Məhkəmə qərarları › İş №2-1(106)-120/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-120/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-120/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X4 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.m olan torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması barədə qərar qəbul etmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (həcmini azaldaraq) “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, X11 veteranıdır, qazisidir, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənlə vuruşaraq sağlamlığından məhrum olunmuş, 3-cü qrup əlilliyi var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məktubda qeyd olunur ki, qeyd olunan əraziyə baxış keçirilmiş və Şirvan şəhərinin baş planına əsasən ərazinin yaşıllaşdırma sahəsinə düşdüyü qeyd olunmuşdur. İlk növbədə məktubda qeyd olunan halların mövcudluğu əsaslandırılmamış və bununla bağlı məktuba mötəbər sübutlar əlavə edilməmişdir. Həmin ərazinin yaşıllıq zonasınm təsdiq edən sənəd ona təqdim edilməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən bu məsələ ətraflı və obyektiv araşdırılmalı idi. Ona görə də məhkəmə araşdırılması zamanı bu məsələlər mütləq ətraflı və hərtərəfli araşdırılmalı, ona uyğun qərar qəbul edilməlidir. Cənab Prezidentimiz şəhid ailələri və qazilərlə keçirdiyi hər tədbirdə qazilərə şərait yaradılmasını, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülməsini daim dövlət məmurlarının diqqətinə çatdırır. Lakin bu tədbirlərin görülməsini hazırkı halda onlar müşahidə eləmirlər. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinasının heç bir qanuni və faktiki əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı “Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 17 ünvanda yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.m olan torpaq sahəsinin iddiaçının daimi istifadəsinə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçınin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə müraciət edərək iddia tələbini dəyişdirərək “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” kimi iddia tələbi ilə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edərək qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı ona dəymiş real maddi zərərlə əlaqədar hər hansı bir bir sübut təqdim etməmişdir. Bundan əlavə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3.11.2008-ci il tarixli 7 nömrəli Qərarının 8-cı bəndinə əsasən “Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, ona dəymiş mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması haqqında hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə mənəvi zərərin ödənilməsi miqdarı və qaydası isə hər bir konkret halda məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, İddiaçı Cavabdeh tərəfindən ona maddi və mənəvi zərərin vurulması ilə bağlı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məktubda qeyd olunur ki, qeyd olunan əraziyə baxış keçirilmiş və Şirvan şəhərinin baş planına əsasən ərazinin yaşıllaşdırma sahəsinə düşdüyü qeyd olunmuşdur. İlk növbədə məktubda qeyd olunan halların mövcudluğu əsaslandırılmamış və bununla bağlı məktuba mötəbər sübutlar əlavə edilməmişdir. Həmin ərazinin yaşıllıq zonasının təsdiq edən sənəd mənə təqdim edilməmişdir. Halbuki inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən bu məsələ ətraflı və obyektiv araşdırılmalı idi. Ona görə də məhkəmə araşdırılması zamanı bu məsələlər mütləq ətraflı və hərtərəfli araşdırılmalı, ona uyğun qərar qəbul edilməlidir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.2. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, (iddia tələbi dəqiqləşdirildikdən sonra) iddiaçı “cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmasını tələb etdiyi torpaq sahəsinin “Şirvan şəhərinin Baş planı”nda həmin torpaq sahəsi yaşıllıq zolağına düşdüyü üçün sahibkarlıq məqsədilə ayrılması məqsədəmüvafiq hesab edilməmiş, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə biləcəyi iddiaçıya bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsinin ayrılması ilə bağlı müraciətindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunauyğun olduğundan, bunun nəticəsində iddiaçıya hər hansı bir maddi və mənəvi ziyanın vurulması istisna edildiyindən iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin, iştirakınızla baxış keçirilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmasını istədiyiniz torpaq sahəsinin yaşıllıq zolağına düşməsinin sənədi haqqında məlumat verilməsinə dair ərizənizə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Şirvan şəhərinin 2033- cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir. Təkrar olaraq bildiririk ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması ilə bağlı əvvəlki müraciətinizlə əlaqədar olaraq sözügedən yerdə tərəfimizdən araşdırma aparılmış və həmin torpaq sahəsinin ayrılması, yuxarıda göstərilən qərara əsasən təsdiq edilmiş Şirvan şəhərinin Baş planında yaşıllıq zolağına düşdüyü üçün məqsədəmüvafiq hesab edilməmişdir. Məlumat üçün bildiririk ki, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarənizə və ya mülkiyyətinizə ayrılması məqsədilə “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə bilərsiniz. İş materiallarında olan X3 Elçin Əskər oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 04/26 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Şirvan şəhəri, N.Nərimanov küçəsi, 11 saylı yaşayış binasının arxasındakı ərazidən sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması barədə müraciətlərinizlə əlaqədar Cavabdeh Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində (naturada) baxış keçirilmişdir. Qeyd olunan torpaq sahəsi Şirvan şəhərinin Baş Planında yaşıllıq zolağına düşdüyü üçün sahibkarlıq məqsədəilə ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-38/2-00014/2023 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Şirvan şəhəri Şirvan Bələdiyyəsinin hüdudları daxilində yerləşən N.Nərimanov küçəsindəki 17 saylı binanın yaxınlığındakı 0.03 ha və S.Zeynalov küçəsindəki 0.01 ha torpaq sahələri ilə əlaqədar X6 X10 əsasən məlumat verilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, tərəfinizdən təqdim olunmuş koordinatlar əsasında tərəfimizdən X6 X10 əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahələridir. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində aşağıdakılar bildirilmişdir: o, X11 veteranıdır, qazisidir, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənlə vuruşaraq sağlamlığından məhrum olunmuş, 3-cü qrup əlilliyi var. X24 Əliyevin və onun siyasi kursunun layiqli davamçısı X14 Əliyevin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan irəli gələrək imzaladığı sərəncamlara və onlara təyin etdiyi imtiyazlara əsaslanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022 tarixli məktubu ilə heç bir faktiki sübut təqdim edilmədən torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Sizin torpaq sahəsinin ayrılmasından imtina etməyiniz nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, ayrılacaq torpaq sahəsində o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıydı və kifayət qədər gəlir götürə bilərdi. Ona görə də tərəfinizdən mənə maddi ziyan vurulmuşdur. Bundan əlavə, qanunsuz hərəkətləriniz nəticəsində mən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam, bu isə mənim vaxtımın əsassız olaraq alınmasına və stress, mənəvi sarsıntı yaşamağıma səbəb olmuşdur. Mən, müharibə əliliyəm, ölkəmizin bütövlüyü uğrunda sağlamlığımı itirmişəm, dövlət orqanının müharibə əlilinə və müharibə veteranına bu növ dəyərsiz və qanunsuz hərəkətləri mənə yalnız mənəvi iztirab verir. Ona görə də hesab edirəm ki, mənəvi ziyanın əvəzi də Sizin tərəfınizdən mənə ödənilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyı) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafıq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, qanunsuz hərəkətləriniz nəticəsində dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın mənə ödənilməsi üçün tədbirlər görülməsini xahiş edirəm. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 25/9 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Sizin dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair ərizənizə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, şəhər icra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1476 nömrəli məktubunda istinad etdiyimiz məlumatların mənbəyi göstərilmişdir. Xatırladırıq ki, Sizə ayrılmasını tələb etdiyiniz torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”dır. Bu məlumatlar məxfi deyil. Siz və ya istənilən Azərbaycan Respublikasının vətəndaşı internetdən istifadə etməklə “e-qanun.az” veb saytında və ya X2 (Google, Yandex və sair) “Şirvan şəhərinin Baş planı” yazmaqla məlumatları əldə edə bilər. Təkrar olaraq bildiririk ki, sözügedən torpaq sahəsi Şirvan şəhərinin Baş planı yaşıllıq ərazilərin sxeminə məhəllədaxili yaşıllıq kimi daxil edilmişdir. Bu səbəbdən torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisi altına ayrılması məqsədəmüvafiq deyil. Hesab edirik ki, Azərbaycan Respublikasının vətəndaşları üçün açıq olan, yuxarıda göstərilən torpaq sahəsi haqqında bu məlumatların Sizə verilməsi ilə qanunsuz hərəkət edilməmiş və bununla Sizə maddi və mənəvi ziyan vurulmamışdır. Sonda tövsiyə edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarənizə və ya mülkiyyətinizə ayrılması məqsədilə Şirvan Bələdiyyəsinə və ya “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-708/2024 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus torpaq sahəsinin olması, həmin torpaq sahəsinin hüquqların dövlət reysetrində qeydiyyata alınamsı barədə 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/39 nörməli məktubunda qeyd olunur ki, Şirvan şəhər sakini, L-NT İbrhimov küçəsi 14/30-da yaşayan X11 qazisi İddiaçı xx.xx.2021-ci il tarixdə (Bələdiyyə daxil olma Ns127 xx.xx.2021) Şirvan Bələdiyyəsinə müraciət edərək Şirvan şəhəri N.Nərimanov küçəsi 11 saylı binanın arxasında yerləşən boş ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Vətəndaşın müraciəti əsasında tərəfimizdən xx.xx.2023-cü il tarixdə 06/82 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət olunaraq şəhərin N.Nərimanov küçəsində yerləşən və sahibkarlıq məqsədilə hərrac və ya müsabiqəyə çıxarılacaq 300 kv.m. torpaq sahəsi ilə bağlı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 16-cı maddəsinin tələblərin yoxlanılması və yerquruluşu planının (kadastr planı) hazırlanması xahiş olunmuş, Bildiririk ki, torpaq sahəsi Əsasnamənin tələbinə uyğun olduğu üçün 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin faktiki vəziyyətni əks etdirən müayinə (baxış) aktı və M 1: 500 miqyasında yerqurluşu planı (kadastr planı) hazırlanaraq Şirvan Bələdiyyəsinə təhvil verilmişdir. Torpaqayırma prosedurunun davamı olaraq gələcəkdə torpaq sahəsində həyata keçiriləcək tikinti niyyətinə dair müvafiq rəyin verilməsindən ötəri Bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixdə 03/145 saylı məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olnmuşdur. Müraciətimizə cavab olaraq Arxitektura Komitəsindən bildirilmişdir ki, 300 kv.m. torpaq sahəsi ümumi istifadədə olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi planlaşdırılan tikinti niyyətinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi məqsədə uyğun hesab edilmir. Şirvan şəhərinin Baş Planına əsasən torpaq sahəsinin 5-8 mərtəbəli yaşayış zonasında yerləşdiyini (ŞM-26) və ümumi istifadədə olduğunu nəzərə alaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə və “Azərbaycan Respublikası Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 18 dekabr 2015-ci il tarixli 60 - VQD nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən torpaq sahəsinin 15 illik qısa müddətə icarəyə verilməsi müəyyənləşdirilməklə üzərində 3 (üç) ədəd köşkün qoyulmasına dair müvafiq rəyin verilməsinə köməklik olunması üçün sənədlər xx.xx.2023-cü il tarixli 03/206 saylı məktubla təkrar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 3-35/2-6870/2023 nömrəli cavab məktubunda bildirilmişdirki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən kiçik memarlıq formaları (köşklər , örtük və buna bənzər digər obyektlər) tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid edilmişdir və onların yerləşdirilməsi memarlıq norma və qaydalarına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmalıdır. Odur ki, 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı Əsgər oğluna hərrac və ya müsabiqə vasitəsilə sahibkarlıq fəaliyyəti üçün ayrılacaq torpaq sahəsinə dair müvafiq rəyin alınması və münasibət bildirilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubu xx.xx.2023-cü il tarixli 02/46 saylı məktubla tərəfimizdən Cavabdehnə göndərilmişdir. Bildiririk ki, Cavabdeh tərəfindən 08.01,2024-cü il tarixli 5-8/2- 04/2024 Ns-li məktubla cavab verilmişdir ki, köşkün quraşdırılması üçün nəzərdə tutulan torpaq sahəsi memarlıq norma və qaydalarına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmalıdır. Cavabdeh cavab məktubu ilə bağlı tərəfimizdən torpaq sahəsinə təkrar baxış keçirilərək Bələdiyyə mülkiyyətinə məxsus ümumi istifadədə olan torpaq sahəsi olduğu üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.8-ci və 13.5-ci maddələrinin tələbi yerdə (naturada) bir daha yoxlanılmışdır. Yoxlama zamanı dam müəyyənləşdirilmişdir ki, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət etmək üçün torpaq sahəsində gələcəkdə quraşdırlacaq 3 ədəd koşk ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə heç bir maneəçilik törətmir. Odur ki, tərəfimizdən xx.xx.2024-cü il tarixli, 02/05 saylı məktubla müvafiq rəyin verilməsinə köməklik etmək üçün təkrar Cavabdehnə müraciət olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-8/2-649/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şirvan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/145 nömrəli sahibkarlıqla məşğul olmaq üçün qeyri-yaşayış (mağaza) binasının tikintisi altına Şirvan şəhərinin N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı məktubuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-4537/2023 nömrəli məktubu ilə torpaq sahəsinin planında göstərilən koordinatlar daxilində yerləşən 0.03 ha torpaq sahəsi ümumi istifadədə olan ərazidə yerləşdiyindən, həmin sahədə həyata keçirilməsi planlaşdırılan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Şirvan Bələdiyyəsinin Cavabdehnə daxil olmuş təkrar məktubunda qeyd edilən eyni məsələyə münasibət bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli 03/206 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-6870/2023 nömrəli cavab məktubunda izah edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən kiçik memarlıq formaları (köşklər, örtüklər və buna bənzər digər obyektlər) tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid edilmişdir. Eyni zamanda köşklərin quraşdırılması üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərsalma, memarlıq norma və qaydalarına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmalıdır. Qeyd edirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi Şirvan Bələdiyyəsinin yeni xəritəsi, həmin xəritədəkı uyğunsuzluqlar səbəbindən Şirvan Bələdiyyəsi ilə razılaşdırılmamışdır. Əmlak Məsəiələri Dövlət Xidmətinin tərtib etdiyi və əsaslandığı Şirvan Bələdiyyəsinin hətta özü tərəfindən təsdiq olunmamış X6ı və X10 (TEKUİS-ə) yüklənmiş Şirvan Bələdiyyəsinin yeni xəritəsinə əsaslanaraq torpaq sahələrinin müxtəlif bildirilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Şirvan Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi Şirvan şəhərinin Baş planına əsasən orta mərtəbəli yaşayış binaları yerləşən ərazidə (ŞM-26) olmaqla, mühafizə və sürüşmə zonasında yerləşmir. Bu qeydə əsaslanaraq tərəfimizdən həmin torpaq sahəsinə dair məlumatlar Şirvan şəhərinin Baş planına əsasən araşdırılmış və müəyyən edilmişdir ki, məlumatlar Şirvan Bələdiyyəsi tərəfindən tam qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Şirvan şəhərinin Baş planının “Yaşıllıq ərazilərinin sxemi” hissəsinə əsasən həmin torpaq sahəsinin məhəllədaxili yaşıllıq ərazisi kimi qeyd edilməsi nəzərə alınmamışdır. Odur ki, ayrılması nəzərdə tutulan 300 kv.m torpaq sahəsi Şirvan şəhərinin Baş planında yaşıllıq ərazi kimi göstərilmişdirsə həmin ərazinin tikinti və ya qurğu altına ayrılması qüvvədə olan qanunvericiliyə ziddir. Həmin 3 ədəd köşkün (kiçik memarlıq formasının) yerləşdirilməsi üçün 300 kv.m torpaq sahəsinin ayrılması zərurəti yaranmasına dair iqtisadi əsaslandırma sənədləri və köşklərin ölçülərinə dair məlumatlar Şirvan Bələdiyyəsi tərəfindən təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, kiçik memarlıq formalarının ölçüləri 2 kv.m-dən 15 kv.m-dək olur və bu obyektlərin yerləşdirilməsi üçün 300 kv.m torpaq sahəsinin ayrılmasının səbəblərinə aydınlıq gətirilməlidir. Eyni zamanda ayrılması nəzərdə tutulmuş torpaq sahəsi əhalinin ictimai tələbatını ödəmək üçün nəzərdə tutulmuş ümumi istifadədə yerləşən torpaq sahəsidir. Ümumi istifadədə olan sözügedən 300 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılması həmin ərazidən əhalinin istifadəsini məhdudlaşdıracaq və ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyə bilməz. Qeyd olunmalıdır ki, Şirvan Bələdiyyəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi və Şirvan Bələdiyyəsi ilə razılaşdırılmamış TEKUİS materiallarına istinadən hazırlanmış kadastr məlumatları təqdim edilmiş və bu məlumatlarda paralel olaraq Şirvan şəhərinin Baş planına da istinad olunmalı halda ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və Reyestri X23 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Şirvan şəhərinin Baş planına əsasən hazırlanmış kadastr məlumatları təqdim olunmamışdır. Yuxarıda qeyd olunan uyğunsuzluqlar səbəbindən Şirvan Bələdiyyəsi tərəfindən hazırlanmış sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin (tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığı və istinad olunmuş mənbənin hüquqi qüvvəsi olmadığı üçün həmin torpaq sahəsinin üzərində köşk yerləşdirilməsi üçün 300 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilə bilməz. Şirvan Bələdiyyəsinə bir daha izah edilmişdir ki, köşklərin quraşdırılması üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərsalma, memarlıq norma və qaydalarına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmalıdır Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X11 veteranı və qazisi olmaqla, 3-cü qrup əlildir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Cavabdehnə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, lakin Cavabdeh Şirvan şənəri, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılması ilə bağlı müraciətilə əlaqədar olaraq sözügedən yerdə tərəflərindən araşdırma aparıldığını və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”da yaşıllıq zolağına düşdüyü üçün ona həmin ərazidən torpaq ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. Lakin iddiaçı hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-38/2-00014/2023 saylı məktubuna istinad edərək, ona sahibkarlıq məqsədilə ayrılmasını tələb etdiyi torpaq sahəsinin X6 X10 əsasən sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahələri olduğunu, bununla da Cavabdeh tərəfindən ona lazımi qaydada araşdırma aparılmadan əsassız olaraq imtina verildiyini, həmin imtina nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini, belə ki, ona ayrılacaq torpaq sahəsində o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıydı və bu müddət ərzində kifayət qədər gəlir götürə bilərdi. Eyni zamanda onun vaxtının əsassız olaraq alınmasına görə, stres və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, ona dəymiş maddi ziyanla yanaşı, mənəvi ziyanın əvəzi də cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, iddiaçı hazırda mövcud qanunvericiliyin tələbinə uyğun olaraq “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak etmək üçün müraciət etmiş və onun müraciətinə əsasən hazırda ona torpaq sahəsinin ayrılması ilə bağlı müəyyən prosedurlara başlanılmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üçün zərər mövcud olmalı, zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalı, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalı, zərər vuran şəxs təqsirli olmalıdır. Məhz bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Əks halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yəni, iddiaçının müraciəti əsasında başlanmış inzibati icraat zamanı Cavabdeh həyata keçirdiyi fəaliyyət (faktiki xarakterli hərəkətləri) qanunsuz sayıldığı və bu hərəkətlər nəticəsində iddiaçıya maddi ziyan dəydiyi halda, onun əvəzinin ödənilməsi mümkün ola bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə Cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmasını tələb etdiyi torpaq sahəsinin “Şirvan şəhərinin Baş planı”nda həmin torpaq sahəsi yaşıllıq zolağına düşdüyü üçün sahibkarlıq məqsədilə ayrılması məqsədəmüvafiq hesab edilməmiş, qüvvədə olan qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edə biləcəyi iddiaçıya bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, iddiaçının sahibkarlıq məqsədilə ayrılmasını tələb etdiyi torpaq sahəsi “X6 X15”nə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yararsız torpaq sahəsidir və iddiaçı hazırda mövcud qanunvericiliyin tələbinə uyğun olaraq “X9” X23 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak etmək üçün müraciət etmiş və onun müraciətinə əsasən hazırda ona torpaq sahəsinin ayrılması ilə bağlı müəyyən prosedurlara başlanılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı Cavabdeh qanunsuz hərəkətlərə yol verməsi və həmin hərəkətlər nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası iddia tələbini “maddi ziyan” hissəsində əsaslı saymır. İddia tələbinin digər – “mənəvi zərərin ödənilməsi” hissəsinə gəldikdə isə, gəldiyi bu qənaətə uyğun olaraq məhkəmə kollegiyası, iddiaçının “mənəvi ziyan” tələbini də əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası işin bu halını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçıya mənəvi zərərin vurulmasına dair mülki hüquq pozuntusu mövcud olmamışdır. Ona görə də iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsi də əsassız sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-892/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar