Məhkəmə qərarları › İş №2-1(106)-109/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-109/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-109/2023 22.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1837/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 03 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1837/2022 nömrəli qərarı ilə İddiaçı hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 avqust 1996-cı ildə anadan olmuş, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1990-1994-cü illərdə “Dalğa” pavilyonunda 4 il 3 ay, 1987-1989-cu illərdə 2 il hərbi xidmət dövrü nəzərə alınaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun mərhum atasının əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri tam qaydada saxlanılmadığından mərhum atası X1 həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti əsasında təqdim etdiyi mərhum atası X1 Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 301 nömrəli arayışına əsasən xx.xx.1987ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmət dövrü olmaqla mərhum X1 2 il 8 gün ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (5 ildən) azdır. Fondun 9 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən sözügedən müəssisənin 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri saxlanmadığından həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən mübahisələndirilən 4 il 3 ay iddiaçının sığorta stajına daxil edilməyib. İddiaçı münasibətdə mərhum atası X1 əmək kitabçasına və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 2 il 6 gün, mübahisələndirilən sığorta stajı isə 4 il 3 ay təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə doğulmuşdur. İşdə olan 403081 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X6 xx.xx.1972-ci il təvəllüdlü X5 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1996-cı il tarixli, XX-ЖГ 256814 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X5 qeyd olunmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının əməkdaşları və Biləsuvar rayon Kooperativ Cəmiyyətinin direktoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktının surətindən görünür ki, X1 Biləsuvar rayon Kooperativ Cəmiyyətindəki əmək fəaliyyəti yoxlanılmış, onun xx.xx.1990-cı il tarixli, 275 nömrəli əmr ilə X9 İdarəsinin Səmədabad qəsəbəsində yerləşən “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsinə təyin edilməsi, xx.xx.1991-ci il tarixli, 113 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri-aşpaz vəzifəsinə keçirilməsi, xx.xx.1991-ci il tarixli, 130 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri-aşpaz vəzifəsində işlədiyi üçün əvvəlki vəzifəsinə keçirilməsi, xx.xx.1994-cü il tarixli, 25 nömrəli əmr ilə “Dalğa” pavilyonunun fəaliyyətini dayandırdığı üçün işdən azad edilməsi barədə əmrlər öz təsdiqini tapmış, həmçinin əmrlər kitabında qeydlərdə uyğunsuzluğun aşkar edilməməsi, faktların düzgünlüyü təsdiqini tapmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi mərhum atası X4 məxsus 060199 nömrəli əmək kitabçasının surətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin arayışına əsasən hərbi xidmət dövrü nəzərə alınmaqla sığorta stajı 2 il 6 ay 5 gün olmaqla tələb olunan müddətdən (5 ildən) azdır. Mərhum atası X1 060199 nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda işləməsi faktını araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri tam qaydada saxlanılmadığından mərhum atası X1 həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılması mümkün olmadığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən İddiaçı mərhum atası X1 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 301 nömrəli arayışda qeyd olunmuşdur ki, 1969-cu il təvəllüdlü mərhum X6 xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixə kimi hərbi xidmətdə olmuşdur. İşdə olan Biləsuvar rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1990-cı il (əmr № 275) tarixdən xx.xx.1994-cü il (əmr № 25) tarixədək “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsində işləmişdir. İşdə olan X4 məxsus xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X6 xx.xx.1990-cı ildə “Dalğa” pavlyonunda xörəkpaylayan vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə müvəqqəti olaraq həmin pavilyonda bufet müdiri-aşpaz vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə “Dalğa” pavlyonunda xörəkpaylayan-müvəqqəti bufet müdiri aşpaz vəzifəsində işlədiyi üçün əvvəlki işinə keçirilmişdir. xx.xx.1994-cü ildə “Dalğa” pavilyonunda tutduğu vəzifədən azad edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 314/12 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında təqdim etdiyi mərhum atası X1 Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin arayışına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmət dövrü olmaqla mərhum X1 2 il 6 gün ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (5 ildən) azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 9 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış xidməti araşdırmaya əsasən sözügedən müəssisənin 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən mübahisələndirilən 3 il 10 ay iddiaçının sığorta stajına daxil edilməyib. İşdə olan elektron sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixədək, yəni 18 yaşı tamam olanadək sağlamlıq imkanları məhdud uşaq kimi, xx.xx.2014-cü il tarixdən etibarən isə üçüncü dərəcəli əlil (müddətsiz) kimi qeydə alınmışdır. İşdə olan Biləsuvar Rayon Kooperativ Cəmiyyəti tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış, xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışa əlavə edilmiş əmrlərin təsdiq edilmiş surətlərindən görünür ki, X6 xx.xx.1990-cı il tarixli, 275 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;http://www.e-qanun.az/framework/11566 yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı) olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Həmçinin həmin hal cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmir. İddiaçının atası X6 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının mərhum atasının adına verilmiş əmək kitabçasında qeyd olunan “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri tam qaydada saxlanılmadığından iddiaçının mərhum atası X1 həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Qanunvericiliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması tələb edilir. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 yaşında vəfat etmiş X1 ölüm gününədək əmək qabiliyyətli yaş dövrü az, yəni cəmi 11 il 11 ay 355 gün olduğundan, yəni əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesabı ilə mərhumun 5 il sığorta stajının olması onun oğlu İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının mərhum atası X1 hərbi xidmətdə olduğu dövr (2 il 8 gün) və xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) “Dalğa” pavilyonunda işlədiyi dövr cəmi 6 il 3 ay 8 gün təşkil edir. İddiaçının mərhum atası X1 hərbi xidmətdə olduğu dövrə (2 il 8 gün) münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının mərhum atası X1 xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) “Dalğa” pavilyonunda işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Cavabdeh inzibati orqan mərhum X1 xx.xx.1990-cı ildən xx.xx.1994cü ilə kimi işlədiyi dövrün sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim olunmuş əmək kitabçasının mötəbər və kifayətedici sübut kimi qəbulunun mümkünlüyünü mübahisələndirir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri tam qaydada saxlanılmadığından iddiaçının mərhum atası X1 xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) dövrdə əməkhaqqı alması faktının yoxlanılması mümkün olmadığına görə həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı mərhum atası X1 qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının mərhum atası X1 qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə, həmçinin iddiaçının mərhum atası X1 qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini təsdiq edən əmək kitabçasındakı müvafiq qeydlərin, eləcə də müvafiq əmrlərin həqiqətə uyğun olmamasına, o cümlədən qeyd edilən tarixlərdə sözügedən müəssisənin fəaliyyətinin olmamasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının mərhum atası X1 qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə araşdırması nəticəsində məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş əmrlərlə də öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl etməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1837/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar