Məhkəmə qərarları › İş №2-1(106)-116/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-116/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-116/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əsədov ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-604/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 19 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-604/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1975-xx.xx.1977-ci il tarixlərdə hərbi xidmətdə olması hərbi biletlə, xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci ilə kimi fasilələrlə işləməsi, həmçinin “X10” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi, əmək kitabçasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada dondurulmaması, işə götürənin iddiaçının xeyrinə məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək 2 il 11 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 21 il 8 ay 24 gün əmək fəaliyyəti dövrü olmaqla ümumi 23 il 9 ay 5 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarfnm 3-cü maddəsinin tələbləri pozularaq əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış, xx.xx.1993-cü il tarixdə işə daxil olma əmri qeyd edilsə də, işdən çıxma tarixi qeyd edilməmişdir. Bu səbəbdən həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Bundan başqa, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “X10” MMC-də olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, X3 kiçik dövlət müəssisəsində işlədiyi müddəti, həmçinin işdən azad edildiyi tarixi xatırlamır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlaması, həmin tarixdən xx.xx.1992-ci il tarixədək Astara rayonu “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda işləməsi, xx.xx.1993-cü il tarixdə X3 kiçik dövlət müəssisəsi müfəttişliyinə işə qəbul edilməsi, xx.xx.1995xx.xx.2002-ci illərdə Astara "xxxx" MMC-də, xx.xx.2008-xx.xx.2008-ci illərdə “X10” MMCdə işləməsi barədə qeydlər vardır. -iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1975xx.xx.1977-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. -Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məlumatında bildirilir ki, dövlət reyestrində X3 kiçik dövlət müəssisəsi adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyil. -Həmçinin Astara rayon Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məlumatında X3 kiçik dövlət müəssisəsinin sənədlərinin arxivdə mühafizə olunmadığı bildirilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1993-cü il tarixdə X3 kiçik dövlət müəssisəsinə işə qəbul edilməsi barədə qeyd olsa da, işdən azad edilməsi barədə qeyd olmadığından onun həmin müəssisədə işləmə müddətini müəyyən etmək mümkün deyil. Həmçinin araşdırma nəticəsində həmin müəssisənin ümumiyyətlə mövcud olması və fəaliyyət göstərməsi barədə məlumatlar əldə etmək mümkün olmamışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı özü də həmin müəssisədə işlədiyi müddəti və işdən azad edilmə tarixini xatırlamadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının qeyd olunan müəssisədə əmək fəaliyyətinin olmaması ilə bağlı cavabdeh orqanın dəlillərini əsaslı sayır. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçının xx.xx.1994-cü il tarixdə X3 kiçik dövlət müəssisəsindən işdən azad edildiyini qeyd etsə də, bu məlumatın mənbəyini şərh etməmişdir. Buna baxmayaraq, xx.xx.1993-xx.xx.1994-cü illər aralığındakı dövrü iddiaçının sosial sığorta stajı kimi nəzərə almaqla sığorta stajının qanunla tələb olunan həcmdə olması baxımından pensiya hüququnun yaranması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-604/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar