Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-123/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 10 yanvar 2022-ci il tarixli ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi, həmçinin Lənkəran rayon Mərkəzi Xəstəxanasının iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 20 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-750/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayon hərbi komissarlığı tərəfindən 2007-ci ildə hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissədə xidmət etmiş, hərbi xidmətin bitməsinə 5 gün qalmış, 26 mart 2009-cu il tarixdə döyüş növbətçiliyini dəyişən zaman əsgər yoldaşının əlindəki silahdan atəş açıldığına görə sağ və sol budunu dəlib keçən güllə yaralanması almışdır. Ona 16 sentyabr 2009-cu il tarixli xəstəlik haqqında 1935 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin 12-ci bəndindən görünür ki, sağ budun orta 1/3-nin yumşaq toxmalarının, sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanması (xx.xx.2009), sol bud sümüyünün çoxqəlpəli yerini dəyişən sınığına görə İlizarov aparatı ilə Osteosintez cərrahiyyə əməliyyatından sonra (xx.xx.2009) tam bərkimiş sümük döyənəyi, sol diz oynağının birinci mərhələ osteoartrozu, kontraktura, funksiyanın mülayim dərəcədə pozulması ilə bağlı qərar verilmişdir. Sözü gedən şəhadətnamədən məlum olur ki, aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır. 6 ay müalicədə olmuş, sığorta məbləği almaq üçün N saylı hərbi hissənin Hərbi Həkim Komissiyası tərəfindən 16 sentyabr 2009-cu il tarixli, 1935 nömrəli arayış verilmişdir. Həmin arayışdan görünür ki, aldığı xəsarət ağır xəsarətdir, xəsarəti ilə əlaqədar 4350 (dörd min üç yüz əlli) manat sığorta məbləği almışdır. 2009-cu il tarixdən 2021-ci ilin may ayına qədər hər ay İİİ qrup əlil kimi sosial pensiya almış, eyni zamanda Prezident təqaüdçüsü olmuşdur. 2021-ci ilin may ayından pensiya almır, çünki növbəti müayinədən keçməli idi. Ona görə də əlilliyin təyin edilməsi üçun komissiyaya müraciət etmişdir. Belə ki, TSEK-ə 0284003AALHY nömrəli göndərişdən görünür ki, 02 iyun 2021-ci il tarixdə müayinə tarixi olmuşdur. TSEK-ə göndəriş zamanı aşağıdakı diaqnoz verilmişdir: odlu silah yaralanması sol və sağ sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşması, sol bud çanaq oynağının postravmatik deformasiyaedici kontraktura İİİ dərəcəli, sol diz oynağının postravmatik deformasiyaedici artrozu İİİ dərəcəli, sol bud çanaq oynağının kəskin bükmə və yaxınlaşdırma kontrakturalı, sol diz oynağının kəskin bükmə və açma kontrakturalı, sol aşağı ətrafın dayaq-hərəkət funksiyasının kəskin pozulması, daimi ağrılı sindromlu. İyun ayında müayinədə olmasına baxmayaraq cavabdeh tərəfindən 2021-ci ilin iyun ayından 2021-ci ilin noyabr ayına kimi heç bir cavab ala bilməmişdir. Şikayət etdikdən sonra, zənglər etdikdən sonra nəhayət ona sms vasitəsi ilə 2021-ci ilin noyabr ayında imtina cavabı verilmiş, həmçinin elektron sistemdən çıxarış verilmiş, lakin imtina qərarının özü indiyədək ona verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərinə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin təsdiqlədiyi qiymətləndirmə üzrə məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müayinədə olmuş, müayinə zamanı “sol bud sümüyünün aşağı ucunun çoxqəlpəli yerini dəyişən sınığından sonrakı vəziyyət, sol bud sümüyünün distal ucunun sümük defekti, sol diz oynağının bükmə kontrakturu, sol diz oynağının postravmatik artozu İİİ subkompensasiya, hər iki budun dərisinin çapıqlaşmış vəziyyəti və fibrozu” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı “bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu ilə əlillikdən imtina edilib. Səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının göndərilmə tarixi xx.xx.2021-ci il olan cavab vərəqində qeyd edilmişdir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin göndərdiyi xəstə İddiaçı münasibətdə (TSEK-də müayinə tarixi: xx.xx.2021) diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildə “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən ilkin təyin edilmiş üçüncü dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2016-cı ildə “əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0284003AALHY nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2021-ci il tarixdə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı dair tələb olunan digər sənədlərin (Forma 088) əldə olunması məqsədi ilə həmin şəxsə dair göndərişi rəsmiləşdirilən dövlət tibb müəssisəsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilkin olaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini Şirvan İnzibati Məhkəməsindən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə 10 yanvar 2022-ci il tarixli ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Yəni birinci instansiya məhkəməsi iddiaçının “üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini icraata qəbul etmişdir. Həmçinin həmin tələbə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını dolğun araşdırmamışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə müayinədə olmuş, müayinə zamanı “sol bud sümüyünün aşağı ucunun çoxqəlpəli yerini dəyişən sınığından sonrakı vəziyyət, sol bud sümüyünün distal ucunun sümük defekti, sol diz oynağının bükmə kontrakturu, sol diz oynağının postravmatik artozu İİİ subkompensasiya, hər iki budun dərisinin çapıqlaşmış vəziyyəti və fibrozu” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Əlillik müddəti bitdiyi üçün iddiaçı növbəti müddətə əlilliyin təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli iddiaçı barəsində olan qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar, yəni inzibati akt qəbul edilmişdir. Belə olan halda iddiaçı üçüncü dərəcəli əlilliyin bərpa edilməsi barədə deyil, müvafiq inzibati aktın ləğv edilməsi və ona növbəti müddətə əlilliyin təyin edilməsi barədə iddia qaldırmalı idi. Lakin birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamış və iddiaçıya bu istiqamətdə, yəni iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halları ilə müəyyən edilir ki, əlillik müddəti bitdiyi üçün iddiaçı növbəti müddətə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi ilə əlaqədar inzibati orqana müraciət edir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, cavabdeh inzibati orqan iddiaçının istədiyi inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati akt qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdeh inzibati orqanın iddiaçının istədiyi inzibati aktın qəbul edilməsindən imtina barədə ayrıca inzibati akt formasında müvafiq inzibati akt qəbul edib-etməməsini aydınlaşdırmamış və cavabdeh inzibati orqana sorğu verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinə riayət edilib-edilməməsi ilə bağlı iddianın mümkünlüyünə qiymət verməlidir. O cümlədən iddiaçı barəsində xx.xx.2021ci il tarixində qərar qəbul edilsə də, iddiaçının bu qərardan 2021-ci ilin noyabr ayında məlumatlı olması barədə iddiaçının fikirlərinə qiymət verilməlidir. İddia tələbi dəqiqləşdirildikdən və iddianın mümkünlüyünə qiymət verildikdən sonra, işə mahiyyəti üzrə baxılacağı təqdirdə birinci instansiya məhkəməsi iddiaçının XBT-10 kodu göstərilməklə (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) xəstəliyinin adının, əsas diaqnozunun, ağırlaşmalarının, yanaşı xəstəliklərinin, xəstəliklərinin yaranma əsaslarının, onun hazırkı sağlamlıq durumu ilə əlil olduğu müddətdəki sağlamlıq durumu arasındakı fərqin, əlil olduğu dövrlə müqayisədə əlillik müddəti bitdikdən sonra sağlamlıq durumunun yaxşılaşıb-yaxşılaşmaması barədə, yaxşılaşdığı təqdirdə hansı forma və dərəcədə yaxşılaşması barədə məlumatların aydınlaşdırılması üçün iddiaçının xəstəliyi üzrə ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssisi icraata cəlb edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)- 750/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-123/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-123/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver