Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-109/2024 03.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(120)-1324/2023 nömrəli qərarından üçüncü şəxs Quliyeva Sara Həbulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 22 avqust 2023-cü il tarixli, 2- 1(120)-1324/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 58 nömrəli fərdi yaşayış evinə pasport qeydiyyatına düşməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxs Quliyeva Sara Həbulla qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Quliyeva Sara Həbulla qızı ilə 06 sentyabr 2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmişlər. Birgə nikahları dövründə uşaqları doğulmamışdır. Quliyeva Sara Həbulla qızı ilə birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında ev tikmək üçün 0.03 ha həyətyanı torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində 2 otaqdan ibarət ev tikiblər. Birgə nikah dövründə əldə etdikləri əmlak mülkiyyət hüququ əsasında Quliyeva Sara Həbulla qızının adınadır. Sonradan iddiaçının Quliyeva Sara Həbulla qızı ilə aralarında olan ər-arvadlıq münasibətləri pozulmuşdur. Ailə münasibətləri pozulsa da hər ikisi ünvan 1 ünvanında yaşayırlar. Birgə nikah dövründə inşa edilmiş evi iddiaçı tikmişdir. Ev tikilib hazır olandan sonra cavabdeh onu həmin evin pasport qeydiyyatına düşməsinə icazə vermir. Bu səbəbdən də iddiaçı Cavabdehnə müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınmağını xahiş etsə də inzibati orqan tərəfindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Quliyeva Sara Həbulla qızı qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşayış yeri və daimi qeydiyyatda olduğu ünvan vardır. Hesab edir ki, məhkəmə yalnış nəticəyə gəlməklə ədalətsiz qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. - nikah haqqında akt qeydindən görünür ki, İddiaçı ilə Bəhrəmova Sara Həbulla qızı arasında nikah haqqında xx.xx.2013-cü il tarixdə 548 nömrəli akt qeydi tərtib olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışında qeyd edilmişdir ki, ünvan 4 (Yeni qaydalarla: Şirvan şəhəri, F.X.Xoyski küçəsi, ev 53) ünvana daşınmaz əmlaka tam hissə payı ilə Quliyeva Sara Həbibulla qızı sahibdir. - Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 839 nömrəli arayışından görünür ki, nümayəndəlikdə olan məlumata əsasən İddiaçı ünvan 4 ünvanında yaşayır. - xx.xx.2022-ci il tarixli, 2(032)-1415/2022 nömrəli qətnamənin surətindən görünür ki, Bəhrəmova Sara Həbulla qızı ilə İddiaçı arasında xx.xx.2013-cü ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 548 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışıdan görünür ki, ümumi sahəsi 62,4 m2 olan ünvan 4 ünvana dair (Yeni qaydalarla: ünvan 5va Sara Həbibulla qızının və İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Müəyyən edilir ki, İddiaçı ilə üçüncü şəxs Quliyeva Sara Həbulla qızı arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Tərəflər arasında ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq İddiaçı ünvan 4 ünvanında yaşayır. İddiaçının həmin evdə yaşayan şəxs kimi sözügedən ünvana qeydiyyata alınması mübahisələndirilmişdir. “İnzibati icraat haqqında” AR Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas kimi təkcə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya kirayə müqaviləsini deyil, həm də vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini nəzərdə tutur. Hazırkı işin halları üzrə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı “yaşayış sahəsi verən şəxs” olmasa da, onun yaşayış sahəsindən çıxarılması barədə qərarın olmaması və mübahisəli evə istifadə hüququnun olduğu müəyyən edilməsi, elə yaşayış sahəsi verən şəxsin ərizəsi ilə eyni mahiyyətlidir. İşin faktiki hallarından görünür ki, mübahisəli ünvan 4 (Yeni qaydalarla: Şirvan şəhəri, F.X.Xoyski küçəsi, ev 53) həm iddiaçının, həm də üçüncü şəxsin ümumi payl mülkiyyətindədir. İddiaçının xx.xx.2024-cü il tarixdə həmin fərdi yaşayış evinə 1/2 pay üzrə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olduğu təqdirdə şəxsin mülkiyyətində olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşməsinə hər-hansı məhdidiyyət yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Quliyeva Sara Həbibulla qızının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(120)-1324/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-109/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-109/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver