Məhkəmə qərarları › İş №2-1(106)-120/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-120/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-120/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-808/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 65 yaşı tamam olub. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana lazımi sənədlərlə müraciət etmiş, lakin cavabdeh orqan yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Ona sosial müavinət təyin edilib. Səbəbi xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixədək hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilib. O, cavabdeh orqanın imtinası ilə razı deyildir. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-808/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, İddiaçı ümumi stajı mərkəzi filiala təqdim edilən sənədlərinə əsasən (17.11,1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 12 il 3 ay 10 gün təşkil edir. Araşdırma zamanı İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilən xx.xx.1986-cı il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" TSC-də olan əmək fəaliyyəti dövründə xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək onun əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-194698/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi xx.xx.1985-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən 01,06.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri, ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 12 il 3 ay təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının 28.11,2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən həmin illər üzrə əmək haqqı alıb-almamasını yoxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.2012-cı il tarixədək əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün bütövlükdə mübahisələndirilərək onun sığorta stajına daxil edilməmişdir. Qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 3 ay ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixə aşağıdakı qaydada hesablanır:(12 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 3 ay)= 3748,5 manat. Buradan, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 9960,75 manat təşkil edir: Qeyd edək ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2022-ci il tarixdən 34560 manat (240 manat x144 ay=34560 manat), xx.xx.2023-cü il tarixdən 40320 manatdır (280 manat x144 ay=40320 manat). Göründüyü kimi, "xxxx" ATSC-nin arxiv sənədləri saxlanılmamışdır. Bununla da, inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıbalmadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-48-4/2-393/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Yardımlı rayon Dövlət Arxiv İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 5-81- 34/2-09/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, əməkhaqqı cədvəlləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında İddiaçı barəsində heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx"ASC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 13-8/2-62/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Yardımlı filialı 01 yanvar 2009-cu il tarixədək fəaliyyət göstərmişdir. Həmin tarixdən sonra filialın fəaliyyəti olmamışdır. ASC-nin Yardımlı filialı sənədləri "xxxx" ASCnin mərkəzi arxivinə təhvil verilməmişdir. Göründüyü kimi "xxxx"ASC tərəfindən göndərilmiş sorğuya cavab məktubunda "xxxx" ASC-nin Yardımlı filialı 01 yanvar 2009-cu il tarixədək fəaliyyət göstərdiyi qeyd olunduğu halda İddiaçı əmək kitabçasında xx.xx.2012-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Bu da İddiaçı məxsus əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Belə ki, iş materiallarında olan Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Horadiz Avtonəqliyyat'1 MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, 03.11,2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. Həmçinin, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci tarixli məktubunda 1977-2006-cı illərdə "xxxx" MMC Füzuli rayonunda fəaliyyət göstəribgöstərməməsi barədə məlumat olmaması qeyd olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunan müəssisənin xx.xx.2006-cı il tarixədək fəaliyyəti barəsində iş materiallarında heç bir məlumat yoxdur. Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. Həmçinin, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda 1977-2006-cı illərdə "xxxx" MMC Füzuli rayonunda fəaliyyət göstərib-göstərməməsi barədə məlumat olmaması qeyd olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunan müəssisənin xx.xx.2006-cı il tarixədək fəaliyyəti barəsində iş materiallarında heç bir məlumat yoxdur. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının xidməti məktubunda bildirilmişdir ki, sığortaedən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçı barəsində heç bir məlumat qeyd edilməmişdir. Göründüyü kimi, hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, cavabdehin dəlillərini təsdiq edən bir sıra məlumatlar olduğu halda, apellyasiya məhkəməsi, bu istiqamətdə araşdırma aparmamış, sadəcə iddiaçının əmək kitabçasına istinad edərək qərar qəbul etmişdir. İddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003-ci ildə təşkilatihüquqi formasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-808/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunması xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi X17 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Yardımlı rayonunun Perimbel kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. -Yardımlı rayon Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 186 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə 53 nömrəli əmr ilə 38 saylı Təmir tikinti idarəsində sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə 07 nömrəli əmr ilə ATFdən sürücülükdən azad olunmuşdur. Əmək haqqı haqqında cədvəllər Yardımlı rayon Dövlət arxiv idarəsinə təqdim edilmədiyi üçün cədvəllər mühafizə olunan sənədlər arasında aşkar edilməmişdir. -Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə X29 Xidmətinin Yardımlı Rayon bölməsininxx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yardımlı rayon Perimbel kənd sakini İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. -Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2012ci il tarixədək əmək fəaliyyətində olmuşdur. -Yardımlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 81- 1/2-34/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №-53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə Əmr №-07 ilə ATF-dən sürücülükdən azad edilmişdir. -Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-08/2-318/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı haqqında etdiyiniz 11 sentyabr 2023-cü il tarixli, iş № 2-2-1(120)-3092/2023 saylı sorğuya cavab olaraq bildiririk ki, "xxxx" ASC 1998-ci ildə yaradılmış və rayonlarda 50- dən çox filialı fəaliyyət göstərmişdir. Hal-hazırda həmin filiallar ləğv olunmuşdur. Sorğuda İddiaçı hansı filialda işləməsi barədə məlumat olmadığından onun barəsində "xxxx" ASC-nin mərkəzi arxivində hər hansı bir sənəd əldə etmək mümkün olmadı. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********695800 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" ASC xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi uçot məlumatlarına əsasən bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixinədək olan dövr ərzində "xxxx" ASC tərəfindən 329.420.87 manat məbləğində vergi ödənilmişdir. Bundan başqa, cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. -Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-08/2-352/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Yardımlı filialı uzun müddət fəaliyyət göstərməmiş və işçiləri barədə arxiv sənədləri "xxxx" ASC-nin mərkəzi arxivinə təhvil verilməmişdir. Ona görə də İddiaçı barəsində ASC-nin arxivində hər hansı sənəd aşkar etmək mümkün olmadı. -Yardımlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 81- 34/2-09/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə Əmr № 07 ilə ATF-dən sürücülükdən azad edilmişdir. Əmək haqqı cədvəlləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında İddiaçı barəsində heç bir sənəd aşkar edilməmişdir. -Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-8/2-62/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Yardımlı filialının 1 yanvar 2009-cü ildə təqdim etdiyi 2 №-li formadan görünür ki, Yardımlı filialı 1 yanvar 2009- cü il tarixədək fəaliyyət göstərmişdir. Həmin tarixdən sonra filialın fəaliyyəti olmamışdır. Təkrarən bildiririk ki, ASCnin Yardımlı filialı sənədləri "xxxx" ASC-nin mərkəzi arxivinə təhvil vermədiyindən sorğuda qeyd etdiyiniz sənədləri aşkar etmək mümkün olmamışdır. -Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-4/2-393/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Kollegiyasının 12 aprel 2016- cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq ediimiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısfnın 471-ci bəndinə əsasən, şəxsi işlərin, əmək müqavilələrinin, işçilərin işə qəbulu və işdən azad edilməsinin qeydiyyatı kitabları (jurnallar), qeyd vərəqələrinin saxlanma müddəti 75 il müəyyən edilmişdir. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Yardimli Rayon Dövlət Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayon Dövlət Arxivi İdarəsində mühafizə olunan sənədlər araşdırılmış, adları qeyd olunan vətəndaşların 38 saylı Təmir Tikinti İdarəsində işə daxil olma əmrləri və işdən çıxma əmrləri aşağıdakı kimidir. 1.İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №-53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş xx.xx.2012-ci il tarixdə Əmr №-07 ilə ATF-dən sürücülükdən azad edilmişdir.

2. X20 xx.xx.1984-cü il tarixdə Əmr №-72/3 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul olmuş, xx.xx.1995-ci il tarixdə Əmr №-30/1 ilə işdən azad olunmuşdur.

3. X9 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1995-ci il Əmr №-34 ilə işdən azad olunması aşkar edilmişdir

4. X21 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin,xx.xx.2002-ci il Əmr №-2 ilə işdən azad olunması aşkar edilmişdir.

5. X12 xx.xx.1995-ci il tarixdə Əmr №-5 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Əmr №-08 ilə yenidən 38 saylı Təmir tikinti idarəsinə işə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə Əmr №-02 ilə işdən azad edilmişdir.

6. X18 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1995-ci il tarixdə Əmr №-11 ilə işdən azad edilmişdir.

7. X15 xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir.

8. X6 xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş lakin, işdən azad olunması barədə heç bir məlumat tapılmasada xx.xx.2001 ci ildə Əmr №-3 ilə təkrar işə qəbul edilmişdir.

9. X1 1.05.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. Təkrar xx.xx.2001 ci ildə Əmr №-3 və xx.xx.2002-ci ildə Əmr №-7 ilə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdə Əmr №-2 ilə işdən azad edilmişdir.

10. X4 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1992-ci il tarixdə Əmr №-82/3 ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə təkrar Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, X5, X13 və X2 barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında heç bir məlumat tapılmamışdır. -Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" X33 Cəmiyyətinin Yardımlı “Aqrartikinti” filialı (əvvəllər 38 saylı Təsərrüfatlararası Tikinti Sahəsi) 28 iyun 1996-cı il tarixindən 16 fevral 2024-cü il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Azərbaycan Respublikası Təmir Tikinti İstehsalat Birliyi”nə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, Respublika Rayonlararası Təmir- Tikinti İstehsalat Birliyi (sonradan Rayonlararası İstehsalat TəmirTikinti Birliyi) və "xxxx" MMC müvafiq olaraq 19 avqust 1996-cı il və 28 dekabr 2006-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Yuxarıda qeyd olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Kollegiya hesab edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydalarım 3.2.1. və 3.6-cı bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Beləliliklə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etməklə, həmin illərin sosial sığorta stajına daxil etməsi qanuni hesab edilməlidir. Belə ki, iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının dəlilləri tədqiq olunan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-808/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar