Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-107/2023 31.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-181/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 13 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-181/2022 nömrəli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi illərin iş stajı kimi müəyyən edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan 1996-2006-cı illərdə əmrdə adının olmasına baxmayaraq onun adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mövcud olmamasını əsas gətirərək yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.2006-ci il tarixədək “Astara Kooperativ Cəmiyyəti”-ndə işlədiyini iddia edir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Astara filialına xx.xx.2021-ci il tarixdə **********4 nömrəli sorğu göndərilmişdir. xx.xx.2021-ci il tarixli, 94 nömrəli cavab məktubunda “Astara Kooperativ Cəmiyyəti”-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Astara filialına təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-ci il tarixədək sosial sığorta stajını təsdiq etmək üçün Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına sorğu göndərilmişdir. Sorğuya cavab məktubunda İddiaçı həmin illər ərzində sığortaolunan kimi qeydiyyata alınmadığı və sığortaedən tərəfindən qeyd olunan tarixlərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Həmin illərin sığorta stajına daxil edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh orqan tərəfindən İddiaçı “Astara Kooperativ Cəmiyyəti”-ndə işləməsi faktının yoxlanılması məqsədilə xx.xx.2021-ci il tarixdə qarşılıqlı yoxlama keçirilmiş və akt tərtib edilmişdir. Aktın məzmununa əsasən İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək haqqı alması barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdeh orqan tərəfindən qeyd olunan müəssisədə xx.xx.2022-ci il tarixdə yenidən qarşılıqlı yoxlama keçirilmiş və akt tərtib edilmişdir. Aktın məzmununa əsasən İddiaçı 1977-1995-ci illərdə müxtəlif aylar ərzində (cəmi 192 ay=16 il) əmək haqqı aldığı qeyd edilmişdir. Qarşılıqlı yoxlama zamanı 1974-cü, 1987-ci illərdə əmək haqqı kitablarında İddiaçı adı aşkar olunmamışdır. 1996-2000-ci illərə dair yalnız idarə işçilərinə aid əmək haqqı saxlanıldığı və İddiaçı həmin dövrlərdə satıcı işlədiyindən aldığı əmək haqlarını yoxlamaq mümkün olmamışdır. Akta əsasən 2001-2006-cı il tarixlərə aid əmək haqqı cədvəlləri saxlanılmadığından stajın yoxlanılması mümkün olmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Astara rayon Kommunal təsərrüfat şöbəsində, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Səncərədi kənd yeməkxanasında, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Astara şəhər təzə univermaqda, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 1 nömrəli univermaqda, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək 3 nömrəli univermaqda, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 28 nömrəli univermaqda gündəlik tələbat malları mağazasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Uşaq aləmi mağazasının nəzdində yerləşən komisyon malları mağazasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək 1 nömrəli univermaqda, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 1 nömrəli sənaye mallar mağazasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək univermağın oyuncaqlar şöbəsində işləmişdir. Onun işləyib əmək haqqı aldığı müəssisələrin arxiv sənədlərinin tam olmaması onun təqsiri deyildir və bu səbəbdən o, əmək pensiyası hüququndan məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Astara şəhərində doğulmuş, Astara şəhəri, Nizami küçəsi, ev 8-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçalarının notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Astara rayon Kommunal təsərrüfat şöbəsində, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Səncərədi kənd yeməkxanasında, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Astara şəhər təzə univermaqda, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 1 nömrəli univermaqda, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək 3 nömrəli univermaqda, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 28 nömrəli univermaqda gündəlik tələbat malları mağazasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Uşaq aləmi mağazasının nəzdində yerləşən komisyon malları mağazasında, xx.xx.1989cu il tarixdən xx.xx.1995-ci il tarixədək 1 nömrəli univermaqda, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 1 nömrəli sənaye mallar mağazasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək univermağın oyuncaqlar şöbəsində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən 1996-2006-cı illərdə əmrdə olmağına baxmayaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mövcud deyildir. Bu səbəbdən ümumi sığorta stajı 22 il 12 gün olduğu üçün yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X11, Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X6 və “Astara Kooperativ Cəmiyyəti”-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1974-cü il tarixdə 222 nömrəli əmrlə işə qəbul olunmuş, xx.xx.1974-cü il tarixdə 292 nömrəli əmrlə fəhləlikdən kənd yeməkxanasına müdir təyin edilmiş, xx.xx.1974-cü il tarixdə vəzifədən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 31 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə 486 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 229 nömrəli sərəncamla işə qəbul edilmiş, müxtəlif vəzifələrə keçirilmiş və xx.xx.1995-ci il tarixdə 32 nömrəli sərəncamla işdən azad olunmuşdur. xx.xx.1995-ci il tarixdə 101 nömrəli sərəncamla işə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə 43 nömrəli sərəncamla işdən azad olunmuşdur. xx.xx.2001-ci il tarixdə 20 nömrəli sərəncamla işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə 36 nömrəli sərəncamla işdən azad olunmuşdur. İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, 5 nömrəli əmək haqqı arayışı əmək haqqı kitabları ilə üzləşdirilmiş və düzgünlüyü təsdiq edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının Astara rayon Qəbul şöbəsinin baş mütəxəssisi X4, Astara MKTTİB MMC-nin rəisi X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı 1971-1972-ci illərinin iş stajı və əmək haqları yoxlanılmış, xx.xx.1971-ci ildə 76 nömrəli əmr ilə işə qəbul edilmiş, xx.xx.1972-ci ildə 134 nömrəli əmr ilə işdən azad edilmiş, həmçinin əmək haqqı barədə məlumatlar yoxdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubda qeyd edilmişdir ki, Astara Kooperativ Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 1996-cı ildə 4 rüb, 1997-ci ildə 4 rüb, 1998-ci ildə 4 rüb, 1999-cu ildə 4 rüb, 2000-ci ildə 4 rüb, 2001-ci ildə 4 rüb, 2002-ci ildə 4 rüb, 2003-cü ildə 4 rüb, 2004-cü ildə 4 rüb, 2005-ci ildə 4 rüb, 2006-cı ildə 4 rüb hesabatı olmuşdur. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 53 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Astara rayon Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin may ayının 20-də 222 nömrəli əmrlə Astara rayon Səncərədi kəndindəki yeməkxanaya fəhlə təyin olunmuş, 2006-cı ilin dekabr ayının 29-da 36 nömrəli sərəncamla işdən azad edilmişdir. 1991-1995-ci illərdə müvafiq əmək haqqı almışdır. Azərittifaq İdarə Heyətinin 28 iyun 2019-cu il tarixli, K-16 nömrəli qərarına əsasən İdarə Heyətinin sədri vəzifəsi X5 həvalə edilmişdir. Təhvil-təslim zamanı 1996-2000-ci illərə aid 3 nömrəli əmək haqqı kitabları (univermaq, mağaza müdirləri, satıcılar) təhvil verilmədiyindən çıxarış etmək mümkün olmamışdır. 2001-2006-cı illərə aid kifayət qədər məlumat tapılmamışdır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayon Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin may ayının 20-də 222 nömrəli əmrlə Səncərədi kənd yeməkxanasına fəhlə təyin edilmiş, Astara rayon Kooperativ Cəmiyyətinin tabeçiliyində olan İctimai İaşə birliyində, Balıq ovu İstehlak Cəmiyyətində və Sovxoz fəhlə Kooperativ Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 2006cı ilin dekabr ayının 29-da 36 nömrəli əmrlə işdən azad edilmişdir. 06 iyun 1974-cü il tarixli, 222 nömrəli əmrlə 20 may 1974-cü il tarixdən X22 Birliyinin nəzdində olan Səncərədi kənd yeməkxanasına fəhlə təyin edilmiş, xx.xx.1974-cü il tarixli, 292 nömrəli əmrlə müdir təyin edilmiş, xx.xx.1974-cü il tarixli, 392 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. xx.xx.1977-ci il tarixli, 31 nömrəli əmrlə Astara şəhər təzə univermağın nəzdində olan bufetə satıcı təyin edilmişdir. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyəti xx.xx.2021-ci il tarixli, 54 nömrəli əmr və sərəncamlardan çıxarışından görünür ki, İddiaçı Astara rayon Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin may ayının 20-də 222 nömrəli əmrlə Səncərədi kənd yeməkxanasına fəhlə təyin edilmiş, Astara rayon Kooperativ Cəmiyyətinin tabeçiliyində olan İctimai İaşə Birliyində, Balıq ovu İstehlak Cəmiyyətində və Sovxoz fəhlə Kooperativ Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 2006cı ilin dekabr ayının 29-da 36 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1974-cü il tarixli, 222 nömrəli əmrlə X22 Birliyində xx.xx.1974-cü il tarixdən Səncərədi kənd yeməkxanasına fəhlə təyin edilmiş, xx.xx.1974-cü il tarixdən Səncərədi kənd yeməkxanasına müdir təyin edilmiş, xx.xx.1974-cü il tarixdə vəzifəsindən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 31 nömrəli əmrlə Astara şəhər təzə univermağın nəzdində olan bufetə satıcı təyin edilmiş, xx.xx.1977-ci il tarixli, 486 nömrəli əmrlə Astara şəhər təzə univermağın daxilində başqa işə təyin edildiyi üçün vəzifəsindən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 229 nömrəli əmrlə müvəqqəti olaraq 1 nömrəli univermağa satıcı təyin edilmiş, xx.xx.1983-cü il tarixli, 65 nömrəli sərəncamla 1 nömrəli univermağın satıcısı vəzifəsindən azad edilmiş və 3 nömrəli univermağa satıcı keçirilmiş, xx.xx.1987-ci il tarixli, 193 nömrəli sərəncamla 28 nömrəli gündəlik tələbat malları mağazasına müdir vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixli, 197 nömrəli sərəncamla Uşaq aləmi mağazasının nəzdində yerləşən komisyon malları mağazasına satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə 1 nömrəli univermağa satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdən 1 nömrəli univermağa böyük satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixli, 32 nömrəli sərəncamla vəzifədən azad edilmiş, xx.xx.1995-ci il tarixdə 101 nömrəli sərəncamla 1 nömrəli sənaye mallar mağazasına satıcı təyin edilmiş, xx.xx.2000-ci il tarixli, 43 nömrəli sərəncamla işdən azad edilmiş, xx.xx.2001-ci il tarixli, 20 nömrəli sərəncamla univermağın oyuncaqlar şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. İşdə olan İddiaçı 1977-1990-cı illər üzrə faktiki əmək haqqı məbləğləri barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1977-1990-cı illərdə Astara Kooperativ Cəmiyyətində müvafiq əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, Astara şəhər sakini İddiaçı təqdim etdiyi sənədlərdə (əmək kitabçasındakı əmrlər əsasında və hərbi biletdə qeyd olunmuş illər əsasında) 31 il 6 ay 15 gün sığorta stajı qeyd edilmişdir. Vətəndaşın fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın mübahisəsiz sosial sığorta stajı aşağıdakı illərdir: xx.xx.1974xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü- 1 il 11 ay 25 gün, xx.xx.1977-ci ildə xx.xx.1995-ci ilədək Astara rayon İstehlak cəmiyyətində işləməsinə dair 1990-cı ildə 12 ay, 1991-ci ildə avqust - dekabr ayları, yəni 5 ay, 1992-ci ildə mart – dekabr ayları, yəni 10 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə yanvar-iyun ayları, yəni 6 ay əmək haqları aldığı aylardır - 4 il 9 ay. Cəmi 6 il 8 ay 29 gün, iddiaçının mübahisəli sığorta stajı isə aşağıdakı kimidir: xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Astara rayon kommunal təssərüfatında işlədiyi illər əmək haqları yoxdur - 1 il 5 ay 26 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü ildən xx.xx.1974-cü il tarixədək X22 birliyində işlədiyi illər (əmrlər kitabında vətəndaşın ata adı qeyd olunmamış, əmək haqlarının yoxlanması mümkün olmamışdır, (müəssisənin verdiyi arayışda işə daxil olma xx.xx.1974-cü il tarix qeyd olunmuşdur) 1 ay 25 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək təzə univermaqda işləməsinə dair illərin əmək haqlarının yoxlanması mümkün olmamışdır - 9 ay 20 gün, xx.xx.1977-ci ildə xx.xx.1995-ci ilədək Astara rayon İstehlak cəmiyyətində univermaq və mağazada köçürmə yolu ilə müxtəlif vəzifələrdə çalışmasına dair əmək haqları olmayan xx.xx.1977-xx.xx.1989-cu illərdə 12 il 1 ay, 1991-ci ilin yanvar-iyul aylarında, yəni 7 ay, 1992-ci ildə yanvar və fevral ayları, yəni 2 ay əmək haqları olmayan müddət, cəm 12 il 10 ay; əmək kitabçasında qeyd olunmuş 1 nömrəli sənaye mallar mağazasında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək əmək haqları olmayan müddət - 5 il 29 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək univermağın oyuncaqlar şöbəsində işlədiyi illərin əmək haqlarının olmadığı üçün - 4 il 5 ay 6 gün. Cəmi 24 il 9 ay 16 gün. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının Pesiya təminatı şöbəsinin böyük mütəxəssisi X11, “Astara Kooperativ Cəmiyyəti”nin İdarə Heyətinin sədri vəzifəsini icra edən X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1974-cü il tarixdə 222 nömrəli əmrlə işə qəbul olunmuş, xx.xx.1974-cü il tarixdə 292 nömrəli əmrlə fəhləliyindən kənd yeməkxanasına müdir təyin edilmiş, xx.xx.1974-cü il tarixdə 392 nömrəli əmrlə vəzifədən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 31 nömrəli əmrlə Astara şəhər univermağında bufetçi-satıcı işinə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə 486 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 229 nömrəli sərəncamla 1 nömrəli univermağa müvəqqəti olaraq satıcı təyin olunmuş, xx.xx.1983-cü il tarixdə 65 nömrəli sərəncamla 3 nömrəli univermağa satıcı keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 193 nömrəli sərəncamla mağaza müdiri, xx.xx.1989-cu il tarixdə 197 nömrəli sərəncamla satıcı, xx.xx.1989-cu il tarixdə 234 nömrəli sərəncamla satıcı, xx.xx.1991-ci il tarixdə 154 nömrəli sərəncamla böyük satıcı vəzifələrinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə 32 nömrəli sərəncamla işdən azad olunmuşdur. xx.xx.1995-ci il tarixdə 101 nömrəli sərəncamla satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə 43 nömrəli sərəncamla işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə 20 nömrəli sərəncamla univermağa şöbə müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının Pesiya təminatı şöbəsinin böyük mütəxəssisi X11, “Astara Kooperativ Cəmiyyəti”nin İdarə Heyətinin sədri vəzifəsini icra edən X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli digər aktın surətində qeyd edilmişdir ki, İddiaçı işlədiyi müddətdə aşağıdakı kimi əmək haqqı almışdır: 1977-ci ildə 11 ay, 1978-1984 illərin hər birində 12 ay, 1985-ci ildə 7 ay, 1986-cı ildə 12 ay, 1987-ci ildə 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 3 ay, 1990-cı ildə 12 ay, 1991-ci ildə 5 ay, 1992-ci ildə 10 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 7 ay əmək haqqı almışdır. 1974-cü ilə aid 1 və 2 nömrəli əmək haqqı kitablarında İddiaçı adı aşkar olunmadı. 1987-ci ilin 6-cı, 7-ci, 8-ci aylarında İddiaçı adına əmək haqqı qeyd olunmamışdır. 1987-ci ilin 10-12-ci aylarına və 1989-cu ilin 1-9-cu aylarına aid olan hissələri əmək haqqı kitablarında oxunmaz vəziyyətdə olduğu üçün həmin müddətə olan əmək haqlarını yoxlamaq mümkün olmadı. 1996-2000-ci illərə dair yalnız idarə işçilərinə aid əmək haqqı kitabları saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Pensiya təyinatı Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Pensiya təyinatı Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən 22 il 1 ay sığorta stajının olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Odur ki, İddiaçı xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığından ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Belə ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək (1 il 5 ay 27 gün) Astara rayon Kommunal təsərrüfat şöbəsində işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (1 il 11 ay 25 gün) hərbi xidmətdə olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (1 ay 26 gün) Səncərədi kənd yeməkxanasında, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (9 ay 21 gün) Astara şəhər təzə univermaqda, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (5 il 4 ay 5 gün) 1 nömrəli univermaqda, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (4 il 5 ay 26 gün) 3 nömrəli univermaqda, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (2 il 8 gün) 28 nömrəli univermaqda gündəlik tələbat malları mağazasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (1 ay 22 gün) Uşaq aləmi mağazasının nəzdində yerləşən komisyon malları mağazasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək (5 il 7 ay 2 gün) 1 nömrəli univermaqda, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (5 il 29 gün) 1 nömrəli sənaye mallar mağazasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 il 5 ay 7 gün) univermağın oyuncaqlar şöbəsində işləmişdir. Beləliklə, belə hesablama nəticəsində iddiaçının hərbi xidmət illəri ilə birlikdə 31 il 6 ay 18 gün sığorta stajının olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əmək haqqı alması barədə heç bir məlumat aşkar edilməmiş, iddiaçı 1977-1995-ci illərdə müxtəlif aylar ərzində (cəmi 192 ay=16 il) əmək haqqı aldığı qeyd edilmiş, qarşılıqlı yoxlama zamanı 1974-cü, 1987-ci illərdə əmək haqqı kitablarında İddiaçı adı aşkar olunmamış, 1996-2000-ci illərə dair yalnız idarə işçilərinə aid əmək haqqı saxlanıldığı və İddiaçı həmin dövrlərdə satıcı işlədiyindən aldığı əmək haqlarını yoxlamaq mümkün olmamış, 2001-2006-cı il tarixlərə aid əmək haqqı cədvəlləri saxlanılmadığından stajın yoxlanılması mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1996-2006-cı illərdə əmrdə olmağına baxmayaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mövcud deyildir. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işləməməsinə, həmçinin iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işlədiyini təsdiq edən əmək kitabçasındakı müvafiq qeydlərin, eləcə də müvafiq əmrlərin həqiqətə uyğun olmamasına, o cümlədən qeyd edilən tarixlərdə sözügedən müəssisələrin fəaliyyətinin olmamasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl etməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-181/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-107/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-107/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver