Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-129/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X9 İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4180/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə (bundan sonra mətndə SHXÇÜDX Beyləqan rayon şöbəsi) qarşı iddia ərizəsi ilə oğlu X6 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair Şirvan İnzibati məhkəməsində iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırrmışdır ki, cavabdeh SHXÇÜDX Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə mərhum oğlu X6 şəhid statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli imtinası qanunsuz və əsassızdır. Belə ki, mərhum oğlu X1 Nazirliyinin N saylı hərbi hissəsinin Daşkəsən rayonu ərazisində yerləşən 3-cü taborun rabitə taqımının kabel-xətt manqasında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində döyüş mövqeyinin ərzaq anbarının yaxınlığında, həmin taqımın radio manqasının radiotelefonçusu kimi hərbi xidməti vəzifəsini yerinə yetirərkən atəş nəticəsində həlak olmuşdur. N saylı hərbi hissənin komandanlığı Gəncə Hərbi Prokurorluğuna verdiyi ilkin rəsmi məlumatda mərhum oğlu X4 düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması göstərilmişdir. Mərhum oğlu X4 Beyləqan rayon Aşıqalılar kəndində dəfni zamanı N saylı hərbi hissənin komandanlığı, əsgərlər, Beyləqan rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak etmiş və həmin şəxslər mərhum oğlu X4 hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olduğunu bildirmiş və şəhid atası kimi Azərbaycan bayrağı ona təqdim edilmişdir. Lakin SHXÇÜDX Beyləqan rayon şöbəsi əsassız bəhanələr gətirərək oğlu mərhum X6 şəhid statusu verməkdən əsassız olaraq imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4180/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının mərhum oğlu X1 Nazirliyinin N saylı hərbi hissəsinin Daşkəsən rayonu ərazisində yerləşən 3-cü taborunun rabitə taqımının kabel-xətt manqasında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində döyüş mövqeyinin ərzaq anbarının yaxınlığında, həmin taqımın radio manqasının radiotelefonçusu kimi hərbi xidməti vəzifəsini yerinə yetirərkən atəş nəticəsində həlak olmuşdur. N saylı hərbi hissənin komandanlığı Gəncə Hərbi Prokurorluğuna verdiyi ilkin rəsmi məlumatda mərhum oğlum X4 düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması göstərilmişdir. Mərhum oğlu X4 Beyləqan rayon Aşqallar kəndində dəfni zamanı N saylı hərbi hissənin komandanlığı, əsgərlər, Beyləqan rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak etmiş və həmin şəxslər mərhum oğlu X4 hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olduğunu bildirmiş və şəhid atası kimi Azərbaycan bayrağını ona təqdim etmişlər. Lakin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X12 rayon Şöbəsi əsassız bəhanələr gətirərək oğlu mərhum X6 şəhid statusu verməkdən əsassız olaraq imtina etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli 697 saylı Azərbaycan Respublikası qanununun 1-ci maddəsində (şəhid və şəhid ailəsi anlayışı) göstərilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göründüyi kimi oğlu xidmət etdiyi hərbi hissədə düşmən mövqeyi ilə üzbəüz postda öz döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Lakin məhkəmə bunu nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(120)-4180/2024 saylı qərarının ləğv edilməsini, oğlu X6 şəhid statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X12 rayon Şöbəsi üzrəinə bir vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, oğlu hərbi xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi əsassız olaraq oğluna şəhid statusu verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinin müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı,suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndində şəhid anlayışı aşağıdakı kimi qeyd olunmuşdur: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üüzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının övladına şəhidlik statusunun verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, şəhidlik statusunun verilməsi üçün Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərə verilir. İşin halları ilə və materiallarda olan 1-1(095)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmün surəti ilə müəyyən olunur ki, Adəm Nəsibov xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Daşkəsən rayonu ərazisində yerləşən 3-cü taborunun rabitə taqımının kabel-xətt manqasının xətt nəzarətçisi vəzifəsində, əsgər rütbəsində şərti olaraq “G-51” adlandırılan döyüş mövqeyində hərbi xidmətdə olarkən 10 mart 2023-cü il tarixdə, saat 09 radələrində döyüş mövqeyinin ərzaq anbarının yaxınlığında, döyüş növbətçiliyində olan həmin taqımın radio manqasının radiotelefonçusu, əsgər X10 ilə söhbət zamanı sonuncudan həmin manqanın radiotelefonçusu, əsgər X4 onun və sevdiyi qızın ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, əmin olmaq və səbəbini aydınlaşdırmaq üçün Elnur Məhərrəmovu yataqxanadan çölə çağırıb bu barədə onun özündən soruşmuş, Elnur Məhərrəmov onun və sevdiyi qızın ünvanına nalayiq ifadə işlətməsini təsdiq etdikdə hiddətlənərək qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün həmin vaxt yanlarında olan əsgər Ruhin Namazovun döyüş növbətçiliyinə daxil olarkən xidməti istifadə üçün götürdüyü və qəfil düşmən basqını olarsa çevik reaksiya verib dərhal atəş açmağa başlaya bilməsi üçün əvvəlcədən silahı doldurduğundan patron yuvasında 7,62 mm çaplı patron, qoruyucusu açıq olmaqla atəş açmağa hazır, silahı doldurduqdan sonra darağı ayırıb üzərindəki zirehli jiletin cibinə qoyduğundan daraqsız vəziyyətdə olan, kəmərindən boyun və çiyin nahiyəsindən lüləsi sağ ayağı boyunca aşağıya doğru istiqamətlənmiş şəkildə asdığı AKMS markalı, TE 5685 nömrəli, 7,62 mm çaplı avtomat silahı ondan almaq məqsədilə sol əli ilə silahın kəmərindən tutub yuxarıya doğru dartıb, sağ əli ilə də silahın gövdəsinin lüləsinə yaxın hissəsindən tutub yuxarı qaldırmış, Ruhin Namazov ona silahın içində döyüş patronu olduğunu və ehtiyyatlı olmasını ardıcıl olaraq iki dəfə deyib xəbərdar etdikdə silahın qoruyucusu açıq olmaqla artıq atəş açmaq üçün hazır olduğunu bilib silahı ondan almadan elə həmin vəziyyətdə atəş açıb Elnur Məhərrəmovu öldürmək məqsədi ilə üzü Ruhin Namazova tərəf olmaqla onun boynundan asılmış silahın lüləsini özünün sağ tərəfindən arxasında dayanmış Elnur Məhərrəmovun bədəninə istiqamətləndirib, Ruhin Namazov silahı onun əlindən almaq istədikdə mane olub həmin vəziyyətdə möhkəm tutub saxlayaraq, sol əlinin baş barmağı ilə tətiyi basıb lüləsi dirənmiş vəziyyətdə Elnur Məhərrəmovun qarın nahiyəsinə bir atəş açaraq ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən “giriş dəliyi qarının ön səthinin sol yarısında, çıxış dəliyi sağ sağrı nahiyəsinin yuxarı bayır kvadratında yerləşməklə, yara kanalı boyunca bağırsaq və müsaqirələrin, qarın aortasının zədələnmələri, kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan qarın və çanaq boşluğunun müştərək bir ədəd dəlib-keçən yarası” xəsarətini yetirmiş, Elnur Məhərrəmov hospitala təxliyyə edilərkən saat 14:40-da aldığı xəsarət nəticəsində bağırsaq və müsariqələrin, qarın aortasının zədələnməsi hesabına orqanizmin kəskin daxili və xarici qanitirməsi səbəbindən yolda ölmüş, bununla da Adəm Nəsibov qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, iddiaçının mərhum oğlu Elnur Məhərrəmov döyüş tapşırığı vəziyyətində deyil, əsgər yoldaşı tərəfindən qətlə yetirilmiş və hal tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4180/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-129/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-129/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver