Məhkəmə qərarları › İş №2-1(106)-13/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-13/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-13/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(120)-410/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 17 yanvar 2023-cü il tarixli, 2- 1(120)-410/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə bağlı ona 2004-ci tarixdən ikinci dərəcə əlillik verilmişdir. 2021-ci ilin yanvar ayından etibarən əlilliyi ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion- allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14.01,2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ- İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə. Yanaşı xəstəliklər H94*. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, -Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, -Miokardiodistrofiya. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, -Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayaraq bu günə qədər heç bir stasionar müalicə almamışdır” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, -Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Yanaşı xəstəliklər H94* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayarag stasionar müalicələr haqqında məlumat yoxdur .Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları və tez-tez ağır asmatik statusla. İV tip hiper həssaslıq. (Yüksək dozada inhalyasion kortikosteroid+əlavə dərman preparatlarının təyini zamanı müalicəyə qeyriadekvat cavab). Tənəffüs çatmamazlığı İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, 2022-ci ilin aprel ayında, yəni təxminən 8 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İİİ mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Bundan başqa, iddiaçının əlillik vəziyyəti ilk dəfə xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və xx.xx.2006-cı il tarixədək əlillik təyinatı aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Ancaq, vətəndaş növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra, xx.xx.2007-ci il tarixdə müraciət etmiş və əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilmişdir. Növbəti illərdə eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" xx.xx.2015-ci il tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (bundan sonra - Əsasnamə) 6.1 -ci bəndinə əsasən vətəndaşın əlillik müddəti Tibbi-Sosial Ekspertiza və X6 tərəfindən 5 il uzadılmışdır. Göründüyü kimi, əlillik müddəti ancaq 2007-2015-ci illər ərzində (8 il müddətinə) fasiləsiz davam etmiş, 2015-ci ildə isə vətəndaşın əlilliyi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı 10 il tamamlanmadan avtomatik qaydada 5 il müddətinə təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə kollegiyası tərəfindən icaata qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkülük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçıya əlillik təyinatından ilk dəfə xx.xx.2021-ci il tarixli qərarla imtina edilmiş, iddiaçı əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış, məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə isə bildirmişdir ki, sözügedən qərardan 5-6 ay sonra məlumatı olduğundan qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Qeyd olunur ki, iş materiallarında həmin qərarın iddiaçıya təqdim edilməsi və ya göndərilməsi barədə hər-hansı sübut mövcud deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş tibbi xarakterli və digər sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə ona xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə xx.xx.2007-ci il tarixdən eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə əlillik müddəti 5 il uzadılmışdır. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir. Bundan sonra, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə təkrar baxılmış, “xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Daha sonra, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə bir daha baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -X1 İnstitutu” Publik hüquqi şəxs tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında İddiaçı müayinəsi nəticəsində ona “J-45.8- Bronxial asma, qarşışıq forma nəzarət olunmayan. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuş və ambulator kartadan çıxarış verilmişdir. -Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, İddiaçı xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə “J-45.8-Qarışıq asma” diaqnozu ilə müraciət etmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçıya əlillik təyinatından imtina edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş bütün qərarlar, o cümlədən mübahisələndirilən qərar qəbul edilərəkən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Bununla yanaşı, iddiaçıya əlillik təyinatından əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina edilməsi ilə bağlı məhkəmə kollegiyası aşagıdakı normaların qeyd olunmasını zəruri hesab edir: -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanınrəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından, ona əlillik təyin edilməsi mümkün deyildir. Lakin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ixtisaslaşmış səhiyyə müəsisəsinin məktubu ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir. Başqa sözlə,cavabdehin istinad etdiyi hal ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə tətbiq oluna bilməz. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Həmçinin sənədlərdən görünür ki, iddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarla imtina edilmişdir. Yəni iddiaçı ilkin və sonrakı imtina qərarlarından şikayət verməmiş və hər dəfə yeni tibbi göndərişin təqdim edilməsi üçün müraciət etmiş, nəhayət sonuncu imtina qərarından sonra məhkəmədə iddia qaldırmışdır. Ona görə də məhkəmə araşdırmasının predmeti də həmin qərar olmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçıya ilkin imtina tarixindən əlilliyin təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi əlillik təyinatından imtina haqqında qərarların, o cümlədən xx.xx.2021-ci il tarixli qərarın qanuniliyinə qiymət vermədən, mübahisəyə yalnız müvafiq dövr üzrə əlillik vəziyyətində olma əsası ilə müddətsiz əlillik təyinatının zəruriliyi baxımından qiymət vermişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(120)-410/2023 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, İddiaçı həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar