Məhkəmə qərarları › İş №2-1(106)-110/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-110/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-110/2025 24.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1-(120)-3984/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ləğv edilərək donor X1 resipiyent İddiaçı qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3984/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbi üzrə X2 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbinin əsaslarına görə İddiaçı “Qaraciyər fibrozu, HCV mənşəli qaraciyər Sİİ mərhələsində hepatosplenomeqaliyapor varikozu İV dərəcə” diaqnozu ilə xəstədir. Yaşaması üçün donor tapılmalı və qaraciyər köçürülməlidir. Bu barədə Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası xx.xx.2024 cü il tarixli qərarı, 39 nömrəli qərarında göstərilmişdir ki, tərəflər sualları qeyri-səmimi şəkildə cavablandırmışdır. Donor və resipiyent bir-birinin tanışlığına dair hər hansı bir sənəd təqdim etməmişdir. Danışıqlarda ziddiyətlər aşkar edilmişdir. Sosial şəbəkədə resipiyentin orqan alqısı ilə bağlı yazıları müəyyən olunmuşdur. Etika Komissiyası donor orqanının transplantasiyasına etiraz edir. İddiaçı Azərbaycan Respublikası İPM 2-ci və 8-ci və 33-cü 45- 46-cı maddələrində göstərilən əsaslara uyğun olaraq məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 39 nömrəli qərarının ləğv edilərək donor X1 resipiyent İddiaçı qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1-(120)-3984/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024cü il tarixli 13 nömrəli qərarı ləğv edilmiş, İddiaçı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmənin qənaətinə görə cavabdeh orqan tərəfindən təqdim edilmiş "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli protokoldan çıxarış ilə hazırki məhkəmə iclasında verilmiş ifadələr arasında ziddiyyət təşkil etdiyindən, həmçinin şübhənin əsaslılığını sübut edəcək əlavə sənədlər təqdim olunmadığından qeyd olunan hallar təkrar inzibati icraat aparılmaqla, əsasnamədə qeyd edilən əsaslı şübhələrin olmasına dair əlavə sübutlar əldə edilməklə müraciət yenidən araşdırılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 həmin qərardan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi 10 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-3984/2024 nömrəli Qərarı ilə orqan transplantasiyası qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız Qərar qəbul etmişdir. Aşağıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüququn tətbiqində, həqiqətən də, kobud pozuntuya yol verildiyini, həmin aktın ləğvinin və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsinin zərur olduğunu göstərir İddiaçı “Qaraciyər fibrozu, HCV mənşəli qaraciyər Sİİ mərhələsində hepatosplenomeqaliyapor varikozu İV dərəcə” diaqnozu ilə xəstədir. Buna görə ona qaraciyər transplantasiyası tövsiyə olunmuşdur. Üçüncü şəxs (donor) X2 donor olmaq barədə razılıq vermiş və bundan sonra şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada AR SN “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın qəbulunda olmuşlar. Komissiyanın həyata keçirdiyi araşdırma nəticəsində donor orqanının transplantasiyasının qeyri-mümkün olması barədə əsaslandırılmış 16 may 2024-cü il tarixli, 39 nömrəli Qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilən və iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın qanuniliyi və əsaslılığı dayanır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilən protokol ilə məhkəmə izahatlarında səsləndirilən fikirlər arasında ziddiyətlər olması, habelə donor orqanın alğə-satqısına dair əsaslı şübhələrin mövcud olduğunu təsdiq edən sübutların təqdim edilməməsi əsası ilə inzibati icraatın yenidən araşdırılması və qəbul edilmiş inzibati aktın ləğvi barədə Qərar qəbul etmişdir. Məhkəmənin bu mənada mövqeyinin əsassız və qanunsuz olduğunu, aparılmış inzibati icraatla bağlı heç bir ziddiyətin mövcud olmadığını, donor orqanın alğı-satqısına dair razılığın olması barədə kifayət qədər əsaslı şübhələrin mövcud olduğunu göstərir. AR Səhiyyə Nazirliyinin nəzdində “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın təsis edilməsində əsas məqsəd yaxın qohum olmayan donor və resipiyent tərəfindən “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” AR Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplərə zidd formada orqan transplantasiyası hallarının qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Bu mənada müvafiq sahədə nəzarət mexanizminin yaradılması həmin prinsiplərə riayət olunmasının təmin edilməsi üçün mühüm əhəmiyyət daşımaqdadır. Təsadüfi deyil ki, müvafiq komissiya hüquqşünas və psixoloqlardan ibarət tərkibdə təşkil edilir. Məhz bu yolla donorla resipiyent arasında emosional və mənəvi əlaqənin mövcud olub-olmaması, həqiqətən də humanizm, könüllülük və təmənnasızlıq prinsiplərinin nəzərə alınıb alınmaması müəyyən olunur. Hazırki işdə də qohum olmayan donor və resipiyent arasında məhz yuxarıda qeyd olunan zərurətdən irəli gələn araşdırma Etika Komissiyasında aparılmış və nəticədə tamamilə əsaslı və qanuni formada orqan transplantasiyasının qeyri-mümkün olması barədə Qərar qəbul edilmişdir. AR Səhiyyə Nazirliyinin nəzdində “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın 16 may 2024-cü il tarixli iclas protokolundan çıxarış, hər iki tərəflə aparılan söhbət zamanı onların suallara verdikləri cavabları ehtiva edir ki, həmin cavabların qarşılıqlı təhlili, kifayət qədər ziddiyətlərin və ağlabatan olmayan məqamların mövcudluğu sonda onlar arasında donor orqanların alğı-satqısına dair razılığa gəlinməsi barədə əsaslı şübhələrin mövcud olması və buna görə də orqan transplantasiyasının mümkünsüz olması barədə Qərarın qəbul edilməsini şərtləndirmişdir. İddiaçı Komissiya üzvlərinə donorluğa namizdəd üçüncü şəxsi 2018-ci ildən etibarən tanıdığını və 2023-cü ilin sentyabrında sonuncunun könüllü donor olmaq barədə razılığının alındığını qeyd etsə də, 2024-cü ilin yanvar ayında sosial şəbəkələrdə donor orqanların alğı-satqısı üzrə açılmış qara bazar səhifərində donor namizəd axtarması barədə şərhləri aşkar olunmuş və ona bu barədə sual ünvanlandığı zaman sualımızı cavabsız qoymuşdur. Daha əvvəl Mahnur Fərzəliyevanın bu barədə razılığının alınması həqiqəti əks etdirsə idi, sonrakı tarixdə qara bazar səhifələrində donor olmaq istəyən şəxsləri axtarmazdı. Bu da onların daha sonrakı tarixdə bu barədə razılığa gəldiklərini, komissiyaya verdiyi məlumatların həqiqəti əks etdirmədiyini aşkar surətdə göstərməkdədir. Donorluğa namizəd Mahnur Fərzəliyevaya kartına göndərilən pulların mənbəyi barədə ona ünvanlanan suala cavab verərkən iddiaçı tərəfindən onun işlədiyi “Faberlic” və “Oriflame” şirkətlərindən məhsulların alındığını qeyd etmişdir. Halbuki həmin şirkətlərlə əlaqə saxlandığı zaman Mahnur Fərzəliyeva adlı işçiləri olmadığı, Mahnur Fərzəliyevanın ona göndərilən pulların mənbəyi barədə yalan dediyi aşkar olunmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81,83,85-ci və Mülki Prosessual Məcəlləsinin 385-386-cı maddələrinə əsasən Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 2364/2024 saylı qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının iştirakı: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Şirvan İnzibati Məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, cavabdeh tərəfin nümayəndəsi isə apellyyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişlər. İV. Tətbiq edilən hüquq norması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya məhkəməsinin icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmaqla apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünə qiymət verilməsindən ötrü apellyasiya və kassasiya şikayəti vermək hüququna dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mərkəzi normaları qismində çıxış edən 81.2-ci və 90.2-ci maddələrinin müddəalarına nəzər yetirməyi hesab edir: Belə ki, həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır-qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 17 fevral 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, canlı donor X2 donor olmağa razıdır və buna görə onun heç bir maddi və mənəvi marağı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarında göstərilmişdir ki, tərəflər sualları qeyri-səmimi şəkildə cavablandırmışdır. Donor və resipiyent bir-birinin tanışlığına dair hər hansı bir sənəd təqdim etməmişdir. Danışıqlarda ziddiyətlər aşkar edilmişdir. Sosial şəbəkədə resipiyentin orqan alqısı ilə bağlı yazıları müəyyən olunmuşdur. Etika Komissiyası donor orqanının transplantasiyasına etiraz edir. İşə baxan Şirvan İnzibati Məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması ilə müəyyən olunan ziddiyyətlər bir daha aydınlaşdırılmalı və cavabdeh orqan tərəfindən yenidən müvafiq qərar qəbul edilməlidir. Beləliklə, cavabdehin üzərinə qoyulan öhdəlik həmin orqanın fəaliyyət istiqamətinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi apellyasiya baxışı zamanı apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən olunarsa inzibati işin apellyasiya baxışından çıxarılması mümkündür. Bu baxımdan hazırki iş üzrə verilmiş apelyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina üçün əsas olduğundan, hazırki inzibati iş apellyasiya baxışından çıxarılmalıdır. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardadlarda (oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2933/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmənin qərarı ilə mübahisə mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Məhkəmə tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. Həmçinin, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin icraata qəbul qərardadı ləğv edilərək inzibati iş apellyasiya baxışından çıxarılmalı, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə məhkəmənin 05 dekabr 2024cü il tarixli, 2-1(106)-627/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş apellyasiya baxışından çıxarılmaqla apelyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar