Məhkəmə qərarları › İş №2-1(106)-106/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-106/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-106/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-826/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “protokolun və müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolun icra edilməsi, iddiaçının Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəzifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin Şirvan Milli Parkına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 03 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-826/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında işləmiş işçi olmuşdur. Onun işləmək istədiyi Şirvan Milli Parkında Mhmudçala ovçuluq təsərrüfqatında mühafiə yegeri vəzifəsi dövlət qulluğu vəzifəsi hesab olunmur. Yəni hazırkı mübahisə xüsusi hüquqdan əmək hüquq münasibətlərindən yaranmışdır və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli norma əmək qanunvericiliyidir. Belə olduğu halda iddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) arasında yaranan mübahisə (fikir ayrılığı) inzibati icraat qaydasında deyil, fərdi əmək mübahisələrinin həlli qaydasında aidiyyatı üzrə ümumi məhkəmələrdə (rayon və şəhər məhkəmələrində) həll edilməlidir. xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokol” hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Həmçinin iddia tələbinin “Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəzifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin Şirvan Milli Parkına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi üzrə məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəfizəsinə təyin olunması barədə müvafiq əmrin verilməsi və İddiaçıla əmək müqaviləsinin bağlanması və.s sənədləşmələr üzrə səlahiyyəli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokola əsasən Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəzifəsinə uyğun hesab edilməsinə baxmayaraq, müvafiq əmək müqaviləsinin bağlanması üçün həmin protokol Şirvan Milli Parkına göndərilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətində müvafiq komissiyanın xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokol qərarı ilə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəzifəsinə uyğun hesab edilmiş, lakin həmin sənəd aidiyyəti üzrə göndərilmədiyindən onunla əmək müqaviləsinin bağlanmasına şərait yaradılmamışdır. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə uyğun hesab edilsə də, nazirlikdə aparılmış stukturun təkmilləşdirilməsi və ştatların optimallaşdırılması tədbirləri nəticəsində sözügedən vakant ştat ləğv edilmişdir. Nazirlik tərəfindən təsdiq edilmiş Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında xx.xx.2023-cü il tarixli ştat cəlvəlindən də görünür ki, həmin qurumda cəmi 1 ştat vahidi (sahə müfəttişi) mövcuddur. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə uyğun hesab edilsə də, xx.xx.2023-cü il tarixdə, yəni təqribən 3 aydan sonra həmin ştat ləğv edilmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etdiyi zaman həmin ştat artıq mövcud olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyasi qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolun Şirvan Milli Parkına göndərmək cavabdeh orqanın vəzifələrindən irəli gəlir. Lakin həmin sənədin göndərilməməsi iddiaçının müvafiq zaman kəsiyində işsiz qalması və əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla yanaşı qeyd olunur ki, hazırda sözügedən vakant vəzifə mövcud olmadığından həmin sənədin aidiyyəti üzrə göndərilməsi iddiaçının hüquqi marağına xidmət etməyəcək və iddiaçının hüquqlarının bərpası istiqamətində səmərə verməyəcək. Qeyd olunanlara rəğmən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlük şərtlərinə tələbin inzibati məhkəmə icraatının predmeti olmaması baxımından qiymət verməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatının predmeti hesab edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində bu tələbin inzibati məhkəmə icraatının predmeti olması qənaətinə gəlinmiş olsaydı da belə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-826/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar