Məhkəmə qərarları › İş №2-1(106)-121/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-121/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-121/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1 iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-3854/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı «Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Maraqlı şəxs və onun ailə üzvlərinə adına verilmiş JN-053A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş 0.06 ha həyatyanı torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş gediş-gəliş yolunun yer quruluşu planında göstərilmiş yolun ləğv edilməsi və bununla əlaqədar olaraq müvafiq konfiqurasiya işlərinin aparılması öhdəliyinin qoyulması» tələbi ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-3854/2024nömrəli qərardadı ilə İddiaçı ərizəsinə əsasən iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: 28 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında X3 bu tip işlərə məhkəmənin baxmadığını bildirərək, işin baxılmamış saxlanılaraq sənədlərin geri qaytarılmasını bildirmiş və iddiaçıya ağ kağız təqdim edilərək, onu imzalamağını bildirmiş və o da həmin kağıza imza etmiş, lakin həmin kağızda heç bir yazı olmamışdır. Kağıza nə üçün imza etdiyini soruşanda hakim bildirmişdir ki, işi baxılmamış saxlayıb sənədləri ona geri qaytarılır ki, iddia ərizəsini düzəldib yenidən məhkəməyə müraciət edə bilsin. 14 oktyabr 2024-cü il tarixdə isə elektron kabineti yoxlatdıran zaman bildirilmişdir ki, guya o həmin iclasında iddiadan imtina etməyi ilə bağlı ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən məhkəmə iş üzrə icraata xitam vermişdir. Məhkəmə zalında ərizə yazmamış, iddiadan imtina etməmiş və ya məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etməmişdir. Belə olan halda hakim onu aldadaraq ağ kağıza imza etdirməklə onun iddiadan guya imtina etməyi ilə bağlı olaraq ərizə yazılmış və həmin ərizənin kim tərəfindən, hansı şəraitdə yazılmasından heç bir məlumatı yoxdur. Məhkəmə iclası videoçəkilişlə aparıldığından onun ərizə təqdim etməməyi videoçəkilişdə də görünəcəkdir. Belə olan halda həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Şirvan İnzibati məhkəməsinin e-2-1(120)-3854/2024 saylı, 28 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi xahiş olunur. İİİ. Prosses iştirakçılarının izahatları İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 3.3., 15.2., 55.3., 55.6., 82, və 87.6.-87.8-ci maddələrində qeyd olunmuşdur: -İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. – -İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://eqanun.az/framework/46956 - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikə. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Birinci instansiya məhkəməsi işdə olan sənədlərə istinad edərək qərardadda qeyd etmişdir ki, “İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə xitam verilməsini məhkəmədən xahiş etmişdir.” Bu barədə iş müteriallarında olan ərizənin məzmunundan aydın olur ki, ərizə komputer vasitəsi ilə standart formada tərtib edilmiş, yalnız iddiaçının adı, soyadı və ata adı sonradan əlyazısı ilə əlavə edilmiş və imza olunmuşdur. Ərizənin poçt vasitəsi ilə və ya dəftərxanaya təqdim olunması ilə işə əlavə edilməsi müəyyən olunmur. 28 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının videoyazısından görünür ki, İddiaçı iddiadan imtina etməsi, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim olunmamışdır. İnzibati işin halları ilə bağlı məlumat verilərkən hakim tərəfindən iddiada imtina edilməsi barədə ərizənin təqdim olunması qeyd olunsa da, məhkəmə iclas zalında iddiaçı tərəfindən ərizənin təqdim olunması, eləcə də bu barədə iddiaçının münasibət bildirməsi müəyyən olunmur, eləcə də imtina ilə hüquqi nəticələr izah olunmur. Lakin həmin tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı qeyd olunan ərizəni məhkəmə iclas zalında təqdim etmişdir. İşə əlavə olunmuş ərizə iddiaçı tərəfindən imzalansa da, qeyd olunan hallar əsas verir ki, iddiaçı faktiki olaraq iddia tələbinə mahiyyəti üzrə baxılıb qanuni qərar qəbul edilməsini tələb edir. Belə ki, ərizə latın qrafikası ilə standart formada tərtib olunmuşdur, iddiaçının adı, ata adı və soyadını yazmasından aydın olur ki, o, kiril qrafikalı Azərbaycan əlifbasından istifadə etmişdir. Bu halda iddiaçının latın qrafikasını bilməməsinə və ərizənin məzmunundan məlumatlı olmamasına əsas verir. Apellyasiya şikayətinin dəlillərindən biri də məhz bununla bağlıdır. Belə ki, şikayətdə qeyd olunmuşdur ki, “...iddiaçıya ağ kağız təqdim edilərək, onu imzalamağını bildirmiş və o da həmin kağıza imza etmiş, lakin həmin kağızda heç bir yazı olmamışdır. Kağıza nə üçün imza etdiyini soruşanda hakim bildirmişdir ki, işi baxılmamış saxlayıb sənədləri ona geri qaytarılır ki, iddia ərizəsini düzəldib yenidən məhkəməyə müraciət edə bilsin.” Göründüyü kimi, iddiaçı qeyd olunan halın hüquqi mahiyyətini və nəticələrini qavraya bilməmişdir. İnzibati Prosessual Məcəllənin isnad olunmuş prosessual əsaslarında qeyd olunmuşdur: -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. -49.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. -50.0. Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: -50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; -55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd olunan prosessual tələblərin hüquqi mahiyyətinə əsasən iddiaçıya vəsatəti əsaslandırmaq üçün söz verilməmiş, onun iddiadan imtina etməsinin səbəbləri araşdırılmamışdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-1(120)-3854/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar