Məhkəmə qərarları › İş №2-1(106)-123/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-123/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-123/2024 19.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu , cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-1304/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 avqust 2023-cü il tarixli, 2- 1(120)-1304/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus 04 dekabr 1990-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının “Zodiak" kooperativinin sədri Ə.Quliyevin imzası ilə təsdiq olunmuş səhifəsində onun xx.xx.1990xx.xx.1994-cü illərdə "xxxx" kooperativində işlədiyi qeyd olunmuşdur. Lakin iş materiallarında olan "xxxx" kooperativinin sədri Ə.Quliyevin imzası ilə təsdiq olunmuş xx.xx.1997-ci il tarixli 123 nömrəli arayışda isə iddiaçının "xxxx" kooperativində 12 mart 1988-ci ildən 27 aprel 1997-ci il tarixədək işlədiyi qeyd olunmuşdur. Bununla yanaşı, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 may 2017-ci il tarixli, 2- 1(086)-1945/2017 nömrəli qərarına əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı kimi iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” X3 işlədiyi müddətin nəzərə alınmasını tələb etməsi, bu zaman həmin müddətlər arasında olan iş dövrünün, yəni xx.xx.1990-xx.xx.1994-cü və ya xx.xx.1988xx.xx.1997-ci il illərdə "xxxx" kooperativində işlədiyi illərin nəzərə alınmasını tələb etməməsi, habelə cavabdeh inzibati orqanın keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" kooperativinin xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illərdə “Zodiak" kooperativində işləməsi barədə sənədlər mötəbər sübutlar kimi qəbul edilə bilməz. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 04 aprel 1974-cü il tarixdən başlamışdır. Ümumi xəstəlikdən İİ qrup əlildir. 01 aprel 1974-cü ildən 01 mart 1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, 04 dekabr 1990-cı il tarixdən 27 aprel 1994-cü ilədək "xxxx" kooperativində, 02 may 1997-ci il tarixdən 27 dekabr 2005ci il tarixədək “Zodiak-3” X3 işləmişdir. Hazırda ona yaşa görə əmək pensiyası təyin edilsə də, əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun hal-hazırda əmək stajı 22 il 6 ay müəyyən edilsə də, ümumi əmək stajı 25 ildən yuxarıdır. Yəni 04 dekabr 1990-cı il tarixindən 27 aprel 1994-cü il tarixədək "xxxx" kooperativində işləsə də həmin illər onun əmək stajına daxil edilməmişdir. Halbuki, həmin iş illəri onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü cavabdehə müraciət etmiş, lakin müsbət cavab verilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanlmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19 may 2017-ci il tarixli qərarına əsasən iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” X3 işlədiyi müddətin sığorta stajı kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarında 1974-1988-ci illərdə İddiaçı Cəlilabad rayon “Nizami” sovxozunda (159 nömrəli arxiv arayışına əsasən) və 1997-2005-ci illərdə “Zodiak-3” müstəqil müəssisəsində işlədiyi qeyd olunmuşdur (əmək kitabçasının surətinə əsasən). Lakin vətəndaş Mərkəzi Filiala ümumiyyətlə əmək kitabçası təqdim etməmiş, yalnız məhkəmə iclasında 1990-1994-cü illərdə "xxxx" kooperativində işlədiyi qeyd olunan əmək kitabçasından bir hissə təqdim etmişdir. Mərkəzi Filiala təqdim edilən iş yerindən arayışa əsasən İddiaçı 1988-1997-ci illərdə "xxxx" kooperativində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə ziddiyyətli hal vardır. İddiaçının əmək kitabçasında 1990-1994-cü illərdə, iş yerindən arayışda isə 1988-1997-ci illərdə eyni müəssisədə işlədiyi qeyd olunmuşdur. Belə olan halda iddiaçının 1988, 1989, 1995-ci illərdə olan fəaliyyətinin əmək kitabçasında öz əksini tapmadığı əmək kitabçasının mötəbərliyinə şübhə doğurur. Bundan əlavə, iddiaçının inzibati icraat materiallarına əlavə edilmiş əlilliyə görə pensiya işində ona xx.xx.2008-ci il tarixdən ikinci dərəcə əlilliyə görə pensiya təyin edildiyi öz əksini tapmışdır. Fondun Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı 1974-1987-ci illərdə “Nizami” rayon sovxozunda işlədiyi illər əməkhaqqı cədvəllərinə əsasən staj olaraq hesablanmış və sonuncu iş yerinin “Nizami” sovxozu olduğu qeyd olunmuş, iddiaçı tərəfindən məhkəməyə "xxxx" kooperativi barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamış, lakin ona xx.xx.2022 tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddiaya qarşı etirazda qeyd olunan məzmunda izahat vermiş, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğunu bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(086)-1945/2017 nömrəli iş tələb edilərək baxış keçirilmiş, müəyyən edilmişdir ki, 19 may 2017-ci il tarixli qərarla iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” X3 işlədiyi 22 il 6 ay 25 gün müddətin sığorta stajı kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin işin materiallarına iddiaçıya məxsus ИТ-İ0105863 nömrəli əmək kitabçası əlavə edilmiş, kitabçada yalnız iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X3 iş fəaliyyəti qeyd edilmişdir. -iddiaçıya məxsus (hazırkim işə əlavə edilmiş) 04 dekabr 1990-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1990-xx.xx.1994-cü illərdə "xxxx" kooperativində işlədiyi qeyd olunmuşdur. -"xxxx" kooperativinin xx.xx.1997-ci il tarixli 123 nömrəli arayışda İddiaçı "xxxx" kooperativində 12 mart 1988-ci ildən 27 aprel 1997-ci il tarixədək işlədiyi qeyd olunmuşdur. Hər iki sənəd "xxxx" kooperativinin sədri Ə.Ş.Quliyev tərəfindən imzalanmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 arasında xx.xx.1980-ci ildə nikah bağlanmış, qadına Quliyeva soyadı verilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajının qanunla müəyyən edilmiş həcmdən az olması bəbindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki halından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı Şirvan İnzibati- İqtisadi Məhkəməsində əlilliyə görə əmək pensiyasının təyinini tələb edərkən yalnız 1 əmək kitabçası (xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” X3 işlədiyi qeyd edilmiş) təqdim etmiş, sonradan hazırki iddianı qaldırarkən başqa bir əmək kitabçası (xx.xx.1990-xx.xx.1994-cü illərdə "xxxx" kooperativində işlədiyi qeyd edilmiş) təqdim etmişdir. Bununla yanaşı hazırki işə baxılarkən xx.xx.1988-xx.xx.1997-ci il illərdə "xxxx" kooperativində işlədiyi qeyd edilmiş arayış təqdim etmişdir. Hər 3 sənəd "xxxx" kooperativinin sədri və iddiaçının əri Ə.Ş.Quliyev tərəfindən imzalanmışdır. Odur ki, qeyd edilən ziddiyətli hallara görə birinci instaniya məhkəməsi haqlı olaraq iddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasını mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(120)-1304/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar