Məhkəmə qərarları › İş №2-1(106)-118/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-118/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-118/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmanov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4086/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X4 Lənkəran şəhəri, X12 küçəsi 78/19, mənzil 29 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 23 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-4086/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan üçüncü şəxs X9 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, X12 küçəsi 78/19, mənzil 29 onun mülkiyyətindədir. Bir müddət əvvəl qardaşı və atası həmin mənzilə qeydiyyata düşmüşdür. X3 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. X1 ona məxsus mənzildən qeydiyyatdan çıxmasını dəfələrlə tələb etsə də, qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qeydiyyatdan çıxarılması tələb olunan mənzil əvvəllər onun mülkiyyətində olmuş, o, etibarnaməni mənzilin satılması məqsədilə verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.1995-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 25 yanvar 1993-cü il tarixli qanununa uyğun olaraq ünvan 2 ünvanda ümumi sahəsi 112,9 kv.m yaşayış sahəsi olan 75,3 kv.m 5 otaqlı mənzil X4 şəxsi mülkiyyətinə verilmişdir. -“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran şəhəri, X12 küçəsi, ev 78/19, mənzil 29 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydə alınmışdır. -xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X9 (onun adından etibarnamə ilə X6) həmin mənzili İddiaçı bağışlamışdır. Mənzil xx.xx.2022-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. -Lənkəran şəhər-rayon Polis Şöbəsinin 96/2-18448/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X9 xx.xx.2003-cü il tarixdən Lənkəran şəhəri, X12 küçəsi, ev 78/19, mənzil 29 ünvanda qeydiyyatdadır. Göründüyü kimi sözügedən mənzil əvvəllər iş üzrə üçüncü şəxs X4 mülkiyyətində olmuş, onun tərəfindən cəzaçəkmə müəssisəsindən verilmiş etibarnamə əsasında mənzil hazırki iddiaçıya bağışlanmışdır. Üçüncü şəxs apellyasiya şikayətində həmin etibarnaməni mənzilin satılması məqsədilə vermədiyini bildirsə də, sözügedən sənədi, həmçinin həmin sənəd əsasında həyata keçirilmiş mülki müqaviləni mübahisələndirməmiş, nəticə etibarilə mənzilin yeni mülkiyyətçisi haqlı olaraq onun pasport qeydiyyatından çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4086/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar