Məhkəmə qərarları › İş №2-1(106)-125/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-125/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-125/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-651/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********287800 saylı kommersiya qurumunun ləğvetmə ərizəsini qəbul edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.hüseynova) 25 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-651/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC təşkil edikdə təsisçilərin nizamnamə kapitalındakı paylar aşağıdakı kimi bölünmüşdür: X9 230.000.000 manat-nizamnamə kapitalının 33.3%-i, X5 230.690.690 manat nizamnamə kapitalının 33.4%-i, X10 230.000.000 manat-nizamnamə kapitalının 33.3%-i. Kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri X10 və X6 və X9 qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixlli təsisçilərinin ümumi yığıncağında təsisçilərdən X10 və X6 iştirak etmiş, lakin X9 iştirak etməmişdir. İştirak edən təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, ləğv prosesində olması və digər məsələlər barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. Cəmiyyət tərəfindən təsisçilərdən biri X4 ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın gündəliyi barədə rəsmi məlumat təqdim edilməmişdir. «A.İ.M» Vəkil Bürosunun vəkili X11 “Watsapp” proqramı vasitəsi ilə məktub göndərilmiş və «A.İ.M» Vəkil Bürosunun vəkili X12 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu elan edilmiş və yekun qərar qəbul edilmişdir. Həmçinin "xxxx" MMCnin Nizamnaməsinin 8.2-ci maddəsində Cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilməsi qeyd edilmiş və 8.3-cü maddəsində göstərilmişdir ki, müəyyən olunmuş qaydada borclar ödəndikdən sonra qalan vəsait nizamnamə fonduna qoyduqları paya mütənasib olaraq iştirakçılara verilir, (hesablarına köçürülür), yaxud onların müəyyən etdiyi fiziki və ya hüquqi şəxslərin sərəncamına verilir. Halbuki "xxxx" MMC Ümumi yığıncaq təşkil edərək, qanunvericlik tərəfindən müəyyən edilmiş normaları və öz Nizamnaməsinin müvafiq maddəsinə zidd olaraq, iki təsisçi tərəfindən verilmiş səs çoxluğu əsasında MMCnin ləğvi barədə qərar qəbul edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilərək müəssisənin ləğv edilməsi ilə bağlı müvafiq sənədlər vergi orqanına təqdim edilmişdir. Həmin müraciətinə imtina edilmiş, sənədlər və möhür geri qaytarılmışdır. Müəssisənin təsisçilərinin ümumi yığıncağının 21 noyabr 2022-ci il tarixdə keçirilməsi təyin edilmişdir. MMC-nin təsisçiləri isə aşağıdakılardır: X10; X6; X13. Yuxarıda göstərilən təsisçilərin hər biri 21 noyabr 2022-ci il tarixində keçirilmiş təsisçilərin iclasına dəvət edilmişdir. Həmin ümumi yığıncaqda X10 və X6 iştirak etmişdir. X1 iclasın yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmiş və bu barədə hər hansı bir məlumat verməmişdir. MMC tərəfindən X3 vəkili və nümayəndəsinə də məlumat verilmiş, lakin nümayəndə və vəkili olan Asif müəllim öz whatsap nömrəsi ilə müəssisənin bildirişini çatdırdığını və telefon vasitəsi ilə yeni təklif verdiyi halda, iclasda iştirakdan imtina etmişdir. MMC-nin nizamnaməsinə əsasən təsisçilər qismində yuxanda qeyd edilən 3 şəxs qeyd edilmişdir. MMC-nin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnamənin 7-ci bəndində Cəmiyyətin yenidən təşkili və ya ləğvi barədə qərarın qəbul edilməsi kimi hallar üzrə ümumi yığıcaq tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin ümumi yığıncaq üzrə tərəflərin iştirakınınn təmin edilməsi üçün tərəflərə bu barədə bildirşlər ünvanlanmış və həmin tarixdə göstərilən ünvanda yığıncağın iclası X10 və X2 iştirakı ilə həyata keçirilmişdir. MMC-nin keçirilmiş ümumi yığıncağında iştrak edən şəxslərin paylan həcmi toplamda 66.7% həcmində olduğu üçün ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilməlidir. Ümumi yığıncaqda tərəflər razılığa gələrək MMC-nin ləğv olunma prosesinin başlanılması barədə qərar qəbul etmişdir. Həmin qərarda direktor X7 direktor vəzifəsindən azad edilərək təsviyyəçi olaraq təyin edilməsi də qeyd edilmişdir. Həmin sözügedən qərar ümumi yığıcaqda iştirak edənlər tərəfindən imzlanmış və təsdiq edimiş, daha sonra isə bu barədə vergi orqanına müraciətlər edilmişdir. Lakin, vergi orqanı tərəfindən müraciətə imtina edilmiş və müvafiq sənədlər və möhür geri qaytarılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi barədə müraciətinə baxılaraq ərizənin icrasından imtina edilmiş və bu barədə cəmiyyətə xx.xx.2022-ci il tarixli **********507200 nömrəli məktubla məlumat verilmişdir. Mövcud qanunvericiliyə görə kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərar onun iştirakçıları tərəfindən qəbul edilir, iştirakçılar hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edir. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində aşağıdakı sənədləri qeydiyyat orqanına tədim etməlidir: -“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” ərizə; Ləğetmə barədə qərar; Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (kommersiya hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bütün kreditorların tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətini təsdiq edən sənəd); Hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd; Möhür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Eləcə də, cəmiyyətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 8.2-ci bəndində “cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülli Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Həmçinin vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 təsisçisinin olması barədə məlumatlar mövcuddur. Lakin cəmiyyətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş ləğv edilmə barədə müraciətinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolunda və qərarda 2 təsisçinin iştirakı və imza etmələri barədə məlumat mövcuddur. Qeyd olunanlara əsasən cəmiyyətin ləğvi barədə qərarın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə, habelə cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndinə uyğunluq təşkil etmədiyindən ərizənin icrasından imtina edilmişdir. 3-cü şəxs X3 iddiaya qarşı etiraz mülahizələri ondan ibarət olmuşdur ki, "xxxx" MMC xeyli zamandır məhkəmə vastəsi ilə MMC-ni ləğvinə çalışırmışdır. O, bu haqda internetdə verilmiş elanlardan xəbər tutmuşdur. Dəfələrlə müraciət edərək hesabatlarda yoxa çıxarılmış hesabatın xərc hissəsində qeyd edilməyən, bölüşdürülməmiş sərbəst mənfəətin ümumi yığıncaqda müzakirəsini, araşdırılmasını tələb etmişdir, lakin onlar bundan yayınıblar. 2016-cı ildə 6 saylı ƏVBİ-nə müraciət edərək, "xxxx" MMC-nin 2011- 2015-ci il fəaliyyət dövrünü əhatə edən bütün sənədləri əldə etmiş, orda vergidən yayınma və mənimsəmə faktlarını müəyyən etmişdir. Bu haqda onların özünə, Vergilər Nazirliyinə, 6 saylı ƏVBİ-nə xəbərdarlıq etmişdir və MMC fəaliyyətini dayandırdığı, son fəaliyyət ili olan 2016-cı ilin sənədlərini tələb etmişdir. 2011-ci ilin əvvəlinə bölüşdürülməmiş sərbəst mənfəət qalığı mexaniki surətdə 1.065.993,23 manat azaldılaraq, hesabatda 3.274.561 manat qeyd edilmişdir. Əldə etdiyi 2011-2015-cil illər üzrə sənədlərdən, bölüşdürülməmiş sərbəst mənfəəti illər üzrə, toplama yolu ilə müəyyən etmişdir ki, məzənnə fərqi çıxıldıqdan sonra (5 ildə) ümumi gəlir sətr 220: 31.250.353,19 manat olmuş, ümumi gəlirdən çıxılan xərc: 27.203.276,36 manat olmuşdur. Mənfəət Vergisinə cəlb edilən məbləğ sətr 237: 4.047.046,85 manat olmuş, Mənfəət Vergisi (20%) sətr 242: 809.409,37 manat olmuş, yekun olaraq bölüşdürülməmiş sərbəst mənfəət: 3.237.637,48 manat hesablanmışdır. Lakin bu mənfəətlər Mənfəət vergi bəyannaməsinin, Əlavə-1, hesabatında illər üzrə aşağıdakı kimi silinmişdir. 2011-ci ildə -11.402.99 manat: 2012-ci ildə - 114.239.5 manat: 2013-cü ildə - 2.248.323 manat: 2014-cü ildə - 3.314.152 manat xərcdə əksini tapmayan, bölüşdürülməyən, investisiyaya cəlb edilməyən təsisçilərə mənsub bölüşdürülməmiş sərbəst mənfəət vergiyə cəlb edilmədən silinmiş, vergi də buna göz yummuşdur. . Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Şikayətin dəlili kimi əsasən Mülki Məcəllənin 91.1-4-cü və 91.3-cü maddəsinin tələbləri şərh edilmiş, həmçinin Cəmiyyətin nizamnaməsində qeyd edilmiş hüquq və vəzifələrə istinad edilmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının vəkili və üçüncü şəxs işə iştirakları olmadan baxılmasına etiraz etməmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********287800 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsində, həmçinin digər müvafiq maddi və prosessual normalar normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: -59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; -59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; -59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; -59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə; -60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:ləğvetmə qərarı; ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -87-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. -91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İş materiallarında olan: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran Bölgə şöbəsi tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti reyestrdə qeydə alınmışdır, təsisçilər kimi X10, X6 və X9 qeyd edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncaq protokolundan və qərarından görünür ki, MMC-nin təsisçiləri X10 və X6 müraciət edərək müəsisənin fəaliyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını xahiş etmişdir. İştirak edən təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, müəssisənin ləğv etmə prosesinin başlanması, müvafiq məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********287800 saylı qərarıın məzmunundan görünür ki, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. "xxxx" MMC-nin ləğvi onun iştirakçılarının yekdil qərarı ilə olmamış, həmçinin qərar möhürlə təsdiq olunmamış, təsviyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. Şərh olunan sübutlara istinadən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı Cəmiyyət ləğvetmənin hüquqi proseduru və qaydalarını tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərinə riayət etmədən, xüsusilə də təsisçilərin yekdil iştirakı olmadan qəbul edilmiş qərarla aidiyyəti səlahiyyətli orqana (iş üzrə cavabdeh) müraciət etmiş, orqan tərəfindən əsaslandırılmış qərarla Cəmiyyətin ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən haqlı olaraq imtina edilmişdir. Odur ki, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-651/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar