Məhkəmə qərarları › İş №2-1(106)-131/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-131/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-131/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2567/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttinin kənara çıxarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında ona satılmış 60 kv.m torpaq sahəsinin üzərində "xxxx" MMC-yə məxsus 10 kv/t-lıq elektrik xəttinin kənara çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 07 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-2567/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ Astara Elektrik şəbəkəsi 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq Şəhər mərkəzi h/x-də obyektə tərəf 10 kV-luq 101 saylı dayaqdan 101/03 saylı dayağa qədər 10 kv-luq hava xətti və kabel xətti kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avandanlıqları TNDM Sovavto (Relax) obyektinə məxsusdur və elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət obyekt sahibi üzərindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh deyildir və iddiaçının tələbi "xxxx" (Relax) obyektinə qarşı yönəldilməlidir. "xxxx" inzibati orqan olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara bələdiyyəsindən 05 oktyabr 2007ci il tarixli 40 saylı qərarı ilə alqı-satqı yolu ilə 60 kv.metr ölçüdə iki mərtəbəli komersiya mağazası tikintisi üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəndinə 60 kv.metr ölçüdə iki mərtəbəli komersiya mağazası tikintisinə Astara rayon İcra Hakimiyyəti başçısı M.N Quliyevin 12 noyabr 2007-ci il tarixli 137 saylı sərəncamı ilə icazə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56 maddəsinə Torpaq sahəsi ona satılarkən orada elektrik və qaz xətti olmamışdır. Əgər bu hallar olsaydı cizgi planında ayrılmış torpaq sahəsi bələdiyyə tərəfindən satıla bilməzdi və həmin torpaq sahəsinin ona satılmasına Astara rayon Dövlət Torpaq və Xəritəçəkmə şöbəsi, Astara rayon icra Hakimiyyətinin memarlıq şöbəsi rəy verməzdilər. Bütün mötəbər sənədlərlə təsdiq olunur ki, yüksək gərginlik elektrik xətti və qaz sayğacları sonradan razılığı olmadan çəkilmişdir. Torpaq sahəsinə hüquqların Dövlət Reyestrində qeydə aldırmaq üçün 27 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin Ərazi İdarəsi torpaq sahəsinin yerləşdiyi ərazidən sonradan elektrik xətti çəkildiyindən imtina edilmişdir. Cavabdeh "xxxx" ASC-nin Astara şəbəkəsi sonradan özbaşınalıq edərək razılığı olmadan mülkiyyətində olan 60 kv.mter torpaq sahəsinin üzərindən elektrik xətti çəkmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: -Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarından görünür ki, Astara şəhəri, Nizami küçəsində, kateqoriyası yaşayış məntəqəsi, istifadə məqsədi sahibkarlıq, ümumi sahəsi 60 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ Astara Elektrik şəbəkəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubunda bildirilir ki, 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq Şəhər mərkəzi h/x-də obyektə tərəf 10 kV-luq 101 saylı dayaqdan 101/03 saylı dayağa qədər 10 kv-luq hava xətti və kabel xətti kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avandanlıqları TNDM Sovavto (Relax) obyektinə məxsusdur elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət obyekt sahibi üzərindədir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-14082/2024 saylı cavab məktubunda qeyd edilir ki, Astara şəhəri ərazisində X1 məxsus “Relax Beach” İstirahət və Turizm Mərkəzinə 2012-ci ilin yanvar ayında "xxxx" ASC tərəfindən verilmiş Texniki şərt təqdim edilməklə bildirilir ki, 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq şəhər mərkəzi hava xətti və kabel xətti, kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avadanlıqları "xxxx" (Relax) obyektinə məxsusdur. Məktuba əlavə edilmiş Texniki Şərtdən görünür ki, Astara şəhəri ərazisində yerləşən X1 məxsus “Relax Beach” İstirahət və Turizm Mərkəzinin güc artımı ilə əlaqədar elektrik təchizatının 110/35/10 kV-luq “Astara” YS-nın 10kV-luq PQ-da yuva quraşdırmaqla təmin olunmasına, aşağıdakı şərtlərin yerinə yetirilməsinə etiraz etmirlər:

2. Tələbatçının obyektinin qidalandırılması üçün görüləcək işlər: 2.1.Obyekt üçün ayrılmış sahədə yerləşən mövcud 10/0,4 kV-luq TY-da, layihə əsasında müvafiq yenidənqurma işləri aparmaqla, mövcud 25 kVA-lıq transformator demontaj olunaraq, əvəzinə girişdə müvafiq 10 kV-luq kommutasiya aparatları olan bağlı tipli 10/0,4 kV-luq 400 kVA gücündə yeni standart transformator YS (TY) quraşdırılmalıdır. 2.2. Obyektin 10/0,4 kV-luq 400 kVA-lıq TY-nun qidalandırılması üçün 110/35/10 kV-luq “Astara” YS-nın 10 kV-luq PQ-da obyekt üçün quraşdırılacaq yeni yuvadan obyektə qədər trası və en kəsiyi layihə ilə seçilmiş yeni 10kV-luq EVX çəkilməlidir. 2.3. Obyektin etibarlı elektrik təchizatı üçün layihə ilə obyektdə enerjisistemdən asılı olmayan elektrik enerjisi mənbəyinin quraşdırılması nəzərə alınmalıdır. Bu enerji mənbəyinin dövrəyə qoşulması qüvvədə olan Qaydaların texniki tələblərinə uyğun və "xxxx" MMC ilə razılaşdırılmış təlimata əsasən yerinə yetirilməlidir. Göründüyü kimi iddiaçının yerinin dəyişdirilməsini tələb etdiyi elektrik xətti sifarişçi “TNDM Sovato” (Relax) tərəfindən çəkilmişdir və həmin xəttin hər-hansı subyektin torpaq sahəsinin mühafizə zolağından çəkilməsi ilə bağlı, eyni zamanda xəttin yerinin dəyişdirilməsi ilə bağlı tələblər üzrə də sifarişçi cavabdehlik daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2567/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar