Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-121/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-485/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və uşağın sağlamlıq imkanları məhdud hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarının ləğv edilməsi və övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-485/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 28 mart 2022-ci il tarixli, 6UP7TE70002 saylı qərarı ləğv edilməsi, İddiaçı övladı Alışov Müslüm Nəhməd oğlunun yetkinlik yaşına çatanadək, yəni 20 yanvar 2028-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Alışov Müslüm Nəhməd oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4-cü “Sidik-cinsiyyət sisteminin xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, Alışov Müslüm Nəhməd oğlunun xəstəliyi ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, azyaşlı 20 yanvar 2010-cu il təvəllüdlü Alışov Müslüm Nəhməd oğlunun anasıdır. Azyaşlı uşağı sağlamlıq imkanları məhdud xəstə və əlil uşaqdır. Oğlu 30 iyul 2020-ci il tarixdə Bakı şəhərində yerləşən X2 «Premium Clinic» Klinikasında sağ böyrək-nefroektomiva cərrahi əməliyyatı olmuşdur. Həmçinin 3 saylı Uşaq Xəstəxanasında xx.xx.2022-ci ildə müayinə olunmuş və Tibbi müayinə zamanı «Sağ böyrək-nefroektomiya» cərrahı əməliyyat olunması öz təsdiqini tapmışdır. Müayinənin nəticəsi olaraq uşağa -«Kod Z90,5-sağ böyrəyin nefroektomiyası, sidik kisəsinin neyrogen disfunksiyası-Kod N 31.2»-diaqnoz təyin edilmişdir. Uşağı faktiki olaraq xəstədir və ömürlük əlildir. Sağlamlıq imkanları məhdud uşağına əlillik dərəcəsinin təyinatı ilə bağlı Saatlı RMX-nın PHŞ-in Həkim Məsləhət Komissiyasının xx.xx.2022-ci il tarixli, 0309003AAQ24 saylı elektron (FORMA 088) göndərişlə cavabdehə müraciət etmişdir. Müraciətinə cavabdeh orqan tərəfindən əlillik dərəcəsinin təyin edilməməsinə dair xx.xx.2022-ci il tarixli əsassız və qanunsuz imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi: «Göndərişin natamam doldurulması” və digər şablon xarakterli əsassız səbəblər göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Qeyd edirlər ki, M.Alışovun sağlamlıq imkanlarının məhdudluğu “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞnin 0309003AAQ24 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və ağırlaşmaları təsdiqləyən müayinələrin qeyd edilməsi məsləhət görüldüyündən göndərişin natamam doldurulması (Səbəb: ağırlaşmalar ətraflı qeyd edilsin və müayinələrlə əsaslandırılsın) barədə əsaslı qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Alışov Müslüm Nəhməd oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, üzərində 30 iyul 2020-ci il tarixdə sağ böyrək-nefroektomiya cərrahi əməliyyatı aparılmış, xx.xx.2022-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, xx.xx.2022-ci ildə Bakı şəhərində yerləşən 3 saylı Uşaq Xəstəxanasında müayinə olunmuş və müayinənin nəticəsi olaraq uşağa -«Kod Z90,5-sağ böyrəyin nefroektomiyası, sidik kisəsinin neyrogen disfunksiyası-Kod N 31.2»-diaqnozu təyin edilmişdir. Alışov Müslüm Nəhməd oğluna sağlamlıq imkanları məhdud uşaq təyinatı ilə bağlı Saatlı RMX-nın PHŞ-in Həkim Məsləhət Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 0309003AAQ24 saylı elektron (FORMA 088) göndərişlə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, “göndərişin natamam doldurulmasıağırlaşmalar ətraflı qeyd edilsin və müayinələrlə əsaslandırılsın” səbəbi ilə ona sağlamlıq imkanları məhdud uşaq təyinatından imtina olunmuş, bu barədə 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il 6UP7TE70002 saylı qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 25 avqust 2022-ci il tarixli, T 356/2022 saylı rəyində göstərilmişdir ki, azyaşlı M.N.Alışovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “sidik cinsiyyət sisteminin xəstəlikləri=>N30-N39-sidik sisteminin digər xəstəlikləri=>N31-sidik kisəsinin digər rubriklarda təsnif olunmayan sinir-əzələ disfunksiyası=>N31.2-böyrəyin qazanılma olmaması, sağ böyrəyin nefroektomiyası” diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofiınksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na aid etmək mümkün deyil. Yaşayış yeri üzrə poliklinikadan yeni Forma 88 rəsmiləşdirildikdən sonra xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarın meyarları ilə dəyərləndirilə bilər. -İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 16 fevral 2023-cü il tarixli, 1029 saylı rəyində göstərilmişdir ki, Alışov Müslüm Nəhməd oğlunda “Saatlı Rayon Mərkəzi Xəstəxanası” phş-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Böyrəyin qazanılma olmaması, sağ böyrəyin nefroektomiyası (Z90.5). Sidik kisəsinin başqa rubriklarda təsnif olunmayan neyrogen zəifliyi. Sidik kisəsinin neyrogen disfunksiyası (N31.2)” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. -Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, T429 saylı rəyində Alışov Müslüm Nəhməd oğlunda olan xəstəliklərin əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmaların aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, T619 saylı rəyində göstərilir ki, M.N.Alışov məhkəmə-tibbi müayinədən keçirilərkən Akad. M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına göndərilmiş və aparılmış müayinələrdən sonra ona “Z90.5-Vahid qalmış sol böyrək. Nll-Xroniki pielonefrit. N18.1-Xroniki böyrək xəstəliyi 1-ci mərhələ.” diaqnozu müəyyən edilmişdir. Həmin diaqnoz M.N.Alışovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “sidik cinsiyyət sisteminin xəstəlikləri=>N30-N39-sidik sisteminin digər xəstəlikləri=>N31 -sidik kisəsinin digər rubriklarda təsnif olunmayan sinir-əzələ disfunksiyası=>N31.2-böyrəyin qazanılma olmaması, sağ böyrəyin nefroektomiyası” diaqnozu ilə ümumən eynilik təşkil edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.22-ci bəndində qeyd olunan “nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. Eyni zamanda birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, Alışov Müslüm Nəhməd oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4cü “Sidik-cinsiyyət sisteminin xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Məhkəmə kollegiyası “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçını övladına əlillik təyinatından imtina ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların yalnız Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq kodlarına uyğunluğu baxımından iddianı əsaslı hesab etməkdə səhvə yol vermişdir. Belə ki, iddiaçıya əlillik təyinatından ilkin imtina 28 mart 2022-ci il tarixli qərarla verildiyindən və iddiaçı həmin qərarı mübahisələndirdiyindən, bununla da ona həmin tarixdən əlillik təyinatı məsələsinə baxıldığından əlillik vəziyyəti həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri baxımından qiymətləndirilməli idi. Digər tərəfdən, iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların hər iki meyar baxımından əlillik təyinatına əsas verməsi birinci instansiya məhkəməsinin məhz 1 meyar əsasında nəticəyə gəlməsinə görə qərarın ləğvinə əsas vermir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-485/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-121/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-121/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver