Məhkəmə qərarları › İş №2-1(106)-113/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-113/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-113/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-589/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar verdi. İ. İşin halları: İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-589/2024 nömrəli qərarı ilə (hakim Şahəli Musayev) iddia təmin edilmiş, İddiaçı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin X15 Filialının üzərinə qoyulmuşdur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-74970/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının əmək kitabçasının surəti və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü ilə birlikdə sığorta stajının 18 il 04 ay 12 olmaqla tələb olunan (25 il) müddətdən az olduğu bildirilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “X17 Dəri” ASC-də işlədiyi qeyd olunsa da, həmin dövrlərin doldurulma qaydası pozulduğu (kiril qrafikalı möhürdən istifadə edilmişdir) üçün staja daxil edilməmişdir. İmtina məktubundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci ilə kimi fasilələrlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi, əmək kitabçasının kiril əlifbası ilə doldurulması və möhürün kiril əlifbası ilə olması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçı əmək kitabçasında bir sıra saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. Belə ki: İddiaçının xx.xx.1997-ci il tarixdə işdən çıxma qeydinin kiril qrafikası ilə yazılması və kiril qrafikalı möhürdən istifadə edilməsi həmin müəssisədəki əmək fəaliyyəti dövrünün həqiqiliyinə əsaslı şübhələr yaradır. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlərin İddiaçı ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədiylə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. “Əli X16” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 3-17- 1/2-85906/2023 nömrəli sorğu ünvanlanmışdır. Qeyd edilən sorğuya cavab olaraq “Əli X16” ASC tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubunda zavodun 55 səhifədən ibarət özəlləşdirmə planının (emissiya prospekti) 51-55-ci səhifələrində xx.xx.1997-ci il vəziyyətinə görə əsas iş yeri sayılan işçilər haqqında məlumat verilmişdir. Həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-34/2-218/01-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunan ********** VÖEN-i üzrə Əli-Bayramlı "xxxx" ASC (əvvəlki adı X12 Zavodu) 20 may 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********593400 nömrəli məktubuna əlavə olunmuş “X12” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərindən və nizamnamədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2476 nömrə ilə dövlət qeydiyyatından keçdiyi qeyd edilmişdir. Qeyd edilən məktublardan göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi müəssissə onun əmək fəaliyyəti dövrlərində fəaliyyət göstərməmişdir. Həmçinin Ali Məhkəmənin № 2- 1(102)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 29-cu bəndində məhkəmə baxılan məsələyə münasibətdə qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsini bir daha xatırladaraq əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqaviləsi və.s) nəzərə alına biləcəyini müəyyən edir. İddiaçı işləməsinə dair işə daxil olma və işdən çıxma haqqında məlumatlar, əmək haqqı verilməsi üçün şəxsi hesabatlar, əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. İddiaçının xx.xx.1997-ci il tarixdə işdən çıxma qeydinin kiril qrafikası ilə yazılması və kiril qrafikalı möhürdən istifadə edilməsi həmin müəssisədəki əmək fəaliyyəti dövrünün həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 589/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir - Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69- cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. - Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: İş materiallarında olan X11 Filialının xx.xx.2023-cü il tarixli, 3-48- DA-14F/2-459/2023 nömrəli məktubundan görünür ki, X11 Filialında mühafizə olunan Əli-Bayramlı şəhər "xxxx" zavodunun 1970-2014-cü illərə aid əmək kitabçalarının qeydiyyatı kitabında X1 xx.xx.1988-ci il tarixdə 212 nömrəli əmr ilə işə daxil olmuş, adına NT-1 №0342757 nömrəli əmək kitabçası açılmış, xx.xx.1997-ci il tarixdə xx.xx.1997-ci il tarixdə əmək kitabçası bağlanmışdır. Həmçinin Əli-Bayramlı şəhər "xxxx" zavodunun 1988-1997-ci illərin əmrlər kitabı, əmək haqqı cədvəlləri və digər sənədlər X11 Filialına təhvil verilməyib. İş materiallarında olan X11 Filialının xx.xx.2023-cü il tarixli, 3-48- DA-14F/2-685/2023 nömrəli məktubundan görünür ki, Əli-Bayramlı şəhər "xxxx" zavodunun 1988-1997-ci illərin əmrlər kitabı, əmək haqqı cədvəlləri və digər sənədlər X11 Filialına təhvil verilmədiyi üçün həmin illərdə nə vətəndaşın nə də digər şəxslərin əmək fəaliyyəti barədə məlumat vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-218/01-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunan ********** VÖEN-i üzrə Əli-Bayramlı "xxxx" ASC (əvvəlki adı X12 Zavodu) 20 may 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********593400 nömrəli məktubunda qeyd edilmişdir ki, “X12” Açıq Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatı barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********304900 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D2476 nömrə ilə dövlət qeydiyyatından keçməsi və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 1 yanvar 2019-cu il tarixindən etibarən vergi orqanlarına həvalə edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların 2018-ci ilin 4-cü rübündən başlayaraq vergi orqanlarına təqdim edilməsinə başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********593400 nömrəli məktubuna əlavə olunmuş “X12” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərindən və nizamnamədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2476 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin X15 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-199179/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Fondun keçmiş Şirvan rayon şöbəsi tərəfindən vətəndaş X2 yaşa görə əmək pensiyası təyin edilərkən sosial sığorta stajına hazırki Əli-Bayramlı Süni-Dəri” Açıq Səhmdar Cəmiyyətində işlədiyi xx.xx.1970-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövlər daxil edilmişdir. İş materiallarında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-20881/2024 nömrəli məktubundan görünür ki, X4 və X3 pensiya təyin olunarkən onların "xxxx" Zavodunda işlədiyi illər nəzərə alınmışdır. Yuxarıda qeyd olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Kollegiya hesab edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydalarım 3.2.1. və 3.6-cı bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Beləliliklə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etməklə, həmin illərin sosial sığorta stajına daxil etməsi qanuni hesab edilməlidir. Belə ki, iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının dəlilləri tədqiq olunan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-589/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar