Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-124/2023 19.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlük şərtləri) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və X2 ibarət tərkibdə, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan RespublikasıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinəqarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Məmmədov X7 rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün Lənkəran şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Lənkəran şəhər Təhsil Şöbəsi iddiaçının ərizəsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilməsini əsas gətirilərək iddiaçının hərbi rəhbər vəzifəyə təyin olunmasını məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət edilsə də, iddiaçının tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, 1997-ci ildə Şıxəkəran tam orta məktəbini bitirmişdir. 1997-1998-ci illər arasında X1 Pedaqoji Hərbi Hazırlıq fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə Lənkəran Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003 illər arasında ali təhsilli şəxs kimi DövlətSərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsində döyüş hazırlığı bölməsində xidmət etmişdir. 2003-cü ildə hal-hazırki vaxt qədər Lənkəran rayonunun bir neçə orta məktəblərində hərbi hazırlıq və idman müəllimi ixisası üzrə işləmişdir. 2009-cu ildən X3 hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. Sonuncu dəfə 2018-2019-cu illərdə Şürük kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. X5 Lənkəran Dövlət Universitetinə birləşdiyindən işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara düşdüyündən qeyd olunan təhsil ocağında hərbi müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməsinin, gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənilməsi, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olması, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnməsi, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizəvə kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənilməsində səylə çalışmışdır. Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və “İbtidai hərbi hazırlıq müəllimi” ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar işlər aparmışdır. Fəaliyyəti ilə bağlı müəllim kollektivi tərəfindən müsbət qiymətləndirilmişdir. Bu faktı Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin direktoru N.C.Bağırov və Lənkəran Şəhər İcra Hamiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamələr də təsdiq edir. Şürük kənd orta məktəbinin direktoru tərəfindən verilən 09 sentyabr 2021-ci il tarixli, arayışı da təsdiq edir ki, 14 sentyabr 2018-ci il tarixdən 30 senyabr 2019-cu il tarixə kimi 63 nömrəli əmr əsasında GÇH rəhbəri vəzifəsində işləmişdir. X4 X8 Universitetinin strukturuna daxil olduğundan, bunun nəticəsində kollecdə işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara salındığından, Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər kimi çalışmaq istəmişdir. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Müraciətinin cavabı olaraq, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ona məktub ünvalayaraq, təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə ünvanlanan 38(01)-01- 436/13 nömrəli məktub ünvanlanmışdır. AR SHXÇDX Lənkəran rayon şöbəsi tərəfindən yuxarıdakı ünvanlanan məktuba cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 119 nömrəli qərarına əsasən hərbi rəhbər vəzifəsində yalnız gizir və zabilərin təyin olunduğu bildirilmiş və onun həmin vəzifəyə təyin olunması məqsədəmüvafıq sayılmamışdır. Bundan sonra pozulmuş hüquq və azadlıqlarını ancaq məhkəmə vasitəsi ilə həyata keçirə biləyəcəyini başa düşərək, qarşı tərəfin inzibati orqan olduğunu və mübahisənin inzibati xarater daşıdığını nəzərə alaraq, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1254/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsi məzmun etibarı ilə iddia ərizəsi ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən gəldiyi gəldiyi nəticə düzgün deyildir. Çünki, Nazirlər Kabinetinin qeyd olunan qərarı xx.xx.1998-ci il tarixdə qəbul edilmişdir və buna baxmayaraq o, uzun müddət həmin vəzifədə çalışmışdır. Əgər qanun buna icazə vermirdisə, necə olub ki, onu həmin vəzifəyə təyin ediblər və o, yuxarıda qeyd etdiyi kimi uzun müddət ərzində həmin vəzifədə işləmişdir. Onu da qeyd etmək istəyir ki, məhkəmənin qeyd etdikləri əsassızdır. Belə ki, o, zabitdir və bunu təsdiq edən vəsiqəni də məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin vəsiqəni qətnamə qəbul edərkən nəzərə almamış və buna hüquqi qiymət verməmişdir. Onun zabit olmağını təsdiq edən vəsiqəsi də vardır və həmin vəsiqə 10 yanvar 2014-cii il tarixdə verilmişdir. Həmin vəsiqə təsdiq edir ki, o, X6 birliyinin üzvüdür və hərbi rütbəsi də kapitandır. Yuxarıda qeyd etdiyi kimi, əgər o, zabit olmasaydı necə olar ki, Nazirlər Kabinetinin qərarı xx.xx.1998-ci il tarixdə qəbul olunub və o, qeyd olunan vəzifədə uzun illər işləyib. Bütün bu hallar onun məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə təsdiq olunur. Lakin göründüyü kimi məhkəmə işi tam araşdırmadığı üçün bütün bu hallara düzgün hüquqi qiymət verməmiş və əsassız bir qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbindən də görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda bir iddiaçı kimi o, öz tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə sübut etsə də, məhkəmə tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Belə ki, onun uzun illər hərbi rəhbər vəzifəsində işləməsini təsdiq edən əmək kitabçası və onun zabit olmasını təsdiq edən 7046 nömrəli 10 yanvar 2014-cü il tarixli vəsiqəsini məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə tərəfindən bunlar sübut kimi qəbul edilməmiş və bunlara hüquqi qiymət verilməmişdir. Məhkəmə nəyə görə bunları sübut növü kimi qəbul etməməsini də qərarında əsaslandırmamışdır. Maddənin tələbindən görünür ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırkı halda məhkəmə onun təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və sonda əsassız olaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Digər prosessual pozuntu isə məhkəməyə təqdim etdiyi vəsatətə hakim tərəfindən münasibət bildirilməməsi olmuşdur. Qeyd olunan vəsatətlə pozulmuş hüquq və azadlıqlarının bərpasından ötrü normanın şərhi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə məhkəmə tərəfindən müraciət edilməsi idi. Vəsatətdə bununla bağlı qeyddən bir fraqmenti qeyd edir. “Bildirirəm ki, icraatınızda olan, mənim cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsinə qarşı hərbi rəhbər vəzifəsinə təyin olunmağım üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafıq sayılmağım barədə rəyin verilməsini cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsinə həvalə edilməsinə dair inzibati mübahisə, pozulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi məqsədilə şərh olunmasından ötrü tərəfinizdən Azərbycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi məqsədəmüvafıq olardı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin 5-ci bəndində qeyd olunanlar qeyri-müəyyənlik yaradır və qanunla qorunan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Uzun illər işdəyi vəzifədə fəaliyyət göstərməyinə maneçlik törədir. Qanunvericlik belə hallarda məhkəmələrə insan hüquq və azadlıqlarının həyata keçirilməsindən ötrü Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətini verib. Heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Amma təəssüflər olsun ki, məhkəməyə təqdim etdiyi vəsatətin qəbul və ya rədd olunması ilə bağlı hakim tərəfindən ona hər hansı məlumat verilməmişdir. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları Mülki Prosesual Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu vəsatətlərin həlli ilə bağlı qanunvericinin mövqeyindən çıxış edərək qeyd edir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır (E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Perma İtaliyaya qarşı”, "Dvorskiy Xorvatiyaya qarşı”, “Murtuzəliyev Rusiya Federasiyasına qarşı” Qərarlarında Məhkəmə diqqəti ona cəlb etmişdir ki, əgər müdafiə tərəfi müdafiə mövqeyini möhkəmələndirə biləcək vəsatətlər verirsə, onda məhkəmələr bu cür vəsatətlərin rədd olunma səbəblərini mütləq göstərməlidirlər. Eyni zamanda Strasburq Məhkəməsi hesab etmişdir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Ona görə də Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 saylı qərarını tam ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2- 1(120)-1254/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı hərbi rəhbər vəzifəsinə təyin olunmasının məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəfləri arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İşin faktiki halları, iddia ərizəsinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə məktəbdə hərbi rəhbər vəzifəsinə təyin olunmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin 5-ci bəndinin tələbləri baxımından hərbi rəhbərlər təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Göründüyü kimi, hərbi rəhbərlərin vəzifyə təyin və azad edilməsi təhsil müəssisələrinin direktorlarının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə tərkinin qənaəti ondan ibarətdir ki, iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsidir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılan əmək mübahisələirinin dairəsi İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsi ilə müəyyən olunub. Belə ki, həmin maddənin məzmununa görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsinin təsir dairəsinə düşmür. Bu səbəbdən də iddiaçı ilə məktəb arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahislərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı mübahisə inzibati məhkəmə icraatının predmeti olmadığından iddia mümkün sayılmamalıdr. Məhkəmə tərkibi qeyd edir ki, şərti qəbul etsək ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, bu hal belə, iddianın mümkün sayılmasına əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının ümumi xarakterli hüquqi müdafiə marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisə predmeti ilə bağlı mümkünlük şərtləri baxımından iddiaçınınilkin olaraq səlahiyyətli cavabdehə (məktəbə və ya təhsil idarəsinə) müraciət etməsi, bunun üzərindən öz məqsədinə daha effektiv və daha sadə yolla nail olmaq imkanından istifadə etməsi tələb olunur. Şəxs tərəfindən bu qaydaya riayət olunmadığı hallarda, həmin şəxsə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacı mövcud olmur. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə məktəbdə hərbi rəhbər vəzifəsinə təyin olunmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin 5-ci bəndinə əsasən hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan müəyyən olunur ki, hərbi rəhbər vəzifəsinə təyin edilmə ilə bağlı səlahiyyətli orqan qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi deyil, təhsil müəssisələri direktorları müəyyən edilmişdir. İddiaçının hərbi rəhbər vəzifəsinə təyin edilməsi ilə bağlı hazırkı cavabdeh tərəfindən razılıq verilməməsini (mənfi rəy) ifadə edən məktubla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən həmin məktub və ya məktubda ifadə olunan mövqe “İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçı üçün hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, qeyd olunan məktub (mövqe) hərbi rəhbər vəzifəsinə təyin edilmək üçün mütləq şərt kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə müvafiq səlahiyyət təhsil müəssisələrinin direktorlarına verilmişdir. Başqa sözlə, cavabdeh tərəfindən razılıq verilməməsini (mənfi rəy) ifadə edən məktub rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin mənfi və ya müsbət xarakter daşımasından asılı olmayaraq təhsil müəssisəsinin direktoru müvafiq əmr vermək səlahiyyətinə malikdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı müəyyən olunmur, başqa sözlə, iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhz bu baxımdan da hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1254/2022 nömrəli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-124/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-124/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver