Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-117/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4288/2024 nömrəli qərarından İddiaçı Nöbətəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı Cavabdehnə qarşı 27 iyun 2024-cü il tarixli 80 nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması tələbi ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 2003-cü ildə X3 İbtidai sinif müəlliməsi məktəbinə daxil olmuşdur. 2007-ci ildə məktəbi bitirmiş, xx.xx.2007-ci il tarixdə ixtisasına uyğun olaraq, Lerik rayon təhsil şöbəsinə müraciət etmiş və xx.xx.2007-ci il tarixli 108 nömrəli əmr ilə, Osyodərə kənd ibtidai məktəbində müəllim təyin edilmişdir. Lerik rayon Osyodərə kəndində iş fəaliyyətinə başlamışdır. Pedoqoji fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş və şagirdləri hazırda ali təhsil müəssələrində müvafiq ixtisaslar üzrə yüksək bal toplayıblar. Onların təhsil almasında onun da zəhməti olmuşdur. 18 ildir ki, pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifkatlaşmada müəyyən olunmuş keçid balını müəyyən səbəbdən toplaya bilmədiyi üçün Lənkəran -Astara Region təhsil idarəsinin xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onu işdən azad ediblər. Həmin işdən azad edildiyi xx.xx.2024-cü il tarixli 80 nömrəli əmrin ləğv edilməsi üçün məhkəmə qətnaməsinə ehtiyac var. Odur ki, 27 iyun 2024-cü il tarixli 80 nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4288/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnizbati Məhkəməsinin qəbul etdiyi qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki,Lənkəran -Astara Region təhsil idarəsinin işə xitam verilmə əmrinin ləğv edilməsi üçün Şirvan İnizibati məhkəməsinə müraciət etsə də, iddiası mümkünsüz sayılmışdır. Lerik rayon Osyodərə kənd məktəbində cəmi 6 şagird təhsil alır, yüksək dağ kəndidir, o cümlədən həmin kənddə işləməyə müəllim çatışmamazlığı var, hal-hazırda həmin məktəbdə şagirdlər çıxılmaz vəziyyətdədirlər, o, proqram üzrə dərsini keçmiş və həmin kənd məktəbini bitirən şagirdlər ali məktəblərdə təhsil alırlar. Qeyd edilən əsaslara görə, Şirvan İnzibati məhkəməsinin 2-1(120)-4288/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadın ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş olunur. İİİ. Prosses iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, İddiaçı Lənkəran -Astara Region təhsil idarəsinin xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi üçn işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilmişdir. Göstərdiyi əsaslara görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı Nöbətəli qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 3.3., 82, və 87.6.- 87.8.-ci-maddələrində qeyd olunmuşdur: -İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://e-qanun.az/framework/46956 - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikə. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: Birinci instansiya məhkəməsi işdə olan sənədlərə istinad edərək qərarda qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyi səbəbindən işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilmişdir. Hazırki halda iddiaçının müəllimə olmasını, dövlət qulluqçusu statusunun olmamasını, tərəflər arasında əmək münasibətlərinin olduğunu əsas götürərərək, onunla cavabdeh arasında yaranmış mübahisəyə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, həmin mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası mübahisəli əmrin məzmunu iddiaçının arzu etdiyi hüquqi nəticə ilə təhlil edərək bu nəticəyə gəlir ki, qeyd olunan əmr faktiki olaraq Cavabdeh Lerik rayonu Osyodərə kənd ibtidai məktəbi direktoru tərəfindən verilsə də, məktəb direktoru həmin əmri 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri əsasına vermişdir. Yəni həmin əmrin verilməsinin əsasında digər yuxarı səlahiyyətli inzibati orqanın müvafiq əmri vardır. Belə ki, Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh Lerik rayonu Osyodərə kənd ibtidai məktəbinin xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilveıərlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr edirəm: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Lerik rayon Osyodərə kənd ibtidai məktəbin İbtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilsin. Əsas: 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisə üzrə materialları düzgün araşdırmamış, qərar qəbul edərkən əmrin verilməsinə əsas olan və iddiaçının əslində arzu etdiyi nəticəyə uyğun mübahisələndirilən məsələyə qiymət verməmişdir. Bunun üçün ilk öncə birinci instansiya məhkəməsi hüquqi yardım prinsipinə uyğun hərəkət etməlidir. Belə ki, iddiaçı möcud əmri mübahisələndirməklə, faktiki olaraq 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi ilə razı olmadığını ifadə etmişdir. Hazırkı vəziyyətdə iddiaçının tələbinin qeyri-mümkün hesab olunması vəziyyətində, iddiaçının məhkəmə müdafiəsindən yararlanması imkanı bitmiş olur. Belə ki, nə qədər ki, təkrar sertifikatlaşmanın nəticəsinin qanunsuz olması müəyyən olunmamışdır, təbii ki, bu iş üzrə iddia predmeti olan əmrlə bağlı iddia hər bir halda uğursuz olmuş olar. Məhz bu baxımdan iddiaçının formal əsaslarla mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməsinin əhəmiyyəti qalmır. Bundan başqa xüsusilə qeyd olunmalıdır ki, 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi mübahisələndirildiyi halda, iddiaçı artıq onun üçün əlverişsiz inzibati aktı mübahisələndirmiş olacaq və bu zaman məhkəmə aidiyyəti məhz inzibati məhkəməyə aid olmuş olacaq. Nəzərə alınmalıdır ki, İPM ilə inzibati məhkəmə icraatının özünə məxsus prinsipləri müəyyən olunmuşdur. Onlardan İPM-in 12-ci maddəsi işin hallarının araşdırılması prinsipinin əsaslarını ehtiva edir. Həmin əsaslara görə; -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Bundan başqa həmin Məcəllənin 13-cü maddəsində məhkəmənin yardım etmək vəzifəsi müəyyən edilmiş və qeyd olunmuşdur ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan əlavə İPM-in 14.1-cü maddəsi ilə müəyyən edilmiş sübut etmə vəzifəsinin əsaslarına görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiyanın qənaətinə əsasən birinci instansiya məhkəməsi müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən, iddiaçı tərəfin ərizə və təklifləri ilə, təqdim olunan sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, iddia tələbinin dəqiqləşdirilərək 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın mübahisələndirilməsi, bununla bağlı düzgün cavabdehin seçilməsi kimi hüquqi yardımla əlaqədar prosessual tələblərə əməl etməmişdir. Qeyd olunan hallar inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntu kimi nəzərə alınmalı və həmin məsələlərin yenidən araşdırılması üçün inzibati icraat materialları inzibati məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərarın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4288/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-117/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-117/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver