Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-108/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(120)-1216/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçıin cavabdeh İmişli Bələdiyyəsinə qarşı qərarın və mədən vergisi borcunun ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının və hesablanmış mədən vergisi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 01 noyabr 2024-cü il tarixli, 2-1(120)- 1216/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, səyyar vergi yoxlamasının nəticəsinə birbaşa istinadla inzibati akt qəbul edilmişdir. Halbuki, istinad olunan akt bələdiyyənin deyil, digər inzibati orqanın- vergi orqanının apardığı inzibati icraatın nəticələrinə dair məlumatdır. Müəyyən edilmişdir ki, İddiaçı MMC fəailiyyət göstərdiyi illər və aylar üzrə yaranmış mədən vergisi borcunu mədən vergisi bəyannaməsi tərtib edərək cavabdehə təqdim etmişdir və cavabdeh bəyannaməni qəbul etmiş, həmin bəyannamələri mübahisələndirməmişdir. Mədən vergisinə əsasən yaranmış mədən vergisi borcu cavabdehin hesabına İddiaçı MMC tərəfdən ödənilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmənin icraatında olmuş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə alınmış müvafiq ekspert rəyi ilə vergi orqanının vergi ödəyicisi kimi iddiaçıya qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığının müəyyən olunduğu, yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmadığı, həmçinin istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu da öz növbəsində cavabdeh tərəfin iddiaçıya əlavə mədən vergi borcunun hesablanmasının əsaslı olmamasına ehtimalı artırır. Qərardan cavabdeh İmişli Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Bələdiyyəsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə Bələdiyyənin inzibati ərazisində qum-çınqıl karxanası kimi 2015-ci ildən 2020-ci ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs İddiaçı MMC-nin 664303 manat mədən vergisi borcunun məcburi qaydada alınaraq İmişli Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdehin İddiaçı MMC-nin mədən vergisi üzrə 664303 manat borcu olması barədə qərarı əsassızdır. Belə ki, İddiaçı MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunu cavabdehin hesabına ödəmişdir. İddiaçı MMC-nin cavabdehə 664303 manat məbləğində mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz subyektiv mülahizələri əsasında əsassız məbləğ hesablamışdır. Həmin məbləğdə vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı MMC-dən 664303 manat mədən vergisinin tutularaq bələdiyyənin hesabına köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 mütəxəssisləri tərəfindən tərtib edilmiş aktla müəyyən edilmiş hallara hüquqi qiymət verməmişdir. Belə ki, həmin aktda iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən istifadə vəziyyəti yoxlanılarkən 670803 kub metr həcmində qum-çınqıl hasilatının aparılması müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən 2015-2020-ci illər üzrə 6500 kub metr hasilat işləri aparılması bəyan edilmiş və 6500 manat mədən vergisi ödəmnilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İmişli rayon İcra Hakimiyyəti başçısının 09 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçıin müvəqqəti istifadəsinə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Araz çayının yatağından 15 ha ərazi verilmişdir. -İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2022-ci il tarixli, 11 nömrəli sərəncamının surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə cəmiyyətə verilmiş 15,0 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. -İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, xx.xx.2022-ci il tarixli, 11 saylı sərəncam dəyişdirilməmiş və hazırda qüvvədədir. -İmişli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İmişli bələdiyyəsinin inzibati ərazisində 2015-ci ildən 2020-ci ilədək fəalliyyət göstərən İddiaçı MMCdən 664303 manat mədən vergisinə dair borcun məcburi qaydada alınaraq İmişli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-03/2- 232007084/2024 nömrəli məktubunda bildirilir ki, Baş Prokurorluğun İstintaq idarəsində İddiaçı tərəfindən 2015-2020-ci illərdə İmişli rayonu ərazisində - Araz çayının sol tərəfində yerləşməklə imişli şəhər bələdiyyəsinin mülkiyyətində olan “İmişli” qum-çınqıl yatağında “Dağ-mədən ayırması” aktı, eləcə də İmişli rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması və qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 255.1 və 308.1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. İstintaq zamanı Araz çayının sol tərəfində yerləşən “İmişli” qumçınqıl yatağında qanunsuz hasilat işlərinin mərhum X4 tərəfindən aparıldığı müəyyən edilmiş və yaxın qohumunun razılığı əsasında 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2ci maddələrinə əsasən “iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin İddiaçı direktoru Nümayəndə əməllərində cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 00628 nömrəli xx.xx.2012-ci il tarixli və 01043 nömrəli xx.xx.2018-ci il tarixli “X5”larından görünür ki, İddiaçı icaərinə verilmiş 15.0 ha torpaq sahəsində müvafiq olaraq hər dəfə 5 il müddətinə qum-çınqıl hasilatına icazə verilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 mütəxəssisləri tərəfindən İmişli bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, “İmişli” qum-çınqıl yatağının yaxınlığında yerləşən karxanaya baxış keçirilmiş, hasilat işləri aparılan sahələr bələdiyyənin sədri Etibar Şəmmədov tərəfindən göstərilmiş, müxtəlif sahələr üzrə hasilatın həcmi müəyyən edilmiş, faktiki hasilat işləri, texnika və avadanlıq aşkar edilməmiş, bələdiyyənin sədri Etibar Şəmmədov izahat verərək, hasilat işlərinin 2015-2020-ci illərdə İddiaçı tərəfindən aparıldığını bildirmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, hasilat işlərinin İddiaçı tərəfindən aparılıb-aparılmamasını müəyyən etmək üçün əlavə araşdırmaya zərurət vardır. İş üzrə cavabdeh sözügedən akta istinad edərək, iddiaçıya münasibətdə mədən vergisi hesablamışdır və həmin akt mübahisələndirilən qərarın qəbul edilməsi üçün yeganə faktiki əsas kimi çıxış edir. Qeyd olunan aktın məzmunundan göründüyü kimi İddiaçı tərəfindən aparılması iddia olunan hasilat işlərinin miqyası və həcmi məhz bələdiyyənin sədri tərəfindən göstərilmişdir. Həmçinin bu sahədə səlahiyyətli qurumun hasilat işlərinin İddiaçı tərəfindən aparılıbaparılmamasını müəyyən etmək üçün əlavə araşdırmaya zərurət olması barədə gəldiyi nəticəyə baxmayaraq, cavabdeh obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənməyən qərar qəbul etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: -22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(120)-1216/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-108/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-108/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver