Məhkəmə qərarları › İş №2-1(106)-127/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-127/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-127/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1 ilə, Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-3852/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmrin həqiqi hərbi xidmətə uyğun olmaması hissəsində ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin əmrinin həqiqi hərbi xidmətə uyğun olmaması hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 07 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3852/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının uzun müddətdir ki, mübahisəli əmrdən məlumatı vardır. Belə ki, inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli əmr ilə İddiaçı xidmətdən xaric edilmişdir və həmin əmr ona elan edilmişdir. Müddətin axımı inzibati qanunvericiliyə müvafiq olaraq həmin inzibati aktın elan edildiyi vaxtdan başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsində 2021-ci ilin noyabr ayında verilən hərbi biletlərin cədvəlindən görünür ki, iddiaçı şəxsən imza edərək xx.xx.2021-ci il tarixdə hərbi biletini almış və hərbi biletin verilməsi səbəbi kimi onun ehtiyata tərxis olunması göstərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin dekabr ayından hərbi komisarlıqda işə qəbul edilmiş və 2021-ci ilin noyabr ayınadək işləmişdir. İş fəaliyyəti dövründə qüsursuz xidmət etmiş, xidmətdə fəallığı ilə seçilməsinə görə medallarla təltif olunmuşdur. İş dövründə inzibati cəza almamışdır. Lakin 2021-ci ilin noyabr ayında əmrlə işdən azad edilərək ehtiyata buraxılmışdır. İddiaçı hərbi biletinin V.Xüsusi qeydlər bölməsində "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır." barədə qeyd yazılmışdır. Qeydə baxmayaraq müvafiq əmrin surəti ona təqdim edilməmişdir. Həmin vaxtdan indiyə kimi dəfələrlə SHXÇDX-ə müraciət etməsinə baxmayaraq barəsində olan əmrin surəti ona təqdim edilməmiş və göndərilməmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Onu da qeyd edir ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman Hərbi xidmət keçmə haqqında Əsasnamənin tələbləri də pozulmuşdur. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Cavabdehin iddiaya qarşı etiraz mülahizələri ümumən ondan ibarətdir ki, iddia qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Şikayətinin dəlilləri iddianın məzmunu ilə eynilik təşkil edir. Həmçinin şikayətdə buraxılmış müddətin bərpası barədə iddiaçı tərəfindən ərizə təqdim edildiyi, lakin birinci instansiya məhkəməsinin həmin ərizəyə münasibət bildirməməsi qeyd edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının ehtiyata buraxılması barədə əmr xx.xx.2021-ci tarixdə verilmiş, xx.xx.2021-ci il tarixdə isə hərbi bileti müvafiq siyahıya imza edilməklə ona təqdim edilmişdir. Bununda da iddiaçı cavabdehlə aralarında olan xidməti-hüquq münasibətlərinə həmin vaxtdan xitam verilməsini bilmiş, lakin həmin əmrinin mübahisələnirilməsi barədə iddianı xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də iddiaçı bu fürsətdən yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində müddətin bərpası barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etdiyini qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı və onun vəkili tərəfinən belə bir ərizə-vəsatət təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-3852/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar