Məhkəmə qərarları › İş №2-1(106)-124/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-124/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-124/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3258/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1985-1991-ci illər üzrə işlədiyi işin dövlət qulluğu kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 25 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-3258/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya həmin vəzifə daxil olmadığı üçün dövlət qulluğu hesab edilmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 aprel 1982-ci tarixdə Beyləqan rayonu X10 X6 İcraiyyə Komitəsində hərbi məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. 19 fevral 1985-ci il tarixdə həmin vəzifədən azad edilərək kənd Sovetinin katibi vəzifəsinə təyin edilmişdir. 21 dekabr 1991-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının X10i üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, 03 oktyabr 2012-ci il tarixdə vəzifədən azad olunmuşdur. Hazırda yaşa görə təqaüdə çıxmışdır. Yaşa görə pensiyaya çıxarkən 24 aprel 1982-ci il tarixindən 03 oktyabr 2012-ci ilədək çalışdığı vəzifə dövlət qulluqçu kimi nəzərə alınmamışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyul 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 133,50 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 66,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 148,33 manat olmaqla orta aylıq əmək haqqı 848,58 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 20 il 9 ay 12 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (848,58 manat) 67,25 faizi- 570,67 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı ümumi iş stajı 24 il 11 ay 9 gün (xx.xx.1980- xx.xx.1980-cı il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1985-ci il, xx.xx.1991- xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı isə 20 il 9 ay 12 gün (xx.xx.1991-xx.xx.2012-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda X10 X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının komitədəki 18 oktyabr 1991-ci il tarixədək əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin iş üzrə geniş və hərtərəfli araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. -8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X7, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X8 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X8, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları); 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). -“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1980xx.xx.2012-ci illərdə müxtəlif sahələrdə, o cümlədən xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Beyləqan rayonu X10 X6 İcraiyyə Komitəsində katib vəzifəsində işləməsi olması qeyd edilmişdir. -Azərbaycan Respublikası X5 xx.xx.2024-cü il tarixli, 9-3/2-1217/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1982-1985-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsində hərbi masa rəisi vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin bənddə kənd X1 icraiyyə komitəsində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1982- 1985-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsində hərbi masa rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1991-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının İ Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müdddətilə bağlı bildirilir ki, inzibati vəzifələrin təsnifatları və adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Həmin Topluda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsi dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1991-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının İ Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. -Azərbaycan Respublikası X5 xx.xx.2024-cü il tarixli, 9-3/2-2535/2024 nömrəli məktubunda göstərilmişdir ki, 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı 21 iyun 2024- cü il tarixli 2- 1(120)-3258/2024 nömrəli məktuba Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılsa da, kənd X3 icraiyyə komitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, Beyləqan Rayon İcra Hakimiyyətin xx.xx.2025-ci il tarixli 5-37/2-198/2025 saylı məktububda bildirilir ki, 1982- 1991-ci illərdə Beyləqan rayonu X10 X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşların vəzifə təlimatları barədə Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən son 5 ilin sənədləri istisna olmaqla digər qərar və sərəncamlar aidiyyəti üzrə dövlət arxivinə təhvil verilmişdir. Məlumat üçün bildirilir ki, Beyləqan rayonu kənd X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşlar səfərbərlik və çağırış funksiyalarının, ərazi icra nümayəndəliklərdə kargüzarlıq, təsərrüfatbaşına uçot və digər xidməti sənədlərin işlənməsi funksiyalarını həyata keçirmişdir. Hazırda həmin işlər inzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusu olan Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinləri tərəfindən həyata keçirilir. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsindəb işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmasından və həmin dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Birinci instansiya məhkəməsi X5 mövqeyinə əsaslanaraq, iddiaçının 1985-1991-ci illərdə Beyləqan rayonu X10 X3 İcrayə Komitəsində katib vəzifəsində işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almamış və bu zaman həmin vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kənd X6 İcraiyyə Komitəsinin katibi vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X6 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmaması anlamına gəlməməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, kənd X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşlar səfərbərlik və çağırış funksiyalarının, ərazi icra nümayəndəliklərdə kargüzarlıq, təsərrüfatbaşına uçot və digər xidməti sənədlərin işlənməsi funksiyalarını həyata keçirmişdir. Hazırda həmin işlər inzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusu olan Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinləri tərəfindən həyata keçirilir. Bu baxımdan iddiaçının fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, həmin qurumun təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış edərək, nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurum dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının 1985-1991-ci illərdə işlədiyi Beyləqan rayonu X10 X3 İcrayə Komitəsində katib vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayətlənmiş, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində lazımi həcmdə araşdırma aparmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3258/2024 nömrəli qərarı ləğv edilməklə, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci tarixədək Beyləqan rayon 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəsində işlədiyi dövr dövlət qulluğu kimi nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar