Məhkəmə qərarları › İş №2-1(106)-108/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-108/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-108/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-1(120)-920/2022 nömrəli qərarından iddiaçı şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata təxris edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü dəyişdirilərək haqqında Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuşdur. Salyan Rayon Məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bunun üçün Ağdam uğrunda, Suqovuşan uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edildmişir. “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2361 Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0213 nömrəli əmrilə N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə taqımının komandiri baş leytenant İddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. İddiaçı yenidən hərbi xidmətə qəbul olunmaq istəməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağışlamanın imzalanmasından imtina edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, ehtiyatda olan zabit baş leytenant İddiaçı 2000-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini İstehkamçı-mühəndis ixtisası üzrə bitirmişdir. 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “B” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata təxris edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü dəyişdirilərək haqqında AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuşdur. Salyan rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bunun üçün Ağdam uğrunda, Suqovuşan uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edildmişir. Talış kəndi istiqamətində döyüş gedişatında 3cü döyüş yol təminatının təşkilində, N saylı hərbi hissənin N nömrəli döyüş mövqeyinin sağ, Polad postunun isə döyüş mövqeyinin sol cinahı istiqamətində düşmən tərəfindən qurulmuş tank əlehinə mina sahəsindən tankların çıxarılmasında, Suqovuşan gölünün sol cinahının döyüş gedişatında minalanmasında öz qrupu ilə şəxsən iştirak etmişdir. Ermənistan kapitulyasiya aktına imza atandan sonra isə 585 yüksəkliyindəki postu daha əlverişli istiqamətə mina axtaran dəsti ilə şəxsən irəli çəkmiş və həmin yüksəklikdən postun təşkili və qurulmasında iştirak etmişdir. Barambat meşəsi istiqamətində yolun çəkilməsində öz qrupu ilə şəxsən iştirak etmişdir. Vətən Müharibəsi zamanı və daha sonra da rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabitlərdən biri olmuşdur. Halhazırda da ehtiyatda olmasına baxmayaraq rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən ehtiyatda olan zabitlərdən biridir. xx.xx.2021-ci il tarixində isə təkrar ehtiyata buraxılmışdır. İstehkamçı ixtisasını yüksək səviyyədə bilən zabitlərdəndir, istehkamçı zabit kimi bilik və təcrübəsinə arxalanır. Yuxarıda qeyd etdiyi xidmətlərini keçdiyi döyüş yolunu rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabit olduğunu nəzərə alaraq onu istənilən bölgədə işğaldan azad edilmiş torpaqlarda xidmətə təkrar bərpa edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı iddia ərizəsində, xx.xx.2020-ci il tarixdə başlayan Vətən müharibəsində hərbi xidmətə çağrıldığını, xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başladığını və xx.xx.2021-ci il də ehtiyata buraxıldığını göstərərək məhkəmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən göndərilmiş baş leytenant İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0762 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə taqımının komandiri vəzivəsinə təyin edilmiş və “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2361 Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0213 nömrəli əmrilə N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə taqımının komandiri baş leytenant İddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-920/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia qismən təmin olunmuş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının pozulması ilə müşayiət olunan kobud prosessual pozuntulara yol verib və nəticədə bu hal düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Lakin birinci instansiya məhkəməsi pozulmuş hüquqlarını bərpa etməmişdir. Ona görə də onun qəbul etdiyi qərar da qanunsuz və əsassızdır. “Hakimlər və məhkəmələr haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsi. həmin maddəyə əsasən, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit eidlmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxlsərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. X2 Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(120)-920/2022 saylı ədalətsiz qərarı onu, hərbi xidmətə qəbul edilərək hərbi xidmət keçmək hüququndan məhrum etmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməlidir. Lakin adı çəkilən qərar faktlara əsaslanmır, ona münasibətdə qərəzli və ədalətsizdir, qanunlara əsaslanaraq qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Əvvəla, o, iddia ərizəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan tələbə əhəmiyyət verməyərək, inzibati orqanın araşdırma apararaq ədaləti bərpa edəcək düşüncəsi ilə iddianın qismən təmin edilməsinə dair qərar qəbul etmişdir ki, hadisələrin sonrakı gedişatı da göstərdi ki, məhkəmə səhv qənaətə gələrək ədalətsiz qərar qəbul etmişdir. İkincisi, cavabdeh öz etirazında onun qismən səfərbərliklə çağırılmağını əsas gətirərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən təxris edilməyini göstərsə də, məhkəmənin qəbul etdiyi qərar əsasında guya apardığı araşdırmanın nəticəsi olaraq ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda tamamilə başqa mövqe sərgiləyərək vaxtilə barəsində şərti cəzanın olduğunu, CM-nin 331.3-cü maddəsinin cinayətlərin dekriminallaşmanı nəzərdə tutan xx.xx.2020-ci il tarixli Qanunundan guya çıxarılmasını qeyd edir. Üçüncüsü, cavabdeh öz etirazda və məhkəmə qərarı əsasında ona yazdığı cavab məktubunda sərgilədiyi 2 fərqli mövqe əsasında gəldiyi qənaət absurddur. Sual olunur ki, əgər o, cinayət törətmiş şəxs hesab olunurdusa, bəs necə olub ki, cavabdeh vaxtilə cinayət törətmiş şəxs səfərbərlikdən çağıraraq ştata qoymuş, ona ən vacib istiqamətlərdə aparılmış döyüş əməliyyyatları zamanı minatəmizlənmə üzrə döyüş tapşırıqlarını həvalə etmişdir. Necə olub ki, ölkə başçısı Ali Baş Komandan cənab X1 ilə “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir? Bu tamamilə absuddur! Dördüncüsü, məhkəmə öz qərarının əsaslandırma hissəsində xüsusilə qeyd etmişdir ki, Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələrinə əsasən məhkum edilməsinə istinad edərək hazırkı halda iddiaçının ilkin müraciətindən imtina etməsi də düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli, 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəllləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabeliyikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekiriminallaşdırılmışdır. Beləliklə də məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. O, məhkəmənin bu mövqeyini təqdir etsə də, gəldiyi nəticəni heç cür başa düşmür və qəbul etmir. Çünki, məhkəmə öz qərarının əsaslandırma hissəsində daha sonra qeyd edir ki, bununla belə məhəkmə iddiaçının ilkin müraciəti, hazırkı iddia tələbi və həmin tələbə qarşı cavabdeh inzibati orqanın münasibəti (etirazı) ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərini həyata keçirilməsi zamanı idddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmiş, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçirməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının ilkin müraciəti zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Bu qədər əsaslı dəlillər olduğu halda, onun məhkumluğu olmayan hesab edildiyi, vaxtilə şərti cəza aldığ maddənin dekriminallaşdırıldığını, cavabdehin diskresion səlahiyyətlər həyata keçirərkən onun hüquqlarına əsassız müdaxiləyə yol verməsini qeyd edən məhkəmənin sonda gəldiyi qənaət təəccüblü olmaqla ədalətsiz və qanunsuzdur. Çünki o, iddia ərizəsini məhəkməyə təqdim etməzdən əvvəl cavabdehə müraciət etmiş, həmin zaman cavabdeh guya araşdırma apararaq müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi cavabdehə təqdim olunandan sonra da cavabdeh etiraz yazaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə baxışı zamanı artıq məhkəmədə cavabdehin mövqeyinə dair tam olaraq fikir formalaşmış və yenidən bu məsələnin inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılması qənaətinə gəlmək absurd, mənasız, vaxt itkisindən başqa bir şey deyildir. Bu fikri cavabdehin məhkəmə qərarı əsasında guya yenidən araşdırma apararaq ona yazdığı xx.xx.2023-cü il tarixli məktubu da bir daha təsdiqləmişdir. Beşincisi, məhkəmə baxışı zamanı cavabdeh orqan məhkəməyə bildirmişdir ki, guya inzibati orqan tərəfindən araşdırılma aparılmasına dair qərarın qəbulu kifayət edir ki, onun yenidən hərbi xidmətə qəbul olunmağına dair inzibati qaydada qərar qəbul edilsin. Hadisələrin sonrakı gedişatı və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu bir daha sübut etmişdi ki, cavabdeh məhkəməni düzgün qərar qəbul etməkdən yayındırmışdır. Altıncısı, məhkəmə öz qərarının əsaslandırma hissəsində qeyd edir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb ərizəsi məhkəməyə daxil olunanadək ona etdiyi müraciət zamanı, həm də məhkəmə baxışı zamanı kifayət qədər vaxtı var idi ki, araşdırma aparsın. Lakin, cavabdeh bunu etmək istəmədiyini bir neçə dəfə və rəsmi şəkildə bəyan etdiyindən məhkəmənin qərar qəbul edərək inzibati orqana iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunması məqsədilə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyması anlaşılmır. Yeddincisi, ən son olaraq məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Bu mövqe əlavə vaxt itirməkdən başqa bir şey deyildir. İş məhkəmənin icraatında olduğu bir vaxtda və bütün zəruri məlumatlar da məhkəməyə təqdim olunduğu halda bu cür qərar qəbul edilməsinə heç bir ehtiyac yox idi. Bu qədər açıq-aydın sübutlar olduğu halda məhkəmə cavabdehin formal etirazını guya araşdırma apararaq özü tərəfindən qərar qəbul edəcəyi barədə vədə inanaraq iddiaçının qanuni və əsaslı tələbini təmin etməyərək hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya Məhkəməsi İPMnin 15.1-ci maddəsinə riayət etməyərək prosessual hüquq normalarının pozmuş və ya düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə öz vəzifə borcuna görə tərəflərin məhkəmədə çəkişməsini təmin etməli idi ki, ədalət üzə çıxsın. Lakin, cavabdeh tərəf məhkəməyə gəlmədiyindən bu baş verməmişdir. Halbuki, İPM-nin 15.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Hazırkı işdə isə biz görürük ki, cavabdeh tərəf işin halları araşdırılarkən heç bir məhkəmə iclasında iştirak etməmişdir. Belə olduğu təqdirdə hansı çəkişmədən və işin tam, hərtərəfli və obyektiv araşdırılmasından söhbət gedə bilər. Bu fakt ciddi prossessual qanun pozuntusudur və cavabdehin məhkəməni saymadığını, məhkəmənin isə cavabdehin iştirakını təmin etməkdə acizliyini təsdiqləyir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: məhkəmə öz qərarında göstərmişdir ki, guya inzibati orqan onun müraciətini kifayət qədər araşdırmamışdır. Halbuki, o məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Bundan əvvəl isə ilkin ərizə ilə ona müraciət edərək yenidən hərbi xidmətə qəbul olunmağını xahiş etmişdir. Artıq 1(bir) ildən çoxdur ki, bu məsələ cavabdehin diqqət mərkəzindədir. Onun kifayət qədər vaxtı var idi ki, məsələni araşdırsın, lakin, o, hər fərqli mövqe nümayiş etdirərək məsələnin həllində maraqlı olmadığını nümayiş etdirmiş, həm də məhkəməni guya əlavə araşdırma aparılmasının zəzuriliyə inandıraraq əslində məhkəməni düzgün qərar qəbul etməkdən yayındırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməmməsinə dair dəlillər: Məhkəmənin qənaətinə görə qərarda qeyd olunan hallar və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının ilkin müraciəti zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Halbuki, buna heç bir ehtiyac yoxdur, bütün zəruri akt və sübutlar inzibati orqanda vardır, sadəcə olaraq cavabdeh iddiaçını yenidən hərbi xidmətə qəbul etməkdən qanunsuz şəkildə imtina edir. Ona görə də məhkəmənin diqqətini başqa istiqamətə yönəldərək yanlış arqument əsasında qərar qəbul etməsi absurd olmaqla qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər: Məhkəmə müəmmalı şəkildə İPM-nin 73.2-ci maddəsinə istinad edir. Həmin maddənin tələblərinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Halbuki, iddiaçının tələbi konkret və qanuni tələbdir. Məhkəmə öz qərarının əsaslandırma hissəsində cavabdehin imtinasının qanunsuz və əsassız olmasını faktlarla sadaladığı halda iddianın tam olaraq təmin olunmasına dair, yəni iddiaçının həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymamışdır. Beləliklə, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanunda təsbit olunmuş hərbi xidmət keçmək hüququ təmin edilməmiş, məhkəmənin qanunsuz qərarı iddiaçını hərbi xidmət keçərək pensiya almaq hüququndan məhrum edir və nəticədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququ (maddə 38), hüquq və azadlıqların məhkəmə təminatı hüququ (maddə 71) kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(120)-920/2022 saylı qərarının tamamilə ləğv edilərək, iş üzrə iddianın tam təmin olunması ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-920/2022 saylı qərarın ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlər hərbi bilet, imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” 2.1-ci bənd. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 2.8-ci bənd. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. 3.9-cu bənd. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1 İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, əlavə olaraq apellyasiya şikayətinin dəlili üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/D-20928 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinə ünvanladığınız ərizəyə (yenidən hərbi xidmətə qəbul olunmaq istəyiniz barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən məhkum edilmisiniz. Məlumat üçün təkrar olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirəm ki, Sizin yenidən həqiqi hərbi xidmətə qəbul olunmağınız qanunvericiliyin tələblərinə ziddir”. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan rayon Polis şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 182-9516-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, xx.xx.2003-cü il tarixdə Bakı şəhər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 331.2; 331.3; 66.3-cü maddələri ilə 03 il 03 ay azadlıqdan məhrum edilmiş, Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il şərti sınaq müddəti təyin olunaraq, cəzası şərti hesab edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci bəndinə əsaslanır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşmışdır. Eyni zamanda Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilərək həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətləri ilə əlaqədar zəruri inzibati icraat aparmamış, eyni zamanda xx.xx.2022-ci il tarixli, 369 saylı əmrin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimləməsi haqqında” xx.xx.2022-ci il tarixli, 369 saylı əmrinin: 1-ci bəndinə əsasən Müdafiə nazirinin müavinləri, qoşun(qüvvə) komandanları, Milli Müdafiə Universitetinin rektoru, birlik komandirləri və xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasının çəkmiş şəxslərin bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmaları aşağıdakı qaydada həyata keçirilsin: - 2020-ci ilin 1 iyun tarixinədək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.1-ci maddəsi ilə məhkum edilmiş, lakin hazırda məhkumluğu olmayan hesab edilən şəxs sayılaraq bağlaşmanın imzalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq; - 2020-ci ilin 1 iyun tarixinədək Azərbaycan Cinayət Məcəlləsinin 331.2, 332.1, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 333.1, 333.3, 347 və 350.1-ci maddələri ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasından əvvəl həmin şəxslərdən məhkum edilmələri barədə məhkəmənin hökmü əldə olunaraq törətdikləri əməllər cinayət qanunvericiliyə əsasən cinayət hesab edilmədiyi təqdirdə həmin şəxslərlə bağlaşmanın imzalanması Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq; - Əvvəllər hərbi xidmət əleyhinə olan cinayət törətdiyinə görə məhkum edilmiş şəxsin əməlinin cinayət, inzibati xəta olmasının və ya dekriminallaşmasının müəyyən edilməsi və bu barədə hüquqi rəyin verilməsi bağlaşmanı imzalamağa səlahiyyəti olan komandirin (rəisin) tabeliyindəki hüquq xidmətinin vəzifəli şəxsinə həvalə olunsun və bağlaşmanın imzalanmasının imtina edilməsi zamanı müvafiq rəy nəzərə alınmaqla qərar qəbul edilsin. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən müvafiq prosedur qaydalarına (hüquqi rəyin verilməsi) əməl edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı inzibati işdən müəyyən olunur ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin və ya rədd etmək mümkün deyildir. Bu halda, İnzibati Prosessual Məcəlləsinin 73.3.3-cü maddəsi imkan verir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Bununla bağlı nəzərə almaq lazımdır ki, qüvvədə olan inzibati prosessual qanunvericiliyə görə məhkəmə tərəfindən iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması institutunun tətbiqi bəzi hallarda zəruridir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli və ya faktiki xarakterli hərəkəti icra etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-920/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-920/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar