Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-115/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı X4, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1952/2023 nömrəli qərardadından iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və sair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 13 may 2022-ci il tarixli, 079gm nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-1952/2023 nömrəli qərardadı ilə iddiaçı X4 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Prosessual məsələlər İddiaçı X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd edir ki, 2022-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, lakin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ona təqdim edilməmiş, ehtiyata buraxılması ilə əlaqədar əsaslı səbəb ona izah edilməmişdir. Hərbi bileti ona təqdim edilməmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata durmalı olması barədə hərbi hissədə ona heç bir məlumat verilməmişdir. Səbəblər tam ona aydın olmadığı üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlər etmişdir. Əmr, hərbi bilet ona təqdim edilmədiyindən, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlər etdiyindən, əmr barədə məlumatlar ona vaxtında məlum olmadığndan o, vaxtında iddia qaldırmamışdır, lakin birinci instansiya məhkəməsi qeyd edilənləri, o cümlədən onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlərini nəzərə almamışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İddiaçı X6 qeyd edir ki, 2022-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, lakin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ona təqdim edilməmiş, ehtiyata buraxılması ilə əlaqədar əsaslı səbəb ona izah edilməmişdir. Hərbi bileti ona təqdim edilməmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata durmalı olması barədə hərbi hissədə ona heç bir məlumat verilməmişdir. Səbəblər tam ona ayydın olmadığı üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlər etmişdir. Əmr, hərbi bilet ona təqdim edilmədiyindən, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlər etdiyindən, əmr barədə məlumatlar ona vaxtında məlum olmadığndan o, vaxtında iddia qaldırmamışdır, lakin birinci instansiya məhkəməsi qeyd edilənləri, o cümlədən onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlərini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əmrdən hansı tarixdən məlumatlı olmasını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana sorğu verərək mübahisələndirilən əmri, həmin əmrdən iddiaçının hansı tarixdən məlumatlı olması barədə məlumat və sənədləri tələb etməli idi. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu verilərək iddiaçının həmin orqanda hansı tarixdən hərbi qeydiyyata düşməsi və hərbi biletində bu barədə qeydlərin aparılıb-aparılmaması aydınlaşdırılmalı idi. Həmçinin iddiaçının hərbi biletinin ona təqdim edilib-edilməməsi aydınlaşdırılmalı idi. O cümlədən iddiaçının hansı məqsədlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciəti aydınlaşdırılmalı idi. Birinci instansiya məhkəməsi qeyd edilən məsələləri aydınlaşdırdıqdan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməli idi. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 1952/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1952/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-115/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-115/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver