Məhkəmə qərarları › İş №2-1(106)-112/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-112/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-112/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, iddiaçının nümayəndəsi X16, vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, vəkili Qanuni nümayəndə1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1910/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı X9 cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X14 cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-44/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-350/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-44/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1910/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı İddiaçı X9 rəhbəri X5 19 aprel 2001-ci il tarixli ərizəsi nəzərə alınaraq 55,0 ha torpaq sahəsi 15 il müddətinə ayrılması nəzərdə tutulmuş, həmin müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, iş üzrə təyin edilmiş kompleks məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizasının 24 fevral 2022-ci il tarixli, 4/37-5/32 saylı rəyində müəyyən olunmuşdur ki, on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmişdir. Birdaha sübut olunur ki, iddiaçı ilə bağlanmış müqavilə müddəti xx.xx.2016-cı ildə bitmişdir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarın hazırki mübahisəyə birbaşa preyudisial əhəmiyyəti var. Əliləmbəyli bələdiyyəsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli qərarın mahiyyəti xx.xx.2016-cı il tarixdə müddəti bitmiş müqaviləni ləğv etməkdən ibarət olmuş, həmin qərarın hüquqi qüvvəsi xx.xx.2016-cı il tarixdə başa çatmış, bununla da həmin vaxtdan qərar faktiki qüvvədən düşmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı məhəkəmə tərəfindən ləğv edildiləcəyi halda iddiaçının hüquqi marağı bərpa olunmayacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Qərardaddan İddiaçı X14 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyə ilə onun arasında 01 aprel 2001-ci il tarixli, 02 saylı icarə müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə görə icarəyəverən mülkiyyətində olan 55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 35 il müddətinə onun istifadəsinə vermişdir. Bundan sonra onun rəhbərlik etdiyi İddiaçı X14na icarəyə götürülən torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-2868 nömrəli Şəhadətnamə də verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsindən məqsədli təyinatına uyğun, yəni kənd təsərrüfatı məhsullarının istehsalı (arpa, buğda əkini və s.) və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün uzun müddət istifadə edilmişdir. Lakin Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinin 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun 1.2-ci bəndinə əsasən heç bir əsas olmadan torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Bələdiyyənin 05 may 2001ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Bələdiyyənin həmin iclası və qeyd olunan qərarı bütövlükdə Sabirabad Rayon İcra Hakimiyyətinin 26 noyabr 2020-ci il tarixli, 3143 saylı tövsiyə məktubuna istinad edilmişdir. Sırf həmin tövsiyə məktubu əsasında Bələdiyyə iclas keçirmiş və əsassız olaraq ona torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş öz qərarını ləğv etmişdir. Halbuki, Rayon İcra Hakimiyyəti Bələdiyyənin fəaliyyətinə hər hansı təsir edə bilməz. Hər iki qurum öz fəaliyyətləri daxilində sərbəstdir. Bələdiyyənin 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qəbul edilməsi zamanı guya ona ayrılan torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi, sənəddə səhvən 35 il qeyd olunması, eyni zamanda torpaq sahəsindən örüş kimi (yəni təyinatına uyğun) istifadə etməməyi kimi hallar da əsas götürülmüşdür. Belə ki, yenə də aidiyyəti olmadığı halda Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İN yanında ƏMDX-nə sorğu vermiş və sorğuya verilən cavabda ona ayrılan torpaq sahəsinin arxiv sənədlərində (yerquruluşu layihəsinə əsasən) 15 il müddətinə icarəyə verilməsi qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin ona ayrılan torpaq sahəsində nə marağı olduğu da müəmmalı olaraq qalmışdır. ƏMDX-nin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfındən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaqayırma sənədlərində 15 il müddətinə icarəyə verilsin sözlərinə düzəliş edilərək 35 il müddətinə icarəyə verilsin yazılmışdır. Bu da təsdiq edir ki, faktiki olaraq torpaq sahəsi 35 il müddətinə icarəyə verilmişdir, Bələdiyyənin səhvən 15 il qeyd etməsi bunu istisna etmir, göründüyü kimi torpaqayırma sənədlərində də müddətə düzəliş edilmişdir. Bundan əlavə torpaqdan müvəqqəti istifadə hiiququna dair JN-2868 nömrəli X1 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında da torpaq sahəsinin 35 il miiddətinə icarəyə verildiyi açıq şəkildə qeyd olunur. Torpaq sahəsindən örüş kimi istifadə etmədiyi və nəticədə təyinatının pozulduğunu əsaslandırmağa çalışırlar ki, bununla bağlı qeyd edir ki, JN-2868 nömrəli X1 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında göstərilir ki, torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Torpaq sahəsindən çıxmağı üçün ona çoxsaylı təzyiqlər edilmiş, həmin sahədən örüş kimi istifadə edilərək heyvanlar sahəyə buraxılmış, ərazidəki bütün əkin, buğda məhv edilərək ona çoxlu ziyan vurulmuşdur. Cavabdeh Sabirabad rayon Əliləmbəyli bələdiyyəsinin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 55 ha örüş torpaq sahəsi İddiaçı X14na 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə 55 ha torpaq sahəsi İddiaçı X14na 15 il müddətinə icarəyə verilmiş və JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında da Cavabdeh tərəfindən torpaq sahəsinin İddiaçı X14na 15 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına müdaxilə edilərək “on beş il müddətinə icarəyə verilsin” sözləri düzəliş edilərək “otz beş il müddətinə icarəyə verilsin” sözləri ilə dəyişdirilmişdir. Həmin bu düzəlişə əsasən də yenidən Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən 55 ha torpaq sahəsi İddiaçı X14na 35 il müddətinə icarəyə verilməsi barədə JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamə Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi İddiaçı X14na qısamüddətli, yəni 15 il müddətinə icarəyə verilmişdir. Lakin İddiaçı X14 bələdiyyənin qərarında qanunsuz olaraq düzəliş etmiş və icarə müddətini 35 ilə dəyişmişdir. Bu hallar müvafiq orqanların apardığı araşdırma ilə sübuta yetirilir. Həmçinin, 05 noyabr 2020-ci il tarixli aktdan da görünür ki, ƏMDX-nin, Əliləmbəyli kənd icra nümayəndəsinin və bələdiyyəsinin və iddiaçının nümayəndəsi ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı 15 illik icarə müqaviləsinin müddətinin bitməsi müəyyən edilmiş və bununla əlaqədar iddiaçıya xəbərdarlıq edilmiş və torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinə görə ona məlumat verilmişdir. Bu hal məhkəmə ekspertizası mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyinə əsasən də müəyyən edilir ki, 55 ha torpaq sahəsinin 25 ha təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilir. Bundan başqa Sabirabad rayonu Əliləmbəyli kənd sakinləri tərəfindən Şirvan Regional Ədliyyə İdarəsinə olunmuş kollektiv müraciət əsasında da aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı X14na 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh ilə İddiaçı X14 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq var. Belə ki, İddiaçı X9 rəhbəri B.Cəfərov 55 ha torpaq sahəsinin onun icarəsinə ayrılması barədə 19 aprel 2001-ci il tarixdə bələdiyyəyə müraciət etmiş, bununla əlaqədar bələdiyyənin iclası 05 may 2001-ci il tarixdə keçirilmiş və qərar qəbul edilmişdir. Tərəflər arasında icarə müqaviləsi isə 01 aprel 2001-ci il tarixdə bağlanmış və icarə müddəti uzunmüddətli, yəni 35 il müddət göstərilmişdir. Cavabdeh ilə İddiaçı X14 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq onların yazılış qaydasından da görünür. Belə ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı kiril əlifbası ilə yazılmış, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi isə latın əlifbası ilə yazılmışdır. Ona görə də hesab edilir ki, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi sonradan yazılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi X20 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmişlər və şikayətin dəlillərinə uyğun izahat vermişlər. Cavabdehin nümayəndəsi X3 və vəkili Qanuni nümayəndə1 şikayətin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Əliləmbəyli kəndinin bələdiyyə mülkiyyətində saxlanılan ərazidən 55,0 ha torpaq sahəsinin on beş il müddətinə İddiaçı X9 icarəsinə verilməsi qərara alınmışdır. -xx.xx.2001-ci il tarixli, 05 saylı X10 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X8 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 15 (on beş) illik icarə müqaviləsi bağlanmışdır. -JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı X14na müvəqqəti istifadə üçün verilməsi qeyd edilmişdir. -Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, 55,0 ha torpaq sahəsinin otuz beş il müddətinə İddiaçı X9 icarəsinə verilməsi qərara alınmışdır. -01 aprel 2001-ci il tarixli, 02 saylı X10 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X8 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair uzunmüddətli (35 il) icarə müqaviləsi bağlanmışdır. -JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 35 (otuz beş) il müddətinə İddiaçı X14na müvəqqəti istifadə üçün verilməsi qeyd edilmişdir. -Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı X9 rəhbəri X6 55,0 ha torpaq sahəsinin ayrılması barədə Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. -Sabirabad rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri X11 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07 aprel 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Cavabdeh sabiq sədri X7 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, əməllərində cinayət tərkibi olmadığından X8, X21 və X4 barələrində cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin İddiaçı X9 rəhbəri X5 icarəsinə verilməsinə dair bələdiyyə şurasının 22 fevral 2001-ci il tarixli, 03 saylı protokolundan çıxarışın, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 iyun 2001-ci il tarixli, 5 nömrəli icarə müqaviləsinin, eləcə də “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 03 aprel 2003-cü il tarixli, Kod 90904018, JN-2868 saylı şəhadətnamənin əsllərinin saxlanıldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xdimətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin 35 il müddətinə İddiaçı X9 mülkiyyətinə verilməsinə dair Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarış, sabiq bələdiyyə sədri Hümmət Həsrətovla təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 nömrəli “Torpaq icarə müqaviləsi” və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş 03 aprel 2003cü il tarixli, 35 il müddətində “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Kod 90904018, JN-2868 saylı şəhadətnamə saxta olduğundan cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə miilkiyyətində olan 55 ha torpaq sahəsi on beş il müddətində «Ariz X14»nın icarəsinə verilmiş, bununla bağlı sabiq bələdiyyə sədri Hümmət Həsrətovla, təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 15 iyun 2001-ci il tarixli 5 nömrəli müqavilə bağlanmışdır. X23 və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfındən qeyd olunan torpaq sahəsinin 15 il müddətində «Ariz X14»nın icarəsinə verilməsi ilə bağlı 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnamə verilmişdir. Bahəddin Cəfərov «Ariz X14»ndakı paylarını 19 mart 2019-cu il tarixdə notarial qaydada X2. Həmin vaxt o, Əli Bağışa, torpaq sahəsinə dair yuxarıda göstərilən bələdiyyə qərarı, icarə müqaviləsi və şəhadətnamədən fərqli olaraq, qeyd olunan torpaq sahəsinə dair, üzərində düzəliş edilərək on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmiş Sabirabad rayon Əliləməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışını, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli torpaq icarəsi müqaviləsini və həmin torpağın 35 il müddətində icarəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnaməni təqdim etmişdir. İstintaq nəticəsində qeyd olunan sənədlərin saxta olduğu müəyyən edilmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən torpaq sahəsinin 35 il müddətinə İddiaçı X9 icarəsinə verilməsi barədə sənədlərin saxta olması müəyyən edilmişdir. Bu hal onu deməyə əsas verir ki, həmin torpaq sahəsi ilə bağlı «Ariz” X9 icarə hüququ 05 may 2016cı il tarixədək mövcud olmuşdur. Odur ki, mübahisələndirilən qərarla artıq hüquqi qüvvəsini itirmiş 05 may 2001-ci il tarixli, 03 saylı qərarın ləğv edilməsi halı iddiaçının hüquqlarına toxunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X9 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1910/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar