadığı qeyd olunmuşdur. Göstərilən ziddiyyətlərlə bağlı bildirilir ki, 17 mart 2023-cü il tarixli akt tərtib edilərkən arxiv səndələrinə baxış keçirilmiş İddiaçı Füzuli rayon 41 nömrəli tam orta məktəbində çalışdığı illər üzrə arxivdə mühasibatlıq sənədləri aşkarlanmamışdır. Akt tərtib edilərkən ifadə tərzi düzgün ifadə edilmədiyindən İddiaçı adına rast gəlinmədi ifadəsinin əvəzinə İddiaçı Füzuli rayon 41 nömrəli tam orta məktəbində çalışdığı illər üzrə mühasibatlıq sənədlərinin saxlanılmadığı üçün məlumat verilməsi mümkün olmamışdır kimi ifadə olunmalı idi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının adına əməkhaqqı cədvəllərində rast gəlinməməsi ilə bağlı qarşılıqlı yoxlama aktına istinad etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin aktda yoxlamaya cəlb edilmiş əməkdaşların səhlənkarlığı səbəbindən təhrif edilmiş və həqiqətə uyğun olmayan məlumatlar əks edilmişdir. Bununla yanaşı qeyd edilir ki, müəyyən dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və ya natamam verilməsi halı iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Digər tərəfdən işdə olan Füzuli rayon 41 №li tam orta məktəb üzrə əmrlərlə- 10 sentyabr 1995-ci il tarixli, 06 nömrəli əmrlə İddiaçı əmək məzuniyyətindən geri qayıtması, eyni zamanda 02 sentyabr 2002-ci il tarixili, 36 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi müəyyən edilmişdir ki, bu hal onun məhz 1994-cü il tarixdən həmin müəssisədə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydin mötəbər olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının tələb olunan həcmdə (25 il) sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1058/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-105/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-105/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver