Məhkəmə qərarları › İş №2-1(106)-119/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-119/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-119/2023 01.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(120)-459/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 25 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-459/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə doğulmuşdur. 1969-cu ildən kolxozda işləmiş, xx.xx.1973-cü ildən Salyan rayon kənd təsərrüfatı texnikumunda peşə təhsili almağa başlamış, texnikumun birinci kursunu oxuduğu dövrdə hərbi xidmətə çağırılmış və o, təhsilini birinci kursda yarımçıq qoyaraq xx.xx.1974-cü il tarixdə hərbi xidmətə getmiş, xx.xx.1976-cı ildə hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirmişdir. xx.xx.1978-ci il tarixdə təhsilini başa vurub “N.Nərimanov” kolxozunda əmək fəaliyyətini davam etdirmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun 1969-1973-cü, 1978-1996-cı illərdə işləməsinə dair adına əmək kitabçası açılmadığı üçün, 1973-1978-ci illərdə təhsil müddəti ilə bağlı ona məxsus diplomda uyğunsuzluq olduğu və hərbi xidmətdə olduğu müddətdə texnikuma qəbul olması qanunvericiliyin tələblərinə uyğun olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyildir. Belə ki, Salyan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 678 nömrəli məktubunda iddiaçının xx.xx.1973-xx.xx.1978-ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil alması göstərilmişdir. Neftçala rayon Dövlət Arxivinin 09 dekabr 2021-ci il tarixli, 175 nömrəli məktubuna əsasən 1965-1985-ci illər üzrə adamgünü norması 200 gün olmuşdur. İddiaçı “N.Nərimanov” adına kolxozda əmək fəaliyyətinin yoxlanılması məqsədi ilə Fondun 2 saylı Şirvan-Salyan regional filialının Neftçala rayon qəbul şöbəsi tərəfindən Neftçala rayon Dövlət Arxivində keçirilmiş qarşılıqlı yoxlama zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı 1969-cu il üzrə 71 gün, 1970-ci il üzrə 67 gün, 1971-ci il üzrə 90 gün, 1972-ci il üzrə 96 gün, 1973-cü il üzrə 117 gün işləyərək kişilər üçün nəzərdə tutulmuş minimum əmək iştirak normasını yerinə yetirməmişdir. 1979-1996-cı illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyi üçün ümumilikdə 18 il sığorta stajı əldə etmiş olur. İddiaçının 1978-ci il üzrə təhsil aldığı dövrlə kolxozda işlədiyi dövr üst-üstə düşdüyündən qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müddətlərdən yalnız biri hesablana bilər. Bu səbəbdən 1978-ci il üzrə iddiaçı minimum əmək iştirakı normasını yerinə yetirsə də, kolxozdakı əmək fəaliyyəti 9 ay 6 gün təşkil edir. İddiaçının 1969-1973-cü illərdə kolxozdakı əmək fəaliyyəti yerinə yetirdiyi faktiki müddətə görə 2 il 1 gün təşkil edir (71+67+90+96+117=441:220x12=2 il 1 gün). İddiaçının hərbi xidmət dövrü (xx.xx.1974-xx.xx.1976) və təhsil illəri (xx.xx.1973xx.xx.1978) üst-üstə düşdüyündən ümumilikdə 4 il 6 ay 5 gün təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, 1969-cu ildən “N.Nərimanov” kolxozunda işləməyə başlamışdır. O, 1969-cu ildə “N.Nərimanov” kolxozunda işləməyə başlayanda məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, həmçinin dərslərin olmadığı yay aylarında işləmiş, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazılmışdır. İş materiallarından da görünür ki, sözügedən kolxozda onun 1969-cu ildə faktiki adam günü 71 gün, 1970-ci ildə faktiki adam günü 67 gün, 1971-ci ildə faktiki adam günü 90 gün, 1972-ci ildə faktiki adam günü 96 gün, 1973cü ildə faktiki adam günü 117 gün olmuşdur. xx.xx.1973-cü il tarixdən Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almağa başlamışdır. Onun diplomunda müddətlər qeyd edilərkən texniki cəhətdən səhvə yol verilmişdir. Arxiv sənədləri, o cümlədən tələbə bileti onun 1973-cü ilin sentyabr ayından təhsil aldığını təsdiqləyir. Texnikumun birinci kursunu oxuduğu dövrdə o, hərbi xidmətə çağırılmış və o, təhsilini birinci kursda yarımçıq qoyaraq xx.xx.1974-cü il tarixdə hərbi xidmətə getmiş, xx.xx.1976cı ildə hərbi xidməti başa vurduqdan sonra dərhal təhsilini davam etdirmişdir. xx.xx.1978-ci il tarixdə təhsilini bitirib “N.Nərimanov” kolxozunda əmək fəaliyyətini davam etdirmişdir. Qeyd edilən illərdə sözügedən kolxozda faktiki işlədiyi günlərə müvafiq olaraq da ona əmək günü (adam günü) yazılmışdır. Ona əmək kitabçası verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində doğulmuş, Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1973-cü il tarixli, 169 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, “Ə.Məlikov” adına Salyan kənd təsərrüfatı texnikumu üzrə qəbul komissiyasının xx.xx.1973-cü il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı zootexnik ixtisası üzrə texnikuma qəbul edilmişdir. İşdə olan xx.xx.1977-ci il tarixli, 139 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, əyani zootexnik ixtisası üzrə təhsil alan İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək texnikumun istehsalat təcrübəsində olmuşdur. İşdə olan xx.xx.1978-ci il tarixli, 27 § 1 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı zootexnik ixtisası üzrə diplom verilmişdir. İşdə olan Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 117 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı qəbul komissiyasının xx.xx.1973-cü il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən xx.xx.1973-cü il tarixli, 169 nömrəli əmrlə 10 illik bazadan zootexnik ixtisası üzrə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixli, 139 § 1 nömrəli əmr ilə xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək texnoloji istehsalat təcrübəsində olmuş İddiaçı əyani zootexnik təcrübəsindən qayıtmış hesab edilmiş, xx.xx.1978-ci il tarixli, 27 § 1 nömrəli əmr ilə zootexnik ixtisası vermə komissiyasının xx.xx.1978-ci il tarixli, 19 nömrəli və xx.xx.1978-ci il tarixli, 21 nömrəli protokollarına əsasən İddiaçı zootexnik ixtisası verilməklə diplom verilmişdir. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1973-cü il tarixli, 5498 nömrəli tələbə biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən Salyan kənd təsərrüfatı texnikumunda peşə təhsili almağa başlamışdır. İşdə olan Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04 nömrəli və xx.xx.2021-ci il tarixli, 04 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1969- 1973-cü və 1978-1996-cı illərdə Neftçala rayon “N.Nərimanov” adına kolxozda işləmişdir. Onun 1978-1996-cı illərin hər ili üzrə faktiki adam günü minimum adam günündən artıq olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4 nömrəli arxiv arayışında göstərilən “N.Nərimanov” adına kolxozda işlədiyi 1969-1973-cü, 1978-1996-cı illərə aid adına əmək kitabçası açılmadığı üçün, 1973-1978-ci illərdə Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 117 nömrəli arayışda göstərilən təhsil müddəti ilə 015308 nömrəli diplomda uyğunsuzluq olduğu və hərbi xidmətdə olduğu müddətdə texnikuma qəbul olması qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün həmin illərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni həmin dövr nəzərə alınmadıqda iddiaçının yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İşdə olan Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 155 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Neftçala rayon “N.Nərimanov” adına kolxozun illik staj kitablarında 1969-1985-ci illər üzrə minumum əmək günü 220 gün, 1986-1996-cı illər üzrə minumum adam günü 200 gün qeyd edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixə kimi 63 il 06 ay yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hər il 6 ay artırılıb. Vətəndaş ərizə ilə birlikdə hərbi biletin surətini, şəxsiyyət vəsiqəsinin surətini, Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş sabiq “N.Nərimanov” adına kolxozda işləməsi barədə xx.xx.2021-ci il tarixli rayon arxivindən verilmiş arayışların surətləri, 015308 nömrəli diplomun surətini işə əlavə etmişdir. İddiaçının mübahisəli iş stajı 25 ildir. 1970-xx.xx.1973-cü il “N.Nərimanov” adına kolxozda işləməsi 01 il 08 aydır. xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə kimi hərbi xidmətlə birlikdə 04 il 04 aydır. 1978-1996-cı illər “N.Nərimanov” adına kolxozda işlədiyi müddət 19 ildir. İşdə olan Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 175 nömrəli məktubda qeyd edilmişdir ki, kolxozun əmək haqqı cədvəllərindən başqa heç bir sənəd arxivə təhvil verilməmişdir. 1969-1985-ci ilə kimi kişilər üçün adam günü norması 220 gün, 1986-1996-cı ilə kimi adam günü norması 200 gün olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının əməkdaşları və Neftçala rayon Dövlət Arxivinin müdiri tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə bağlı vətəndaş İddiaçı sığorta stajına daxil edilən əmək stajı, əmək günləri və əmək haqları yerində qarşılıqlı yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı 1969-1996-cı il tarixləri arasındakı dövr ərzində iş stajı Neftçala rayon Dövlət Arxivində saxlanılan əmək haqqı kitabları və staj kitablarına əsasən yoxlanılmışdır. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “N.Nərimanov” kolxozunun 1969-1996-cı illərə aid kitabına əsasən faktiki adam günü 1969-cu ildə 71 gün, 1970-ci ildə 67 gün, 1971-ci ildə 90 gün, 1972-ci ildə 96 gün və 1973-cü ildə 117 gün olmuşdur. 1978-1996-cı illərdə isə iddiaçı tərəfindən yerinə yetirilmiş faktiki adam günü tam şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İşin faktiki hallarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 63 yaş 6 ayında yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi arxiv arayışlarına, hərbi xidmətdə olduğunu təsdiq edən hərbi biletinə və orta ixtisas təhsili aldığını təsdiq edən arxiv çıxarışına istinad edir. Tərəflər arasında mübahisə Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04 nömrəli və xx.xx.2021-ci il tarixli, 04 nömrəli arxiv arayışlarının iddiaçının 1969-1973-cü, 1978-1996-cı illəri əhatə edən sığorta stajını təsdiqləmək üçün kifayətedici və mötəbər sübut kimi qəbulunun mümkünlüyü və Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 117 nömrəli arayışda göstərilən təhsil müddəti ilə iddiaçıya məxsus 015308 nömrəli diplomda uyğunsuzluq olması və iddiaçının hərbi xidmətdə olduğu müddətdə texnikuma qəbul olmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı ilə bağlı meydana çıxmışdır. İddiaçının 1969-1973-cü, 1978-1996-cı illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi müddətə münasibətdə cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçı həmin illərdə işləməsinə dair əmək kitabçası olmadığından həmin müddətin iddiaçının sığorta stajına daxil edilməsi əmək qanunvericiliyinə ziddir. Arxiv arayışında olan illərin əmək kitabçasında qeyd edilməməsi ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərdə tutulmuşdur. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1969-1973-cü, 1978-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Neftçala rayon “N.Nərimanov” adına kolxozun illik staj kitablarında kişilər üçün 1969-1985-ci illər üzrə minumum əmək günü 220 gün, 1986-1996-cı illər üzrə minumum adam günü 200 gün qeyd edilmişdir. 1969-1973-cü illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illlər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1969-1973-cü illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (71 + 67 + 90 + 96 + 117) x 12 = 5292/ 220 = 24,05 ay (≈ 2 il 2 gün). Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının 1978-ci il üzrə təhsil aldığı dövrlə kolxozda işlədiyi dövrün üst-üstə düşdüyündən qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müddətlərdən yalnız birinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən Salyan kənd təsərrüfatı texnikumunda əyani olaraq orta ixtisas təhsili almağa başlamış, hərbi xidmətlə əlaqədar təhsilini dayandırmış, xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirərək xx.xx.1978-ci il tarixdə sözügedən texnikumu bitirmişdir. Daha sonra iddiaçı Neftçala rayon “N.Nərimanov” adına kolxozda işə başlamış və 1978-ci il üzrə onun faktiki adam günü minimum əmək günü (iş günü) normasından artıq olmuşdur. Göründüyü kimi, iddiaçının orta ixtisas təhsili aldığı, hərbi xidmətdə olduğu və 1978-ci ildə kolxozda işlədiyi müddətlərə münasibətdə üst-üstə düşmə halı müəyyən olunmur. İddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək orta ixtisas təhsili aldığı, hərbi xidmətdə olduğu və kolxozda işlədiyi 5 il 4 aylıq müddət birlikdə onun sığorta stajına daxil edilməlidir. Həmçinin Neftçala rayonunda fəaliyyət göstərmiş kolxozlarda kişilər üçün minimum əmək günü (iş günü) norması 1969-1985-ci illərdə 220 adam günü, 1986-1996cı illərdə isə 200 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1979-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 18 il hesablanmalıdır. Belə olan iddiaçının 1969-1973-cü illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi (2 il 2 gün), hərbi xidmətdə olduğu, peşə təhsili aldığı və “N.Nərimanov” adına kolxozda 1978-1996-cı illərdə yenidən işlədiyi müddət (23 il 4 ay) ilə birlikdə cəmi 25 il 4 ay 2 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olmasa da, cavabdehin imtinasının əsaslarından biri olan iddiaçının Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 117 nömrəli arayışda göstərilən təhsil müddəti ilə iddiaçıya məxsus 015308 nömrəli diplomda uyğunsuzluq olması barədə qeyd edir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almağa başlamışdır. Texnikumun birinci kursunu oxuduğu dövrdə o, hərbi xidmətə çağırılmış və o, təhsilini birinci kursda yarımçıq qoyaraq xx.xx.1974-cü il tarixdə hərbi xidmətə getmiş, xx.xx.1976-cı ildə hərbi xidməti başa vurduqdan sonra dərhal təhsilini davam etdirmiş və xx.xx.1978-ci il tarixdə təhsilini bitirib “N.Nərimanov” kolxozunda əmək fəaliyyətini davam etdirmişdir. Həmçinin İddiaçı 1973-1978-ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda əyani təhsil alması arxiv çıxarışından başqa işdə olan müvafiq əmrlərin təsdiq edilmiş surətləri ilə də təsdiq edilir. Məhkəmə kollegiyası iddiaçının 1969-1973-cü illərdə Neftçala rayon “N.Nərimanov” adına kolxozda işləməsi ilə bağlı qeyd edir ki, iddiaçı 1969-cu ildə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, həmçinin dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. İş materiallarından da görünür ki, sözügedən kolxozda iddiaçının 1969-cu ildə faktiki adam günü 71 gün, 1970-ci ildə faktiki adam günü 67 gün, 1971-ci ildə faktiki adam günü 90 gün, 1972-ci ildə faktiki adam günü 96 gün, 1973-cü ildə faktiki adam günü 117 gün olmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının 1969-1973-cü illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi (2 il 2 gün), hərbi xidmətdə olduğu, peşə təhsili aldığı və “N.Nərimanov” adına kolxozda 1978-1996-cı illərdə yenidən işlədiyi müddət (23 il 4 ay) ilə birlikdə cəmi 25 il 4 ay 2 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il taixdə cavabdeh inzibati orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(120)-459/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar